

Bu gün Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyasının inzibati sessiyası keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, sessiyada IOTA-nın 2024–2025-ci illəri əhatə edən dövr çərçivəsində görülən işlər, İcraiyyə Şurasının qərarları, strateji inkişaf tədbirləri, üzv administrasiyaların təşkilata dair tövsiyə və təşəbbüsləri müzakirə olunub. Sessiyada IOTA-nın Baş Katibliyi tərəfindən illik fəaliyyət hesabatı təqdim edilib, növbəti dövr üçün təşkilati və büdcə məsələləri nəzərdən keçirilib.
IOTA Prezidenti Orxan Nəzərli inzibati sessiyada çıxış edib. Bildirib ki, Azərbaycanın təşkilata Prezidentliyi dövründə təşkilatın institusional inkişafı, regional əməkdaşlığın gücləndirilməsi və innovativ vergi idarəçiliyi sahəsində bilik mübadiləsinin genişləndirilməsi əsas prioritetlər olub. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetirilib. Görülmüş işlər, yalnız bir dövrün yekunu deyil, həm də IOTA-nın gələcək institusional və maliyyə baxımından dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyıb. Orxan Nəzərli qeyd edib ki, Bakıda keçirilən Assambleya təşkilat üçün yeni imkanlar və daha güclü əməkdaşlıq yolları açacaq.
Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Orxan Nəzərli tərəfindən Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyə təqdim olunub.