Xorvatiyada miqrant qayığı batıb: 3 nəfər ölüb Dünya

Xorvatiyada miqrant qayığı batıb: 3 nəfər ölüb

Dekabrın 11-i səhər saatlarında Slavonski Brod yaxınlığında Sava çayında miqrantları daşıyan qayığın çevrilməsi nəticəsində 3 nəfər həyatını itirib. Hadisə paytaxt Zaqrebdən təxminən 200 kilometr cənub-şərqdə baş verib.

Xalqcebhesi.az xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, qayıq Bosniya və Herseqovina sahillərindən miqrantların Xorvatiya sahillərinə qanunsuz keçməsini asanlaşdırmaq üçün gecə saatlarında yola düşüb. Ancaq hələ də bəlli olmayan səbəblərdən qayıq çayda aşıb və 14 sərnişindən 3-ü həyatını itirib.

Qayığın aşması nəticəsində bir kişi dərhal ölüb, iki qadın isə daha sonra aldıqları xəsarətlərdən dünyasını dəyişib.

Səhər saat 5:00 radələrində polis, dağ axtarış-xilasetmə qrupları və yanğınsöndürmə xidmətinə xəbər verilib. Hadisə yerinə tez bir zamanda gələn qruplar 11 nəfəri sudan xilas ediblər. Xilas edilənlər arasında keçidi təşkil etmiş Bosniya vətəndaşı da var.

Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib, onların şəxsiyyəti müəyyən edilib. Qayıqda təşkilatçı, o cümlədən 12 Çin vətəndaşı və bir türk əsilli şəxs olduğu bildirilir. Xorvatiya polisinin bəyanatına görə, xilasetmə əməliyyatı bir neçə saat davam edib. Sağ qalan 11 nəfər hipotermiya diaqnozu ilə Slavonski Brod xəstəxanasına yerləşdirilib.

Məryəm Quliyeva