21:15
847
Ukraynanın Odessa Limanında Rusiya ordusu tərəfindən raketlə vurulduğu bildirilən Türkiyəyə aid yük gəmisində yanğın baş verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, yanan gəminin videogörüntüləri yerli KİV tərəfindən paylaşılıb.
Ukraynanın Odessa limanı istiqamətində hərəkətdə olan, mərkəzi Türkiyədə olan “Cenk Ro-Ro” şirkətinə aid, Panama bayrağı altında üzən “CENK T” adlı sərnişin və yük daşıyan gəminin “İskəndər” raketi ilə vurulduğu bildirilir.
Hadisə gəminin Çernomorsk limanına yanaşmasından sonra, yerli vaxtla saat 16:00 radələrində baş verib.
Raket zərbəsi nəticəsində gəminin göyərtəsində yanğın başlayıb. Lakin limanın yanğın xidməti və ekipajın operativ müdaxiləsi ilə alov nəzarətə götürülüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb. Gəmiyə maddi ziyan dəyib.
Şirkət hadisə ilə bağlı araşdırmanın davam etdiyini və rəsmi qurumlarla tam əməkdaşlıq etdiklərini açıqlayıb.