
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Azərbaycan xalqının tarixi yaddaşında dərin iz qoyan bu gün təkcə Azərbaycanda deyil, qardaş Özbəkistanda da böyük ehtiramla yad olunur.
12 dekabr tarixində Özbəkistanda Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvləri Daşkənd şəhərinin Mirabad rayonunda yerləşən Heydər Əliyev adına bağa gələrək Ümummilli Liderin büstünü ziyarət etdilər. Mərkəz üzvləri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək büstünün önünə gül dəstələri qoydular.
Bu anım mərasimi Azərbaycan–Özbəkistan dostluğunun, tarixi bağlarının və mənəvi birliyinin daha bir təzahürü kimi qəbul olundu.
Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının yaddaşında yalnız siyasi lider kimi deyil, həm də milli ideologiyanın formalaşdırıcısı, güclü dövlətçilik ənənələrinin qurucusu, sarsılmaz iradəyə malik dövlət başçısı kimi yaşayır. Onun rəhbərliyi ilə qəbul olunan strateji qərarlar Azərbaycanı zəiflik və qeyri-sabitlik dövründən çıxararaq inkişaf, sabitlik və tərəqqi yoluna gətirdi. Bu gün Azərbaycan Respublikası dünyada tanınan, sürətlə inkişaf edən, regional və qlobal proseslərdə mühüm rol oynayan dövlətlər sırasındadır. Bütün bu uğurların təməlində isə Heydər Əliyev siyasi irsi dayanır.
Özbəkistanda RAzMMM idarə heyətinin sədri Mobil Məmmədov deyib ki, Anım mərasimində çıxış edən RAzMMM rəhbərliyinin nümayəndələri qeyd etdilər ki, Heydər Əliyev yalnız Azərbaycan üçün deyil, həm də türk dünyası üçün böyük şəxsiyyət, dərin zəkası və siyasi uzaqgörənliyi ilə seçilən lider idi. Onun türk dövlətləri ilə, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişafına verdiyi töhfələr bu gün iki ölkə arasındakı qardaşlıq münasibətlərinin əsasını təşkil edir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən bu dostluq münasibətləri daha da möhkəmləndirilmiş, strateji tərəfdaşlıq ən yüksək səviyyəyə yüksəldilmişdir.
Bu gün Özbəkistanın müxtəlif bölgələrində Heydər Əliyevin adına parkların, mədəniyyət guşələrinin yaradılması, onun irsinin gənc nəslə çatdırılması Ulu Öndərə olan sevgi və hörmətin bariz nümunəsidir.
Özbəkistanda yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporu Heydər Əliyevin müəyyən etdiyi milli ideologiya və birliyə xidmət edən prinsip və dəyərləri yaşadır.
Respublikadakı Milli Mədəniyyət Mərkəzi daim Azərbaycan mədəniyyətinin, tarixinin, dilinin təbliği və iki xalq arasında dostluq körpülərinin qurulması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Anım mərasimi həm də diaspor nümayəndələrinin Ulu Öndərin siyasi irsinə sədaqətinin və Azərbaycan dövlətinə bağlılığının bir daha nümayişi oldu.
Cavid