
İran viran olur
18 İyun 23:23
Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
İsrail iyunun 13-dən İrana hava hücumu həyata keçirib. İran da adekvat cavab verməkdədir. Tərəflər arasında çoxlu sayda ölən və yaralanan var, daha çox İranda. İranın ona yaxın generalı, 300-ə yaxın dinc sakini, strateji nüvə obyektləri İsrailin bombalarının qurbanına çevrilib. İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrandakı məqsədlərini açıqlayıb. Netanyahu bu haqda keçirdiyi mətbuat konfransında deyib: “Biz nəticələr görmək istəyirik və bu, üç şey deməkdir: nüvə proqramını məhv etmək, İranı ballistik raketlər istehsal etmək qabiliyyətindən məhrum etmək və İranın “terror oxunu” aradan qaldırmaq”, - o bildirib.
Hazırda İsrail və İran arasında baş verən hava hücumları yalnız bu iki ölkəni əhatə edir.
Bəs əgər hücumlar daha da qızışarsa ən pis hansı ssenarilərlə üzləşə bilərik?
BBC-nin məlumatına görə, ilk ən pis ssenari Birləşmiş Ştatların müharibəyə qatılmasıdır.
Vaşinqtonun bütün təkziblərinə baxmayaraq, İran tərəfi inanır ki, İsrailin ölkəsinə qarşı hücumlarda Amerika qoşunlarının da əli var və İsrailə dəstək verir.
Buna görə də İran Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarını və diplomatik nümayəndəliklərini vura bilər.
O da qeyd edilib ki, İsrailin hücumların arxasında təkcə İranın nüvə proqramını məhv etmək planı dayanmır. Benyamin Netanyahunun daha geniş bir hədəfi var – Tehranda hakimiyyət dəyişikliyi.
Netanyahunun gözləntisi bu ola bilər ki, görünməmiş zərbələr ölkədə zərcirvari reaksiya yaradaraq İran İslam Respublikasını devirməyə aparan xaos yaradacaq.
İyunun 13-də o, axşam verdiyi bəyanatda belə deyib: "İran xalqının şeytani və zalım rejimdən azad olmaq üçün ayağa qalxaraq öz bayrağı və tarixi irsi ətrafında birləşməsinin vaxtı çatıb".
Bir çox iranlılar iqtisadi vəziyyətdən, söz azadlığının məhdudluğundan, qadınların və azlıqların haqları ilə bağlı şəraitdən narazıdır. İsrailin hücumu İran rəhbərliyi üçün real bir təhdidə çevrilib.
İranın digər liderləri də hədəfə çevrilə bilər.
İsrail hesab edir ki, bu hücumlar və ölümlər hakimiyyət daxilində qarışıqlıq yaradaraq xalq üsyanına yol aça bilər. Ən azı Netanyahu buna ümid edir. Təxminən 90 milyon əhalisi olan bir ölkədə baş verəcək hadisələr bütün Yaxın Şərqə ciddi təsir göstərə bilər.
İranın keçmiş vəliəhd şahzadəsi Reza Pəhləvi BBC-yə bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb.
Onun sözlərinə görə problemin kökü İrandakı dini hakimiyyətdir və məsələnin yeganə həlli də bu rejimin mövcudluğunun sona çatmasıdır.
Reza Pəhləvi hesab edir ki, İsrail-İran münaqişəsi İran xalqını ölkədəki rejimə qarşı mübarizə aparmaq üçün yenidən ruhlandırıb.
"Bu münaqişə İran rejimini zəiflədib. Çünki ordunun əsas şəxsləri arıtq məhv edilib. İran xalqı bu rejimi zəiflədən istənilən addımı alqışlayır. Bu, İran xalqı üçün bir imkandır ki, özlərini və ölkələrini rejimin əlindən xilas etsinlər", - Pəhləvi deyib.
Reza Pəhləvi İsrailin hücumları nəticəsində İranda dinc sakinlərin ölməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, baş verənlər üçün Iranin ali dini lideri Əli Xameneyi cavabdehlik daşıyır.
"İsrailin hücumunun məqsədi dinc sakinlərə zərər vermək deyil. Hücumların məqsədi İran rejimini neytrallaşdırmaqdır. İran xalqı uzun illərdir onların boğazlarını sıxan və nəfəs almağa imkan verməyən rejimdən xilas olmaq istəyir", - Reza Pəhləvi qeyd edib.
İran hakimiyyətinin Reza Pəhləvinin bu açıqlamasına şərhi məlum deyil.
İran Prezidenti Məsud Pezeşkian iyunun 16-da parlamentdəki çıxışında İran xalqını birliyə və mübarizəyə çağırıb.
Xatırladaq ki, Reza Pəhləvi İranın sonuncu şahı Məhəmməd Reza Pəhləvinin oğludur.
Atası 1979-cu il İranda baş vermiş İslam inqilabı nəticəsində taxtdan endirilib.
Daha sonra ölkədə dini dövlət yaradılıb. Həmin vaxtdan bəri mühacirətdə yaşayan Reza Pəhləvi İranın dini elitasına qarşı mübarizə aparır.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, İsrailin İrana qarşı hava hücumlarına başlaması və 200-dən artıq qırıcı təyyarə ilə İranın müxtəlif təyinatlı hədəflərinə (o cümlədən hərbi və nüvə obyektlərinə) zərbələr endirməsi gözlənilən idi. Çünki İranın sürətlə genişlənən nüvə proqramı ilə bağlı gərginlik gün-gündən artırdı. İran nüvə proqramından əl çəkmək fikrinin olmadığını açıq-aşkar nümayiş etdirirdi. Bu isə nəinki İsrail üçün, əslində bütün bölgə üçün potensial təhlükə mənbəyi demək idi. Ona görə də belə bir gərginlik fonunda İsrail Hərbi Hava Qüvvələri (HHQ) İranın paytaxtındakı bir neçə nüvə proqramını həyata keçirən vacib obyektlərinə zərbələr endirdi. Zərbələrin nəticələri isə artıq hər kəsə məlumdur.
İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Salami, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Feridun Abbasi nöqtə atəşi ilə məhv edilib. Eyni zamanda, Natanzda yerləşən əsas nüvə zənginləşdirmə obyekti ciddi zədələnib. Məhv edilən nüvə fizikləri İran üçün nüvə bombası üzərində işləyirdilər. Beləliklə, İsrailin sarsıdıcı hücumu nəticəsində İranın həm hərbi komandanlığı sıradan çıxarıldı, həm də nüvə proqramı ciddi zərbə aldı. Və bir daha məlum oldu ki, hamıya meydan oxuyan İran İslam Respublikasının paytaxtı hava hücumlarından müdafiə olunmaq imkanlarından tamamən məhrumdur: “İranın ən önəmli hərbi rəhbərlərinin və nüvə alimlərinin bir-bir yataqlarındaca öldürülməsi, hava hücumlarından müdafiə sisteminin və hətta elementar hava həyəcan siqnalının belə işə düşməməsi kimi faktlar onu göstərir ki, İranın “hərbi qüdrəti” üfürülmüş şar effektindən başqa bir şey deyilmiş. Bu mənada, İsrailin son hücumları İranın təkcə hərbi komandanlığını və nüvə alimlərini məhv etmədi, həm də İranın imicini darmadağın etdi, onun nüfuzuna ağır zərbə vurdu. Bu zərbədən sonra fars-molla rejiminin rəhbəri Seyid Əli Xamenei hər nə qədər İsraildən qisas alınacağını bəyan etsə də, lakin nüvə zənginləşdirmə proqramının ürəyinə endirilən zərbədən sonra İran İsrail Respublikasının yenidən özünü toparlaması qeyri-mümkündür. Düşünün ki, bir ölkənin hərbi rəhbərliyi özünün və nüvə alimlərinin təhlükəsizliyini qoruya bilmirsə, bütövlükdə İranın müdafiəsinin necə bərbad səviyyədə olduğu tam olaraq üzə çıxır”.
O, qeyd edib ki, İranın bu cür ağır zərbə alması həm Yaxın Şərqdə gərginliyin azalmasına, həm də Cənubi Qafqazda geosiyasi proseslərin normal məcraya dönməsinə zəmin yarada bilər. Zəngəzur dəhlizinin açılmasına hər vasitə ilə mane olmağa çalışan rəsmi Tehranın mövqeyində ciddi şəkildə yumşalmanın baş verəcəyi gözləniləndir. İranın zəifləməsi Ermənistan və Rusiya istisna olmaqla, hamının maraqlarına cavab verir. Lakin eyni zamanda, İranda yaşayan 40 milyona yaxın soydaşımızın taleyi də bizi ciddi şəkildə düşündürür. Molla rejiminin nüvə proqramından əl çəkmək istəməməsi Güney Azərbaycandakı soydaşlarımızı da potensial zərbə hədəfinə çevirir: “Təsadüfi deyil ki, İsrailin ötən gecə Güney Azərbaycanda 10 məntəqəyə endirdiyi zərbələr nəticəsində Təbriz şəhərində 3 nəfər həlak olub. Bu baxımdan, rəsmi Bakının İsrail tərəfindən İran ərazilərinə qarşı həyata keçirilən son hücumdan narahatlığını bildirməsi anlaşılandır. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb. Ümid edək ki, Tehran və Təl-Əviv Bakının bu çağırışına müsbət reaksiya verəcək. Bu arada molla rejimi də bundan sonra ritorikasını dəyişməli, davakar və destruktiv siyasətinə son qoymalıdır. Həmçinin, nüvə proqramı da dayandırılmalıdır. Mollalar başa düşməlidirlər ki, dinc siyasət yürütmək həm İranın, həm də bölgə ölkələrinin maraqlarına tam cavab verir”.
Tramp İsrail-İran hücumlarına qoşulmağı "nəzərdən keçirir"
İsrail bildirir ki, gecə hücumlarında Tehrandakı uranı zənginləşdirən texniki avadanlığın olduğu obyekti və silah obyektlərini vurub.
İran da öz növbəsində İsrailə hücum etdiyini bildirib.
Gecəboyu hava həyəcanı iki dəfə verilib, lakin İranın hücumlarının miqyası azalıb, BBC-nin bölgədəki müxbiri Hugo Bachega yazır.
Tramp İsrailin İranın nüvə obyektlərini hədəf alan hücumlarına qoşulmağı düşünür, BBC-nin ABŞ-dakı partnyoru CBS News xəbər verir.
İranın ali dini lideri Ayətullah Əli Xamenei İsraillə heç vaxt güzəştə getməyəcəyini və "mərhəmət göstərməyəcəyini" deyib.
Bu arada bu mesaj Böyük Yeddiliyin diplomatlarını Trampın bundan sonra nə edəcəyini anlamaq cəhdiylə baş-başa buraxıb, James Landale yazır.
Bu məğlubiyyətin fonunda Xamenei İranın İsrailə heç vaxt güzəştə getməyəcəyini bildirib. O, "biz sionistlərə mərhəmət göstərməyəcəyik" deyib.
Avropa bölünüb. Fransa hakimiyyət dəyişikliyi cəhdinə təkan verməyəcəyini bildirərkən, Almaniya İsrailə bu "qara işi" gördüyüyü üçün minnətdardır.
ABŞ Prezidenti Donald Tramp tərəf olmağı və İsrailin İrana hücumlarına qoşulmağı düşünür. O, çərşənbə axşamı günü milli təhlükəsizlik komandası ilə təxminən 90 dəqiqəlik görüş keçirib.
ABŞ üçün əsas hədəf İranın Fordo nüvə obyektidir. Bu, yerin dərinliklərindədir və yalnız amerikalıların bunkeri vura biləcək bombaları var, təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner yazır.
Trampın məsləhətçiləri bu addımla bağlı fərqli fikirdədirlər, təhlilçilərə görə, bu, münaqişəni "tamamilə dəyişdirəcək".
Son üç gündə qırıcı və bombardmançı təyyarələrə yanacaq doldurmaqda istifadə edilən ABŞ-ın azı 30 hərbi tanker təyyarəsi Avropaya göndərilib.
İran münaqişə başlayandan bəri İsrailə cavab zərbələrini davam etdirir - bir gecədə Tehran Təl-Əvivə Fəttah-1 hipersəs raketi atdığı deyilir.
Trampın açıqlamasından sonra Ağ Evdə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.
Donald Tramp deyib ki, onlar İranın ali lideri Əli Xameneinin harda "gizləndiyini dəqiq bilirlər".
O, sosial media hesabında yazıb: "O, asan hədəfdir, amma orada təhlükəsizdir. Biz onu aradan götürməyəcəyik, ən azı hələlik".
Tramp əlavə edib: "Amma biz istəmirik ki, mülki vətəndaşlara və ya amerikalı əsgərlərə raket atılsın. Səbrimiz tükənmək üzrədir. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür edirik!"
ABŞ prezidentindən ard-arda üçüncü paylaşım gəlib. Bu dəfə o, böyük hərflə yazıb: "Qeyd-şərtsiz təslim!"
Bir neçə dəqiqə əvvəl isə o yazıb: "İran səmasında tam və qəti nəzarət bizdədir".
Fransa Prezidenti Emmanuel Makron isə G7-də deyib ki, İranda hakimiyyət dəyişikliyinin hərbi yolla həyata keçirilməsi böyük bir səhv olar.
Makron deyib ki, bu, "xaosa" səbəb olar və ölkələrin İranın nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmalı olduğunu düşünür.
"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları bütün tərəfləri yenidən danışıqlar masasına toplamalıdır," – deyə o bildirib.
Britaniya baş naziri Keir Starmer BBC müxbiri Chris Mason-un "İranda xalqın hökuməti devirməsini alqışlayarmı?" sualına belə cavab verib: "Mən İrandakı rejimi dəstəkləmirəm. Britaniya baş naziri kimi insanları öz ölkələrində nə edə biləcəkləri ilə bağlı həvəsləndirmək mənim işim deyil. Mənim tam diqqətim gərginliyinin azaldılmasındadır", deyə Baş nazir Starmer cavab verib.
Cavid