Dövlət film çəkilişinə verdiyi pulun xərclənməsinə nəzarət edəcək İqtisadiyyat

Dövlət film çəkilişinə verdiyi pulun xərclənməsinə nəzarət edəcək

Hesablama Palatası Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərlə bağlı Nazirlər Kabinetinə təkliflər təqdim edib.
APA-nın məlumatına görə, Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, kino sənətində bədii, sənədli və cizgi filmlərinin istehsalına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi mütəmadi olaraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsindən gözlənilən əsas nəticələrdən biri kinonun normativ-hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsidir. Dövlət Proqramında normativ-hüquqi və iqtisadi bazanın təkmilləşdirilməsi, başqa sözlə yeni qanunvericilik aktlarının yaradılması üzrə icra müddəti 2008-2009-cu illər müəyyən edildiyi halda, hazırda bu sahə yalnız Nazirlər Kabinetinin 11 may 2004-cü il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları" ilə tənzimlənir. Hesablama Palatası qeyd edib ki, hazırda kinofilmlərin istehsalı zamanı ədəbi ssenarilərin yazılması və orijinal musiqinin bəstələnməsinə görə ödənilən müəllif qonorarının, quruluşçu heyətə və çəkiliş qrupuna ödənilən əmək haqqının qeyd olunan Qaydaların tələbləri ilə uyğunsuz təşkil etməsi, bu Qaydalarda xaricdən cəlb olunmuş kino mütəxəssislərinin (rejissor, operator və s.) əməyinin ödənilməsinin tənzimlənməsi məsələsinin nəzərdə tutulmaması, dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən edilməməsi və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və ümumiyyətlə, kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, xərclərin uçotunun düzgün qurulmasına mənfi təsir göstərir. Bunları nəzərə alaraq, Hesablama Palatası kinoya dövlət qayğısının prioritet istiqamətlərinin müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsini vacib şərtlərdən biri kimi qəbul etməklə yanaşı, Nazirlər Kabinetinə bir neçə təklif təqdim edib. Hesablama Palatası dövlət sifarişi ilə çəkiləcək filmlərin seçilməsi meyarlarının müəyyən edilməsi və maliyyələşdirmə qaydalarının təsdiq edilməsini, bütün növ filmlərin (bədii, sənədli, cizgi) ssenariləri üzrə standartların (səhifənin sayı, mətnin formatı və s.) müəyyən edilməsini, filmlərin smeta xərclərinin tərtibini, xərclərin siyahısının təsdiqi və ona nəzarət mexanizminin yaradılmasını təklif edib. Hesablama Palatası filmlərin keyfiyyətinin artırılması və stimullaşdırılması məqsədilə filmlərin dövlət büdcəsindən tam maliyyələşdirmə sistemindən imtina edib, birgə və ya qismən maliyyələşdirmə formasına keçirilməsini də zəruri sayıb. Eyni zamanda Hesablama Palatası "Kino haqqında" qanuna müştərək filmlərin çəkilməsi və xarici mütəxəssislərin yerli film istehsalına cəlb edilməsi ilə bağlı yeni müddəaların daxil edilməsini zəruri hesab edir.