Fermerə dəstək, aqrar sektorda artım və bahalaşan ərzaq İqtisadiyyat

Fermerə dəstək, aqrar sektorda artım və bahalaşan ərzaq

Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm sahələrindən biridir. Ölkə iqtisadiyyatının 6-7%-ni əhatə edən aqrar sektor həm ərzaq təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Buna görə də, dövlət kənd təsərrüfatının davamlı inkişafına dəstək göstərir. Bu, bütün dünyada belədir, əks halda dünyada şəhərləşməsinin vüsət aldığı bir dövrdə kəndlinin təsərrüfata, əkib-biçməyə marağı daha da azala bilər. Həm də aqrar sektor olduqca riskli bir sahədir. Bununla belə müsbət haldır ki, Azərbaycanda hətta pandemiya dövründə belə kənd təsrrüfatında artım meyilləri müşahidə olunur. Belə ki, 2015-ci ildə ölkədə 5,6 milyard manatlıq KT məhsulu istehsal edilmişdisə, sonrakı illərdə artaraq 2020-ci ildə 8,4 milyard manata yüksəlmişdir. Bunun da 4,4 milyard manatı heyvandarlıq (2015-ci ildə 2,874 milyard), 4 milyard manatı bitkiçilik məhsullarının (2015-ci ildə 2,761 milyard) payına düşür.

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021-2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159500 fermerə ümumilikdə 61,836 milyon manat subsidiya ödənişi həyata keçirilib. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə fermerlərə 210 manat subsidiya ödənilir. Bu subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edir. Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib. Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində, fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını təmin edir.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur. AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də həyata keçirilib. EKTİS üzərindən 4993 fermerin kartına ümumilikdə 499300 manat subsidiya köçürülüb.

Taxil əkinlərinə görə verilən subsidiya qaydalarında dəyişiklik edilmişdir, Belə ki, buğda və arpanın 20 hektara qədər olan hissəsinin hər hektarına 240 manat, 20 hektardan yuxarı olan hissəsi üçün 180 manat əkin subsidiyası ödənilirdisə, bu ildən bu məbləğ fərqləndirmə aparılmadan 210 manat təşkil edir. Göründüyü kimi əkin sahəsi 20 hektardan az olan fermerlər hər hektara görə 30 manat az subsidiya alacaqlar, dəyişiklik əkin sahəsi 40 hektardan çox olan fermerlərə fayda gətirəcək.

ARDSK-nın məlumatlara əsasən, 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 faiz, neft-qaz sektorunda isə 1,8 faiz artmışdır. ÜDM istehsalının 42,5 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olmuşdur. 2021-ci ildə ölkədə 5,479 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

2021-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8612,1 milyon manat təşkil etmişdir ki, onun da 4232,6 milyon manatı heyvandarlıq, 4379,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,8 faiz artmışdır.

2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1885,4 min ton buğda yığılmışdır. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil etmişdir. Dekabrın 1-nə kimi sahələrdən 1039,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox kartof, 1789,3 min ton (6,6 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1193,0 min ton (6,4 faiz çox) meyvə və giləmeyvə, 205,0 min ton (1,7 faiz çox) üzüm, 1175,4 ton (26,2 faiz çox) yaşıl çay yarpağı, 187,4 min ton (22,8 faiz az) şəkər çuğunduru, 271,8 min ton (17,2 faiz az) pambıq, 25,7 min ton (4,0 faiz çox) günəbaxan və 6,4 min ton (2,1 faiz az) tütün yığılmışdır. Təsərrüfatlarda 2022-ci ilin məhsulu üçün 859,1 min hektar sahədə dən üçün payızlıqlar səpilmişdir. Ondan 509,1 min hektarı buğda, 349,8 min hektarı arpa və 0,2 min hektarı çovdar təşkil edir.

2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton, süd istehsalı 1,4 faiz artaraq 1999,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,0 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1687,3 milyon ədəd olmuşdur.

Təsəvvür edin ki, dövlətin aqrar sektora bu qədər dəstəyi fonunda ölkədə KT-da artım qeydə alınsa da, qida və ərzaq da bahalşır. Əgər dövlət dəstəyi olmasa qiymətlər daha yüksək ola bilər. KT-nın inkişafı həm də dünyada ərzağın bahalaşdığı bir zamanda çox vacibdir. 2022-ci il dünyada post-pandemiya dövrü kimi gözlənilsə də tələbin artması ilə yanaşı, buğda, qida məhsulları və digər zəruri məhsulların istehsalının azalması fonunda qiymət artımı baş verəcək. 2022-ci ildə həm dünya, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi artım proqnozlaşdırılsa da, yanacağın və gübrənin bahalaşması, iqlim dəyişiklikləri, məhsuldarlığın aşağı düşməsi, dünyada ərzağa olan tələbin artması aqrar sektora ciddi mənfi təsir göstərən amillər olaraq qalır. Dünya bazarında bahalaşmanın mənfi təsirlərini Azərbaycan da ötən ildən hiss edir, idxal məhsulları bahalaşdı. Çünki daxili bazarımız bir sıra məhsullar üzrə idxaldan asılıdır.

Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlətlər tədbiq etməsi, ixrac rüsümlarını artırması, ixracatçı ölkələrin daxili ərzq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara təlabatın artması kimi amillərdir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi 2021-ci ildə 10 illik maksimuma çatıb. 2021-ci ilin sonunda FAO-nun Ərzaq Qiymətləri İndeksinin orta dəyəri 125,7 bənd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 28,1 faiz çoxdur. 2021-ci ildə dünya bazarında taxılın qiyməti 27,2%, qarğıdalının 44,1 faiz, buğdanın 31,3 faiz artıb, düyü isə 4 ucuzlaşıb. Habelə ət 12,7%, süd məhsulları 17%, bitki yağları 65,8%, şəkər 29,8% bahalaşıb. Göründüyü ki, pandemiya dünya bazarında bahalaşmaya səbəb ola biləcək arzu olunmaz şərait yaradıb. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir.

Amma bütün bunlarla yanaşı bir qism fermerlər hələ də subsidiyalardan yararlana bilmirlər. Mülkiyyət huquqlarını təsdiq edən sənədləri olmayanlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməyənlər, torpağı icarəyə götürənlər, əkin bəyanlarını vaxtında təqdim etməyən, eləcə də əkin bəyanları ilə tədarük qəbzləri arasında uyğunsuzluq olan fermerlər subsidiya ala bilmirlər.

Mahir Həmzəoğlu