“ Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsidir” Müsahibə

“ Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsidir”

Aycigit Buranov : "Qırğızıstan münaqişənin siyasi yolla həllini dəstəkləyir"

Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik



- Azərbaycanla Qırğızıstan arasında münasibətlərin hazırki durumunu necə qiymətləndirirsiniz?

- İlk növbədə mən Qırğızıstan prezidenti Almazbek Atambayevlə Azərbaycan prezidenti İlham Əliyev arasında Qırğızıstan prezidentinin 2012-ci il 29-31 mart tarixlərində Azərbaycana səfəri zamanı bir daha təsbit olunmuş münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmək istərdim. Qırğızıstan-Azərbaycan münasibətləri qardaşlıq münasibətləri kimi xarakterizə olunur və bu münasibətlər 1997-ci il 23 aprel tarixində Bakıda imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsinə əsaslanıb. Qırğızıstanla Azərbaycan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü il tarixində qurulub. Bişkekdə Azərbaycan səfirliyinin rəsmi açılışı isə 28 dekabr 2007-ci il tarixdə baş tutub. Qırğızıstan prezidenti Almazbek Atambayevin 2012-ci il Bakı səfəri zamanı əldə olunan razılaşmaya uyğun olaraq Qırğızıstanın Azərbaycanda diplomatik missiyası, bir qədər sonra isə səfirliyi təsis edilib.
İki türk ölkəsi arasında dərin tarixi, mədəni və dil köklərinə malik etimad münasibətləri Qırğızıstan-Azərbaycan əməkdaşlığının bütün sahələrində öz əksini tapır. 2012-ci ilin avqustundan etibarən iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün aktiv işlər görülüb. Qırğızıstanın dövlət, parlament, idarə və ictimai təşkilatlarından nümayəndə heyətləri Bakı, Qəbələ, Naxçıvana səfərlər edib. Öz növbəsində Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi, fövqəladə hallar, müdafiə, mədəniyyət və turizm, gənclər və idman, təhsil nazirliklərinin xətti ilə yüksək səviyyəli rəsmi nümayəndə heyətləri Qırğızıstana səfər edib, müxtəlif tədbirlərdə iştirak ediblər. 2014-cü ilin oktyabrında Azərbaycan rəhbərliyinin köməkliyi ilə Bişkeklə Bakı arasında birbaşa hava yolu açılıb. Müstəqillik illəri ərzində iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini əhatə edən 52-dən çox müqavilə və razılaşma əldə olunub.

- Qırğızıstanla Azərbaycan arasında iqtisadi münasibətlər hansı səviyyədədir?

- Qırğızıstan-Azərbaycan münasibətlərinin gələcək inkişafı və dərinləşməsinin əsas istiqamətlərindən biri kifayət qədər potensiala malik iqtisadi əməkdaşlığın diversifikasiyasıdır. Qırğızıstan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 2013-cü ilin yanvar-oktyabr aylarında 12,9 milyon dollar təşkil edib. Azərbaycana ixrac 3,4 milyon, idxal isə 9,5 milyon dollar olub. Təhlil göstərir ki, 2014-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi Qırğızıstan şəkərinin, zeytun və günəbaxan yağının, bitki yağlarının hesabına 25,8 milyon dollaradək artıb. Azərbaycan tərəfinin hesabatına əsasən isə iki ölkə arasında ticarət dövriyyəsi 2015-ci ilin ilk 4 ayı ərzində 18,5 milyon dollar olub. Azərbaycana ixrac 4,4 milyon, Qırğızıstana ixrac 14,1 milyon dollar təşkil edib. İki ölkə arasında ticarət-iqtisadiyyat, elmi-texniki, humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iki iclası baş tutub. Qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan arasında xarici ticarət dövriyyəsinin hazırkı vəziyyəti, investisiya və iqtisadi əlaqələr iki ölkə arasındakı münasibətləri real imkanlarına cavab vermir.

- Qırğızıstan və Azərbaycanı birləşdirən ən böyük dəyərlərdən biri türk köklərinin olmasıdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində əlaqələr nə yerdədir? Yeni ölkələrin cəlb olunması və layihələrin həyata keçirilməsi istiqamətində hansı işlər görülür?

- Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstanda hər ikisi müstəqilliklərini elan etdikdən sonra BMT, MDB, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq edir. Son illər iki ölkə arasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, qurumun Ağsaqqallar Şurası, TürkPA, Türksoy, Türk akademiyası və türkdilli ölkələrin yeni mədəni irs Fondu çərçivəsində səmərəli əməkdaşlığın fəallığı müşahidə olunur. İki ölkə prezidentinin türkdilli ölkələrin Qəbələdə, Bodrumda, Astanada keçirilən sammitləri zamanı görüşləri baş tutub və bu görüşlər türkdilli ölkələrin əməkdaşlığının, o cümlədən Qırğızıstan- Azərbaycan münasibətlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Ağsaqqallar Şurasının 9-cu iclası 6-7 avqust tarixlərində Qəbələdə baş tutub. Görüşün yekunu olaraq bəzi tövsiyələr qəbul olunub. Bu tövsiyələrə 11 sentyabr tarixində Astanada Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlət başçılarının iştirakı ilə Əməkdaşlıq Şurasının sammitində baxılacaq və onlar təsdiqlənəcək.

- Qırğızıstanın Dağlıq Qarabağın münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllini dəstəkləyir. Qırğızıstan diplomatik münasibət qurduğu hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi prinsiplərinə tərəfdardır. Azərbaycana dəstək məqsədilə 1993-cü ildə Qırğızıstan BMTTəhlükəsizlik Şurasının 4 qətnaməsinin lehinə səs verib. Qırğızıstan Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi hesab edərək münaqişənin həllinə töhfə verib. 1994-cü ilin aprel ayında Qırğızıstan, Rusiya və MDB Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə Azərbaycan və Ermənistan parlament rəhbərlərinin görüşü keçirilib və nəticədə tərəflər arasında atəşkəsin elan olunması barədə razılıq əldə olunub. İmzalanmış sənəd sonra Bişkek protokolu adlandırılıb. 2004-cü il BMT Baş Assambleyasının iclası zamanı QırğızıstanDağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyib. Qırğızıstan BMT Baş Assambleyasının gündəliyinə bu məsələ ilə bağlı yeni maddənin daxil edilməsinə tərəfdar çıxıb. Maddə baş Assambleyanın 29 oktyabrı 2004-cü tarixli iclasında təqdim olunub.

- Bu il yüksək səviyyəli səfərlərin baş tutacağı gözlənilirmi?

- Hazırda Qırğızıstan tərəfi diplomatik yollarla Azərbaycan prezidenti İlham Əliyevin Bişkekə cavab səfərinin hazırlığı ilə bağlı məsləhətləşmələr aparır. Eyni zamanda Qırğızıstan tərəfi Milli Məclis sədri Oqtay Əsədov və xarici işlər naziriElmar Məmmədyarovun Bişkekə cavab səfəri etmələri ilə üçün dəvət göndərib. Hazırda Azərbaycan tərəfi bu məsələni nəzərdən keçirir.