Yeni metro stansiyaları tikiləcək Müsahibə

Yeni metro stansiyaları tikiləcək

Nəsimi Paşayev: "Bəzi layihələr dayandırılıb, daha prioritet layihələrə üstünlük verilib"

8 noyabr - Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür. Peşə bayramı ərəfəsində "APA-Economics" "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ilə geniş müsahibə edib.

- Statistik göstəricilərə nəzər saldıqda məlum olur ki, metroda sərnişindaşımanın həcmi azalma dinamikası nümayiş etdirir. Bunun səbəbi nədir?
- Azalmanın səbəbi bizdən asılı deyil. Bakı metrosu əvvəlki illərdə necə xidmət göstəribsə, hal-hazırda da eyni xidmət göstərir. Hətta bu il aprel ayında bənövşəyi xətt üzrə "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının açılışı olub. Sumqayıt, Biləcəri və ətraf ərazilərdən gələn insanlar "Avtovağzal" stansiyasından istifadə edir. Yəni normal halda metrodan istifadə edən sərnişinlərin sayı artmalıdır. Bir daha təkrar edirəm ki, azalmanın səbəbi bizdən asılı deyil.
- Bakıda yerüstü metronun tikintisi nəzərdə tutulubmu?
- Hazırda bizdə yerüstü metronun tikintisi nəzərdə tutulmayıb. Bilirsiniz ki, 2011-ci ildə ölkə başçısının imzaladığı sərəncama əsasən metronun konseptual inkişaf sxemi var. Əsas prioritet istiqamətimiz orada qeyd edilib. Konseptual inkişaf sxemində nəzərdə tutulan əlavə xətlər və əlavə stansiyalar hesabına hamısı yeraltıdır. Yalnız "Bakmil" stansiyası yerüstüdür.
- "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi dəyişdikdən sonra metro parkının yenilənməsinə başlandı. Yenilənmə prosesi davam edəcəkmi?
- Hazırkı parkımız müvafiq tələblərə cavab verir. Sual verə bilərsiniz ki, söhbət hansı tələblərdən gedir? Təbii ki, qatarlarımız komfort baxımından əlverişli deyil, kondisioner sistemi yoxdur. Amma istifadə olunan heç bir qatarın istismar müddəti başa çatmayıb. İstismar müddəti başa çatmayan qatarı əvəz etmək çətin məsələdir. Amma yaxın bir neçə ildən sonra artıq bəzi qatarlar var ki, onlar istismar müddətini başa vuracaq. Həmin müddətdən etibarən biz parkımızın yenilənməsini davam etdirəcəyik. Ardıcıl olaraq, ilbəil bizim istismar müddətini başa vurmuş qatarları istismardan çıxaracağıq və yeniləri ilə əvəzləyəcəyik. Təbii ki, bu qatarlar indikilərdən fərqlənməlidir. Komfortlu, təhlükəsiz, eyni zamanda sərnişinlərimizin tələbi olan kondisionerli qatarlarla əvəz olunacaq.
- Fransanın "Thales SA" şirkətinin "28 May" stansiyasının təmiri ilə bağlı planı var idi. Deyəsən, işə başlamadan dayandırmaq qərarına gəldiniz.
- Bəli, iqtisadi durumla əlaqədar biz işlərə başlamadan dayandırmaq məcburiyyətində qaldıq. Hazırda daha prioritet layihələrin icra olunmasına qərar verdik. Məsələn, sərnişin sıxlığı çox olduğu üçün qərara gəldik ki, bir neçə stansiyanın açılışını həyata keçirək. Hazırda "Şah İsmayıl Xətai" stansiyasından tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasınadək Nobel prospekti boyunca 3 stansiyanın tikintisi planlaşdırılır. Bakı Neft Emalı Zavodunun qarşısında şərti adı "Y-15" olan stansiyanın start kamerasının tikintisinə başlamışıq. Yəqin ki, yanvar ayından biz orada tunelqazma işlərinə başlayacağıq. "Şah İsmayıl Xətai" stansiyası istiqamətində tuneli qazmağa başlayacağıq. Oradan da işlər "Ağ şəhər"də yerləşən və şərti adı "Y-14" olan stansiyanı keçməklə, "Şah İsmayıl Xətai" stansiyasına qədər davam edəcək, daha sonra "Y-15"-dən "Həzi Aslanov" istiqamətinə yönələcək. Həmin ərazidə isə bizim "Y-16" və "Həzi Aslanov-2" stansiyalarımız var. Bizim yaşıl xətt "Dərnəgül" - "Xətai" stansiyaları arasında yerləşir. Bu xəttin gələcəkdə dairəvi olması nəzərdə tutulur. Başqa sözlə, "Dərnəgül" stansiyasında başlayacaq və dövrə vuraraq, yenidən "Dərnəgül"də bitəcək. "Şah İsmayıl Xətai" ilə "Həzi Aslanov-2" stansiyalarını birləşdirməklə biz artıq yarımdairəni əldə etmişik. "Xalqlar Dostluğu", "Əhmədli", "Həzi Aslanov" stansiyalarında yaşayan və oradan istifadə edən sərnişinlər "28 May", yəni şəhərin mərkəzi istiqamətinə gəlmək üçün digər xətdən istifadə etməyə lazım bilməyəcək. Yəni "Həzi Aslanov" stansiyasından oturacaq və 3 stansiya sonra "Şah İsmayıl Xətai" və ya "Cəfər Cabbarlı" stansiyalarına çatacaq. Bu da bizdə bir xətt üzrə müşahidə edilən sərnişin sıxlığını aradan qaldırmağa yardım edəcək. 10 min sərnişinin 5 mini bir, 5 mini isə digər istiqamətdə hərəkət etsə, həm sıxlıq azalar, həm də həmin ərazidə yaşayan digər sərnişinlərin də metrodan istifadəsinə səbəb olar. Başqa bir məsələ odur ki, biz "Dərnəgül" və "Koroğlu" stansiyalarını birləşdirməyə çalışırıq. Həmin stansiyalar arasında iki yeni stansiya salınacaq. Şərti adı "Y-1" və "Y-2" olan stansiya və şərti adı "Y-3" olan stansiyamız olacaq ki, o da "Koroğlu" ilə keçid stansiya olacaq. Proqnoz vermək düzgün deyil. Amma biz "Papanin" adlanan ərazidə yerləşən və şərti adı "Y-3" stansiyanın açılışına hazırlaşırıq. Həmin stansiya bənövşəyi xəttin 3-cü stansiyasıdır. Artıq orada tunelqazma işləri başa çatıb, stansiyanın tikintisi davam edir, avadanlıqlarla bağlı tenderlər də keçirilib, sifarişlər verilib. Heç bir əngəl olmazsa, 2018-ci ildə stansiyanın açılışı olacaq.
- Neft Emalı Zavodunun yaxınlığından keçən ərazidə çənlərin, neft borularının olması tikinti işlərinə hər hansı maneə törədirmi?
- Bizim ərazi zavodla üzbəüz ərazidir. Planlaşdırma aparılan kommunikasiya xətləri, bu cür obyektlərin olması nəzərə alınır. Əgər maneə törədirsə, razılaşdırılmış qaydada ərazidən köçürülür. Bütün bunlarla bağlı müvafiq qurumlarla danışıqlar aparılır.
- Zaman-zaman cəmiyyətdə belə fikirlər səslənir ki, tikinti işləri xəttin üzərində yerləşən tikililərə təhlükə yaradır. Bu, realdırmı?
- Heç bir təhlükə yoxdur! Çünki metro tikintisi quyu qazmaq deyil. Biz tikinti işlərini dünyada qəbul olunmuş standartlara əsasən və dünyanın hər bir yerində istifadə olunan texnologiyadan istifadə etməklə həyata keçiririk. Birinci start kamera tikilir, tunelqazma maşını yerləşdirilir və şəhər planı nəzərə alınmaqla, hansı dərinlikdən keçməyi müəyyən edilməklə, tunelin qazıntısına başlanılır. Məsələn, Neft Emalı Zavodunun yanında dərinlik 20 metrdir. Amma "Xətai" stansiyasına doğru irəlilədikcə dərinlik 45 metrə qədər artır. Bütün bunlar nəzərə alınır.
- Bəs sonradan stansiyaların yaxınlığında və xətlərin üzərində tikilən obyektlər hər hansı təhlükə yaradırmı?
- Biz təhlükə yaradan obyektlərlə bağlı müvafiq qaydada müraciət etmişik. Əgər ciddi bir təhlükə varsa, biz mütləq həmin obyektin köçürülməsinə nail oluruq. Məsələn, "Dərnəgül" elektrik deposunun ərazisində xeyli sayda evlər tikilib. Məcburi köçkünlərin yaşadığı həmin ərazi ilə bağlı müvafiq qurumlara müraciət etdik və artıq işlərə başlamışıq. Biz "Xocahəsən" elektrik deposu ilə "Avtovağzal" arasında tunel tikirik. Amma bilirsiniz ki, "Motodrom" adlandırılan ərazidə xeyli sayda ev var. Bu evlər hal-hazırda təhlükə mənbəyidir. Yəni tunelin tikintisi o evlərə zərər verə bilərdi. Buna görə biz bir plan üzrə hərəkət etdik. Plan ondan ibarət idi ki, sakinlərə təhlükəni izah etdik və öz vəsaitimiz hesabına kirayə köçürdük. Həmin evlərin heç birinin bünövrəsi yoxdur, hətta o evlər küləyə həssasdır. Torpaq qatı isə olduqca əlverişsizdir. Orada ev tikməyin özü belə təhlükəlidir. Bunları nəzərə alaraq, sakinlərlə konsensusa gəldik və öz vəsaitimiz hesabına onları köçürdük. Bundan sonra sakinlərin evlərinin bünövrəsini möhkəmləndirib qazıntı işlərinə başladıq. Hətta bir nəfərin evi uçmuşdu, biz onu yenidən tikib, protokol ilə təhvil vermişik. Həmin ərazidə 66 ev var. Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti ilə razılaşdıq ki, qatarların hərəkəti o evlərə təhlükə yaradacaq və bundan sonra evlərin köçürülməsi ilə bağlı qərar qəbul olundu. Hal-hazırda bununla bağlı iş gedir. Müvafiq qurumlar kompensasiya məbləğinin müəyyən edir və oradan sakinlər köçürülməlidir. Demək istədiyim odur ki, metroda baş verənlərin heç biri təsadüfi deyil, hər bir məsələ ən xırda detalına qədər müəyyən edilir.
- Bir çoxu hesab edirdi ki, "Avtovağzal" stansiyasının açılışı Bakı-Sumqayıt yolunda tıxacın azalmasına səbəb olacaq. Amma gözlənilən baş vermədi. Ümumiyyətlə, stansiyadan istifadə edənlərin sayı proqnozlaşdırılan səviyyədədirmi?
- Əslində, xəyal etdiyimiz hadisə baş vermədi. Bəzən insanlar bir xətdən digərinə keçmək istəmirlər. Ola bilsin ki, onun getdiyi ərazi metronun növbəti stansiyasının ərazisi deyil. Amma Biləcəri qəsəbəsi ərazisində yaşayan sakinlər, xüsusilə stansiyaya yaxın olanlar birmənalı şəkildə bildiriblər ki, bizim üçün bu stansiya çox rahatdır. Bunun effekti bənövşəyi xəttin növbəti stansiyalarının açılışından sonra olacaq. Başqa sözlə, şərti adı "B-3" olan "Papanin"dəki stansiya ilə "B-4" adlandırdığımız Heydər Əliyev adına idman sarayı ilə "Semaşko" arasında olan stansiyanın tikintisindən sonra. "B-5" stansiyası isə "Qış bulvarı"nın yaxınlığında yerləşəcək. "B-6" isə Azadlıq meydanının yaxınlığına düşür. O stansiyalar istifadə verildikdən sonra daşımalarımız xəyal etdiyimiz səviyyədə olacaq.
- Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi sizin daşımalara nə cür təsir edib?
- Ciddi təsirdən söhbət gedə bilməz.
- Orta statistik azərbaycanlının ictimai nəqliyyatdan istifadə etməməsi sizcə nə ilə əlaqədardır?
- Məncə bizim genimizlə bağlıdır. Məsələn Avropada zəngin insanlar ictimai nəqliyyatdan istifadə edir. Düzdür biz bunu arqument kimi gətirəndə bizə deyirlər ki, "onlarla bizim ictimai nəqliyyatın arasında N qədər fərq var". Mən bununla razı deyiləm. Bu yaxınlarda xaricdən Bakıya dostlarımız gəlmişdi. Onlar deyir ki, Milanda üfunətdən metroya girmək olmur. Hətta bunu sosial şəbəkələrdə də bölüşüblər. Avropada pulu olan adam daha qənaətcil avtomobildən və ya ictimai nəqliyyatdan istifadə edir, piyada gəzir. Amma bizdə imkanı olan-olmayan ən iri qabaritli, mühərrik həcmli avtomobil alır. Bu, bizdən asılı olan məsələdir.
- Sumqayıta metro xəttinin açılması söz-söhbətdir, yoxsa reallıq olacaq?
- "Bakı Metropoliteni" QSC-nin 2011-ci ildə qəbul olunmuş və 2030-cu ilədək olan dövrü əhatə edən konseptual inkişaf sxemi var. Həmin sənəddə 5 xətt, 6 elektrik deposu, 76 stansiya təsdiq olunub. Onların trayektoriyasına nəzər saldıqda görərik ki, "Xocahəsən" stansiyası siz qeyd etdiyiniz istiqamət üzrə sonuncudur. Başqa sözlə, yayılan xəbərlər söz-söhbətdən başqa bir şey deyil. Sakinlər öz arzularını dilə gətirir. Məsələn, Sumqayıt sakinləri metro arzu edir. Mənim şəxsi fikrim isə bundan ibarətdir ki, Bakı-Sumqayıt elektrik qatarı hamısından sərfəlidir.
- Bu günlərdə metroda gediş haqqının artırılması ilə bağlı informasiyalar yayıldı. Gediş haqqının artırılması gündəmdədirmi?
- Bəzi saytlar iddia etdi ki, sərnişindaşıma xərci çoxdur. Hökumətimiz sosialyönümlü layihələr həyata keçirir və keçirəcək. Müəyyən sahələrə olduğu kimi, "Bakı Metropoliteni" QSC-yə də lazım olan dotasiya ayrılır. Hazırda qiymət artımı ilə əlaqədar bizim hər hansı müraciətimiz yoxdur. Bu, heç müzakirə olunmur! Narahat olmağa səbəb yoxdur.