
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ofisinin rəhbəri Anna Soavenin APA-ya müsahibəsi
- Xanım Soave, vaxt ayırıb müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. İlk sualım iqlim dəyişmələrinin şəhərlərin inkişafına artan təsiri ilə bağlıdır. Hazırda Bakı və Azərbaycanın digər şəhərlərinin iqlimlə bağlı üzləşdiyi ən ciddi riskləri nədə görürsünüz?
- Bəli, qeyd etdiyiniz kimi iqlim dəyişmələri şəhərlərə getdikcə daha çox təsir göstərir. Bununla belə, biz hesab edirik ki, şəhərlər iqlim dəyişmələrinin həllinin bir hissəsidir. Şəhərlərdə istehlak olunan enerji ümumi enerji istehlakının əhəmiyyətli hissəsini təşkil edir. Buna görə də şəhərlərin iqlim dəyişikliklərinə necə reaksiya verməsi və uyğunlaşması ilə bağlı yeni yanaşmalar tətbiq etməli, onları daha əlverişli yaşayış məkanlarına çevirmək üçün innovativ həllər təklif etməliyik. Yay aylarında şəhərlərdə həddindən artıq istiləşmənin qarşısının alınması, qışda, yazda və digər dövrlərdə baş verən daşqınlarla mübarizə yolları barədə düşünməliyik.
Xəzər dənizinin səviyyəsinin gözlənilən şəkildə aşağı düşməsi sahilyanı şəhərlər üçün müəyyən ciddi nəticələrə səbəb olacaq
- Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi sahilyanı şəhərlərə əhəmiyyətli təsir göstərə bilər. Bəs bu, gələcək şəhərsalma və inkişaf proseslərinə necə təsir edə bilər? Bu baxımdan Azərbaycana hansı şəhərsalma tədbirlərini tövsiyə edərdiniz?
- Əlbəttə ki, Xəzər dənizinin səviyyəsinin gözlənilən şəkildə aşağı düşməsi sahilyanı şəhərlər üçün müəyyən ciddi nəticələrə səbəb olacaq. Hazırda UN-Habitat Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, həmçinin tərəfdaş qurumlarımız olan BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə əməkdaşlıq çərçivəsində Adaptasiya Fondu tərəfindən maliyyələşdirilən layihə həyata keçirir. İqlim dəyişmələrinə uyğunlaşma üzrə konkret tədbirlər Bakı, Neftçala və Astara şəhərlərində həyata keçiriləcək. Bu şəhərlərdə daşqınların təsirini azaltmaq və quraq mövsümlərdə istifadə üçün suyun təkrar emalını təmin etmək məqsədilə təbiətəsaslı həllər tətbiq olunaraq nümayiş etdiriləcək.
Böyük Qayıdış Proqramı planlaşdırma və yenidənqurma prosesinin əsasını təşkil edən aydın idarəetmə sistemi yaradıb
- Sizin İraq və digər postmünaqişə ərazilərində geniş iş təcrübəniz var. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesini İraqdakı təcrübənizlə müqayisə etdikdə hansı oxşarlıqları və fərqləri görürsünüz?
- Elədir, mənim həm Əfqanıstanda, həm də İraqda postmünaqişə dövründə bərpa üzrə geniş təcrübəm var. Orada genişmiqyaslı dağıntılara məruz qalmış yaşayış məntəqələri və şəhərlərin bərpası ilə bağlı layihələr üzərində çalışmışam.
Burada əsas fərq, əlbəttə ki, Azərbaycan hökumətinin dəqiq müəyyən edilmiş Böyük Qayıdış Proqramına rəhbərlik etməsidir. Bu proqram planlaşdırma və yenidənqurma prosesinin əsasını təşkil edən aydın idarəetmə sistemi yaradıb.
Məni xüsusilə təəccübləndirən məqamlardan biri bütün aidiyyəti nazirliklər və qurumlar arasında çox sıx koordinasiyanın olmasıdır. Bu, insanların ehtiyaclarına strukturlaşdırılmış şəkildə cavab verməklə yanaşı, həm özəl, həm də dövlət sektorunun investisiyalarını istiqamətləndirməyə imkan verir.
UN-Habitat olaraq Şərqi Zəngəzurda iki kəndin planlaşdırılması və layihələndirilməsi bizim üçün böyük şərəfdir
- Azad edilmiş ərazilərə səfərə gedirsiniz?
- Bəli, mən oraya bir neçə dəfə səfər etmişəm və müxtəlif şəhərləri ziyarət etmək imkanım olub. Milli Şəhərsalma Forumları çərçivəsində Qarabağda keçirilən bir sıra tədbirlərdə iştirak edib.
UN-Habitat olaraq Şərqi Zəngəzurda iki kəndin planlaşdırılması və layihələndirilməsi üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq etmək bizim üçün böyük şərəfdir. Çox yaxın zamanda həmin ərazilərə səfərlərə başlayacağıq. Ərazilərin topoqrafik tədqiqatı aparıldıqdan sonra iki kəndin layihələndirilməsinə başlayacağıq, bunu səbirsizliklə gözləyirik.