“Xəstəyə normal narkoz verilməsə o, əməliyyat stolunda ölə bilər” Müsahibə

“Xəstəyə normal narkoz verilməsə o, əməliyyat stolunda ölə bilər”

Baş anestezioloq: "Çox vaxt fəsadlar anestezioloqun səhvi yox, cərrahların eqoizmi, kaprizləri nəticəsində yaranır"

Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimotoloqu, Sertifikasiya Şurasının İxtisas Komissiyasının sədri Aydın Qədirovun APA-ya müsahibəsi (ixtisarla)

- Azərbaycanda anesteziologiya-reanimatologiya sahəsində mövcud vəziyyət necədir?
- Anesteziologiya və reanimatologiya tibdə sonradan yaranan kompleks bir sahədir. Hələ orta əsrlərdən, qədim dövrlərdən cərrahi müdaxilənin aparılması, onun metodikası işlənib hazırlanıb. Lakin xəstələrin əməliyyatdan uğurla çıxması çox az faizlə əhatə olunurdu. Əməliyyat vaxtı xəstələrin ağrısızlaşdırılma metodları olmadığından, bəzən bu iş primitiv şəkildə icra olunduğuna görə insanlar əməliyyat vaxtı şokdan ölürdü. Həmin dövrdə əməliyyatlar planlı sürətdə yox, xəstələrin ağır vəziyyətdə, travma ilə xəstəxanaya gəlməsi nəticəsində təcili icra olunurdu. Ona görə insanların çoxu əməliyyat stolunda və yaxud sonradan şokdan ayılmadığı üçün ölürdü. İkincisi səbəb qanaxma məsələsi idi. Əməliyyatda qanaxmaya qarşı mübarizə tədbirləri aparılmırdı. Bu zaman qanın rezus faktorları, qrupları bilinmirdi, itirilmiş qanı əvəz etmək mümkün olmadığı üçün xəstələr qanaxmadan ölürdü.
Üçüncü məsələ isə infeksiyalarla bağlı olurdu . Əvvəlki dövrlərdə mikroblar, onların hansılarının irin törətməsi haqqında məlumat yox idi. Xəstələrin əksəriyyəti irinli-iltihablı proseslərdən ölürdü. 848-ci il oktyabrın 16-da efir narkozunun tətbiq edilməsi ilə anesteziologiyanın əsası qoyulub və bu tarixi gün həmin dövrdən qeyd olunur. XX əsrin ortalarına qədər anesteziologiya-reanimatologiya sahəsi üzrə həkimlər yox idi. Həmin dövrə qədər həkimlər əməliyyatlarda müxtəlif vasitələrdən primitiv şəkildə istifadə ediblər. Artıq XX əsrdə farmakologiya, biokimyanın, texnologiyaların inkişafı nəticəsində anesteziologiya-reanimatologiya sahələri genişlənib və ayrıca ixtisas kimi formalaşıb.
Anesteziologiya-reanimatologiya təbabətin bütün sahələrində tətbiq edilir. Bu gün səhiyyənin elə bir sahəsi yoxdur ki, orada anestezioloq-reanimatoloqa ehtiyac olmasın. Hər bir xəstəxanada anestezioloq-reanimatoloq mütəxəssisləri var və şöbələr yaradılıb. Bu gün cərrahiyyə əməliyyatları anesteziologiyanın yaratdığı imkandan kənara çıxa bilməz. Əməliyyatları anestezioloqlarsız icra etmək mümkün deyil. Çünki bütün əməliyyatların aparılması üçün anesteziologiya metodları tətbiq olunur. Anesteziologiya çox dar sahələrdə inkişafa başlayıb və müxtəlif sahələşmələr var.

- Bu mövcud sahənin əsas prinsipləri nədir, burada mövcud problemlər və qarşıda həlli gözlənilən işlər nədən ibarətdir?

- XX əsrin əvvəllərinə qədər anesteziologiya sahəsində belə bir prinsip vardı ki, xəstə əməliyyat travması şokuna düşməsin. İndi isə yanaşma belədir: əməliyyat zamanı xəstənin 6 hissiyyatının - ağrı, görmə, eşitmə, taktil, lamisə və qoxu hislərinin heç biri iştirak etməməlidir. Çünki xəstələrin çoxu, əksəriyyəti əməliyyatdan yox, əməliyyat ağrısı və narkozdan qorxurlar. Ona görə də müasir dövrdə anesteziologiya-reanimatologiya sahəsi əməliyyat vaxtı olan ağrını, hətta insanda olan bütün hissiyyatları ləğv etməklə məşğuldur. Bundan əlavə, anesteziologiya-reanimatologiya sadəcə, əməliyyat vaxtı xəstəni ağrısızlaşdırma ilə yox, pozulmuş funksiyaların bərpası ilə məşğuldur.
Bu gün ölkədə mürəkkəb əməliyyatların aparılması və bu sahənin gündən-günə genişlənməsi müasir texnologiyaların tətbiqindən, həkimlərin səviyyəsindən asılıdır. Əgər haradasa ağır və mürəkkəb əməliyyatlar uğurla icra olunursa, onun arxasında anestezioloq-reanimatoloqun əməyi durur. Əgər bu sahə yerində olmasa heç bir əməliyyat uğurla keçə bilməz.

- Bu gün ölkədə bu sahə üzrə nə qədər mütəxəssis var və onların səviyyəsi, iş prinsipləri sizi qane edirmi?
- Hazırda ölkədə 1200-ə yaxın anestezioloq-reanimatoloq var. Bundan başqa, bu gün hazırlıq mərhələsində olan rezidentlər təhsil alırlar. Lakin ölkədə rəsmi sürətdə qeydiyyata alınmayan anestezioloq-reanimatoloq həkimlər də fəaliyyət göstərir. Onlar düzgün şəkildə sənədləşmə aparmayıblar. Həkim fəaliyyəti ilə məşğul olmaq üçün müqavilə bağlanmalı və hər bir mütəxəssisin öz ixtisası çərçivəsində sənədi olmalıdır.
Təbii ki, bəzi rayonlarda mütəxəssis çatışmazlığı da müşahidə edilir. Bu gün təbabətdə müasir yanaşma ilə əlaqədar olaraq çox yerdə - əsasən rayonlarda anesteziologiya-reanimatologiya üzrə vakant yerlər var. Onları zamanla doldurmağa çalışırıq. Kadrların səviyyəsinə gəlincə, SSRİ dövründə yerli həkimlərin xarici mütəxəssislərin səviyyəsi ilə tanış olmaq imkanı yox idi. İndiki dövrdə isə istənilən kəs istənilən ölkəyə gedib əlavə məlumatlar ala bilər.
Böyük şəhərlərdə aparılan istənilən cərrahiyyə əməliyyatlarında anestezioloq-reanimatoloqlar iştirak edir. İnsan psixologiya belədir, bəzən 100 yaxşını yox, 1 pisi görürlər. Əgər ölkədə əməliyyatlar uğurla icra edilirsə, bu daha çox anestezioloq-reanimatoloqlarlardan asılıdır. Ən ağır xəstələr əməliyyat olunduqdan sonra müəyyən müddət reanimasiyada yatır. Reanimasiyanın isə öz prinsipləri var ki, bunu da reanimatoloqlardan başqa kimsə düzgün görə bilmir.
Ona görə də çalışıram ki, bu sahəyə kənardan başqa sahənin mütəxəssisləri müdaxilə etməsin. Müdaxilə olunduqda düzgün yanaşma, taktika olmur və nəticədə xəstə ağırlaşa bilər. Xəstə müəyyən qədər yaxşılaşandan sonra ona müəyyən müdaxiləni etmək olar. Hər bir xəstəni əməliyyata götürüldükdə orada anestezioloji risk formalaşır. 5 dərəcədə olan risklərdə I ən yüngül, V isə ən ağırdır, sonuncu insanların ölümünə səbəb ola biləndir. Xəstənin riskini şöbənin, anestezioloqun və həkimin professionallıq dərəcəsi yox, məhz ağırlıq dərəcəsi müəyyənləşdirir. Xəstənin anestezioloji riskini müəyyənləşdirən həkimi bu sahənin texnologiyası yox, xəstənin ağırlıq dərəcəsi maraqlandırır. Bu işlə də məhz anestezioloq-reanimatoloq məşğul olur.
- Bir çox hallarda xəstələr xəstəxanaya daxil edildiyi ilk gün əməliyyata alınır və bu da onun psixoloji durumunda müəyyən problemlər yaradır. Sizin fikrinizcə, xəstə əməliyyatdan öncə nə qədər bu prosesə öyrəşdirilməlidir? Xəstə əməliyyata alınmadan öncə hansı şərtlərə mütləq əməl olunmalıdır?

- Xəstə ağır vəziyyətdə gəldikdə onu birinci növbədə əməliyyata hazırlamaq lazımdır. Hazırlığın özü də müəyyən qiymətləndirmədən keçməlidir. Müəyyən hallarda anesteziologiya-reanimatologiya sahəsinin prinsipləri pozulur. Çox vaxt cərrahların özü anestezioloq-reanimatoloqlara müəyyən çərçivədə imkan vermirlər ki, onlar xəstə ilə sona kimi məşğul olsunlar.
Stasionara gələn xəstənin diaqnozu məlumdursa, mütləq həyatı bacarıqlı orqanların funksiyalarının səviyyəsi anesteziologiya üçün öyrənilməli, əməliyyatdan öncə bütün müayinələr aparılmalıdır. Bəzən cərrahlar xəstənin sağlam olduğunu deyərək müayinələr aparılmasına ehtiyac görmür. Nəticədə də fəsadlar əmələ gəlir.
Ən yaxşı anestezioloq əməliyyatdan öncə xəstənin vəziyyətini qiymətləndirməyi bacarmalı, mane olan amillərin kənarlaşdırılmasına gücü çatmalı, xəstənin normal aspektdə müayinəsini tələb etməlidir. Xəstə əməliyyatdan qabaq mütləq hazırlıqlı olmalıdır. Hər bir kəs diş çəkməkdən tutmuş, ürək probleminə kimi əməliyyatdan qorxur. Qorxmayan 2 tip kontingent var ki, onlardan biri uşaqlar, digəri isə əqli zəif olan insanlardır. Ona görə də xəstəni əməliyyata psixoloji cəhətdən də hazırlamaq lazımdır.
Bir çox hallarda xəstələr xəstəxanaya əməliyyat günü daxil olur və fəsadlar da bundan başlayır. Birinci növbədə xəstə əməliyyatdan daha əvvəl xəstəxanaya gəlməli, stasionara adaptasiya olunmalıdır. Xəstə ən azı bir gün əvvəldən stasionarda yatmalı və hazırlıq dövrü keçməlidir. Xəstə narkoza hazırlanmaq üçün axşamdan yaxşı yatmalı, əməliyyatdan yarım saat əvvəl inyeksiya şəklində hazırlanmalar getməlidir. Belə hazırlanmış xəstə ilə evdən gələn xəstələrin hemodinamikası, psixologiyası tamamilə fərqlidir. Hər bir xəstənin patologiyası, ağırlıq dərəcəsinə görə stasionarda yatma müddəti var. Çox təəssüflər olsun ki, son zamanlar bunların hamısını standartlaşdırıblar. Hər bir xəstə əməliyyatdan 3 gün sonra evə yazılır. Bu hal özəl və dövlət müəssisələrində də qeydə alınır. Lakin nəzərə almaq lazımdır ki, hər bir orqanizm eyni deyil və əməliyyat keçirən şəxsin özünün fərdi müdafiə qüvvəsi var.

-Bəzən deyirlər ki, anestezioloqlar əməliyyatı icra edən həkimlər tərəfindən narkozun seçimi ilə bağlı müəyyən təzyiqlərə məruz qalır. Bu hallarda vəziyyət necə olmalıdır? Narkoz seçimini kim etməlidir?

- Hər bir xəstə stasionara daxil olduqda anestezioloq ona baxış keçirir, ona cərrahın yanaşmasından yox, öz prizmasından baxır. Məsələn, hər hansı bir plastik əməliyyat aparılan adam xəstə olmamalı, tam sağlam olmalıdır. Ona görə də anestezioloq plastik əməliyyat keçirən zaman xəstədən onun tam sağlam olmasını mütləq tələb edəcək. Əməliyyat zamanı narkoz üçün yalnız anestezioloq rəy verir. Çox təəssüflər olsun ki, cərrahlar bıçağı əlinə alaraq "Mən əsasam, mən demişəmsə əməliyyat olmalıdır", deyirlər. Lakin sonradan hansısa fəsad yarananda anestezioloq günahlandırılır. Narkozun dozasının seçiminə heç kim qarışmamalıdır. Xəstəyə narkoz veriləndə həyatı vacib orqanların funksiyalara nəzarəti itir.

- İl ərzində əməliyyatlarda xəstə ölümünə səbəb olan təxminən neçə nəfər həkim-anestezioloq, reanimatoloq cəzalandırılır?

- İl ərzində inzibatçılıq nöqteyi-nəzərdən hər bir həkim müəyyən səhvlər səbəbindən cəzalandırılır. Ölümlə əlaqədar məsələləri isə nazirliyin hər bir sahə üzrə müvafiq komissiyaları həll edir. İnzibati cəza var və bu, hamı üçündür. Bunlara şifahi və yazılı töhmət, işinin dəyişilməsi və ən sonda işdən çıxarılma kimi cəzalar daxildir. Ölüm səbəbləri araşdırılanda bununla əlaqədar həkim cəza almır. Elə hallar olur ki, cərrah ağır, anestezioloq isə ondan yüngül cəza alır. Çünki anestezioloqun cərrahın təzyiqinə dözmədiyi, güzəştə getdiyi məlum olur.

- Vətəndaşlara nə kimi məsləhətləriniz var?

- Hər kəs, xəstələr bilməlidirlər ki, təbabətdə anesteziologiya-reanimatologiya adlı struktur var. Bu sahəyə primitiv baxmasınlar. Xəstəliklərin müalicəsində anesteziologiya-reanimatologiya kölgədə qalan və qiymətləndirilməyən sahədir. Cərrahlar çox zaman anestezioloqun əməyini demir, 100-dən biri bunu edir. Amma hansısa mənfi hal baş verdikdə əhali arasında səhv fikir yaranır ki, xəstəni anestezioloq öldürdü. Xeyr, belə deyil. Qanunun, standartın pozulması elə ölümə bərabər tutulan məsələdir. Cərrah özünü tərifləyəndə, bilsinlər ki, onun xəstəsini qoruyan anestezioloq da var. Xəstəyə normal narkoz verilməsə o, əməliyyat stolunda ölə bilər.