“Qarabağda müharibə təhlükəsi daim aktuallığını qoruyacaq” Müsahibə

“Qarabağda müharibə təhlükəsi daim aktuallığını qoruyacaq”

"Hesab edirəm ki, proseslər bu fonda hələ də durğunluq fazasındır, lakin bu Ermənistanın gələcək hökuməti üçün kritik deyil. Hadisələrin gələcək inkişafının bir hissəsini, KTMT-yə üzv ölkələrin rəhbərlərinin bu gün keçiriləcək zirvə toplantısında görəcəyik. Burada Ermənistanın təşkilat sistemindəki yeri müəyyənləşdiriləcək və onun yeni Baş katibi seçiləcək".
Belaruslu hərbi ekspert, ehtiyatda olan polkovnik, Rusiya Federasiyasının Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski ilə müsahibəni oxucularımıza təqdim edirik:
- Belarus və Azərbaycan arasında hazırda mövcud olan hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Son vaxtlar Azərbaycan Minskdən silah alışını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə, ən güclü qısa və orta mənzilli raket sistemləri olan "Polonez" Belarus Respublikasından əldə edilib. Buna Minskdə cari ilin 23 avqust tarixində, Azərbaycanın SQ Baş qərargah rəisi Nəcməddin Sadıkov və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin rəhbəri Roman Qolovçenko arasında keçirilən görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirəsi də təkan verib.
Həmçinin, Sadıkov Belarus hərbi-sənaye kompleksinin müəssisələrindən birini ziyarət edib və onun rəhbərliyi ilə görüşüb. Azərbaycan nümayəndə heyəti Belarusun hərbi sənaye kompleksi tərəfindən hazırlanan hərbi texnika və müxtəlif hərbi məhsullarla tanış olub.
Bundan əlavə, Belarus hərbi sənayesi Bakıda keçirilən "ADEX-2018" üçüncü beynəlxalq müdafiə sərgisində iştirak edən şirkətlərin sayına görə ilk beşliyə daxil olub. Ən çox Türkiyə-41, Rusiya-25, İsrail-14 şirkətlə təmsil olunurdu. Belarus hərbi sənayesinin məhsulları Bakıdakı stendlərdə 13 şirkət tərəfindən təqdim olundu. Belarusu sərgidə "Belspetsvneştexnika" dövlət xarici ticarət unitar müəssisəsi, 140-cı təmir zavodu, 558 nömrəli təyyarə təmir zavodu, 2566-cı radiolektron avadanlıqların təmiri zavodu, "Geoinformasiya İdarəetmə Sistemləri" və "Radiolokasiya Sistemləri" holdinqləri, "BelOMO" holdinqi və onun struktur bölmələri olan "Zenit-BelOMO", "Sfera", "Lemt" və "Diaproektor", eləcə də OKB TSP və "Müdafiə Təşəbbüsü" özəl şirkətləri təmsil edirdi.
Sərgidə Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov arasında görüş keçirildi. Görüşdə tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdi.
Bu ilin iyun ayında Azərbaycan Belarusdan "Polonez" raket sisteminin yeni bir partiyasını satın aldı. Yaylım atəşli reaktiv sistem Belarus mütəxəssisləri tərəfindən hazırlanıb və "Dəqiq Elektromexanika Zavodu" tərəfindən istehsal olunur. 2016-cı ildən "Polonez" Belarus Silahlı Qüvvələrinin silahlanmasında mövcuddur. Hərbi analitiklər bu müqaviləni Azərbaycanın Rusiyanın Ermənistana təqdim etdiyi "İsgərdər" OTRK-ya cavabı kimi dəyərləndirirlər.
- Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?
- Qeyd etmək lazımdır ki, illər ərzində keçirilən diplomatik görüşlər və bəyanatlar çoxillik münaqişənin nizamlanması üçün praktiki qərarların qəbuluna səbəb olmayıb. Dağlıq Qarabağ münaqişəsi 2018-ci ildə, həmçinin 2019-cu ildə regionda təhlükəsizliyin ən mühüm məsələsi olaraq qalacaq. Hazırkı şəraitdə münaqişənin yaxın gələcəkdə həlli üçün yeni irəliləyişlər də gözlənilmir. Yəni, 2018-ci ildə Qarabağda ən çox ehtimal olunan ssenarilər mövcud status-kvonun, yəni atəşkəs pozuntuları zəminində qarşıdurma təhlükəsinin davam edəcəyi, lakin müharibəyə çevrilməyəcəyi yönündədir. Müzakirələr əvvəllər olduğu kimi hərbi qarşıdurmalarla əvəz ediləcək, lakin danışıqlar prosesi də davam edəcək.
- Qeyd etdiniz ki, əvvəllər olduğu kimi, müzəkirələr hərbi qarşıdurmalarla əvəz ediləcək, lakin danışıqlar prosesi də davam edəcək. Lakin Ermənistanın hazırkı rəhbərliyi qəsdən müzakirə prosesinin pozulmasına çalışır. Bu mövzuda fikirlərinizi bilmək istərdim.
- Ermənistandakı hərbi-siyasi vəziyyəti diqqətlə və xüsusilə başa düşmək lazımdır: Paşinyan-Xaçaturov, parlament seçkiləri, Seçki Məcəlləsinin rədd edilməsi... Bunlarun arxasında təkcə daxili deyil, həm də xarici siyasətə təsir göstərən bir çox faktor və şərtlər mövcuddur. Bu isə sadəcə, erməni rəhbərliyinin konstruktiv addımlar atmaq gücündə olmadığını göstərir, bunun səbəbi isə seçicilərin bu fəaliyyəti xəyanət kimi qəbul edəcəyindən ibarətdir.
Hesab edirəm ki, proseslər bu fonda hələ də durğunluq fazasındır, lakin bu Ermənistanın gələcək hökuməti üçün kritik deyil. Hadisələrin gələcək inkişafının bir hissəsini, KTMT-yə üzv ölkələrin rəhbərlərinin bu gün keçiriləcək zirvə toplantısında görəcəyik. Burada Ermənistanın təşkilat sistemindəki yeri müəyyənləşdiriləcək və onun yeni Baş katibi seçiləcək.

Zaur Nurməmmədov