Seyran Səxavət "şineli" - Ağacəfər HƏSƏNLİ. Ədibin 75 yaşına gecikmiş essevari etiraf məktubu Ədəbiyyat

Seyran Səxavət "şineli" - Ağacəfər HƏSƏNLİ. Ədibin 75 yaşına gecikmiş essevari etiraf məktubu

Şairləri sevindirdi, nəsrə keçdi, nasirləri kədərləndirdi, nəhəng yazıçı oldu. Müasirlərindən birinin Seyran Səxavət haqqında təxminən söylədiyi bu qiymətli fikir dillər əzbəriydi. Bəs nəydi Seyran Səxavətin "günahı", "suçu"? Sözsüz, istedadlı doğulmaqda, anadan talantlı dünyaya gəlməkdə.

Ancaq Seyran Səxavəti öz ədəbi nəslindən (Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Məmməd Oruc) fərqləndirən başqa bir cəhəti vardı. O, yenicə qələm tutan və ya ilk addımlarını atan gənc yazarla (şair-yazıçı, ayırmazdı, təki istedadlı olsun) tez ünsiyyət tapır, təkidlə qolundan yapışır, redaksiyalara çəkib aparırdı. Sovet dövründəki ciddi dirənişlərə və qadağalara baxmayaraq Seyran müəllim meşin qapıları açmağı bacarırdı, məmur redaktoru və ya qocaman şöbə müdirini inandırırdı ki, gətirdiyi cavan talantlıdır, kömək etmək gərəkdir. Və əsərini çap etdirənədək dərginin, qəzetin "yaxasından" əl çəkmirdi. Biz bu yaxşılığı heç kəsdən görməmişdik, çünki hamı o zamanlar söz verirdi, nəticə isə yox idi...

Bu qeyri-adi mənəvi bütövlüyün və yaxınlığın bariz epizodu. Çox istedadlı Vaqif Bəhmənli tələbəykən hamıdan seçilirdi. Vaqif "Mənim nənəm sizdədir?" adlı maraqlı bir şeir yazmışdı, hara aparırdısa, ağızdolusu tərifləyir, dərcindən vaz keçirdilər. Şeiri Seyran Səxavət oxudu və dərhal bəyəndi. Nəhayət, həmin gözəl lirik şeiri mərhum Yusif Əzimzadənin baş redaktoru olduğu "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat qəzeti") çap etdirdi, rahat nəfəs dərdi. Gözəl nasir və tərcüməçi kimi tanıdığımız Kamran Nəsirli də Seyran Səxavətin "şinelindən" çıxıb, qayğısı və diqqəti sayəsində ilk əsərləri mətbuatda "Ulduz" dərgisində işıq üzü görüb. İmzaları artırmaq mümkündür: Tofiq Murəli, Maarif Soltan, Akif Əhmədgil... Kim nə deyir desin, mən indiyəcən iki çağdaş söz adamının - Kamal Abdullanın və Seyran Səxavətin bütün irili-xırdalı əsərlərini oxumuşam. Zövq almışam, ruhi dinclik tapmışam.

Etiraf həqiqətin üzüdü, Əli Kərimin şeirləri məni dəli eləyəndə, sifətini görməmişdim (heç sonra da görmədim, Allah qismət eləmədi), Ramiz Rövşənin gəraylıları yuxumu ərşə çəkəndə və Seyran Səxavətin "Adalar" şeirlər kitabını oxuyanda, ("Gənclik" nəşriyyatı 1970) ruhum bədənimə sığmırdı, məftun olurdum. Sonra bu "insafsız" şairin "Mənim subay planetim" sayca ikinci şeirlər kitabı satışa çıxandan artıq müəllifi tanıyırdım, buna baxmayaraq Bakının məşhur kitab dükanlarının birindən o nəğmə toplusunu tapdım və aldım. Fürsət gəzdim, "girəvə" axtardım Seyran Səxavət avtoqraf yazsın. Ən nəhayət, şairin ifasında xoşbəxt günlərin birində "Girəvə" şeirini həyəcanla dinlədim.

...Mən Gəncə şəhərinin

Adını qaytarmağa

Girəvə axtarıram...

Doğrusu, Sovet Damokl qılıncının başımızın üstünü kəsdirdiyi ötən 60-70-ci illərdə belə şeir yazmaq, özünü dirigözlü cəhənnəm oduna atmaq, həmişəlik gözümçıxdıya salmaq demək idi. Bu cəsarət hardan qaynaqlanırdı? Necə yəni, heç Kirovabad şəhərinin də adını dəyişdirməyi adam ağlına sığışdıra bilərdi. İntuitiv bir hiss hökm edirdi, diktə edirdi "girəvə" gəzən şairə. Bu fürsət qələm adamının fəhminə uyğun 90-cı illərdə reallaşdı, Seyran Səxavətin səsini Allah eşitdi. ("Fərman Allahındı, dağlar bizimdi") Gəncənin əski adı qayıtdı.

O zaman xoşbəxt vaxtlarımız idi. Seyran Səxavətin hər şeiri dilimizdə bitmişdi. "Alma oğrusu", "Azərbaycan dağları", "İki arzu", "Ürək", "Bizim arx", "Sevirəm", "Ağ gəminin kapitanı", "Alabaş", "Adalar", "Mənim subay planetim" tələbə qızların xatirə dəftərlərinin bəzəyiydi, oğlanların müzakirə mövzusuydu.

Doluşdular qəlbimə,

Ürpəşdi ətim.

Qorxuram cavan ölə.

Mənim subay planetim!

Və yaxud hələ tələbəykən 1968-ci ildə "Azərbaycan" jurnalında dərc etdirdiyi "Ay ilk məhəbbətim, son məhəbbətim" şeirini necə unutmaq olar? Bu son dərəcə orijinal, bənzərsiz nümunə ədəbiyyatımıza böyük bir şairin gəlişinin təsdiqiydi. Onda Seyran 21 yaşındaydı, bığ yeri yenicə tərləyirdi...

Sən nə istəyirdin, nələr itirdin,

Qorxma kül olmaqdan, yan məhəbbətim.

Sən mənim başıma nələr gətirdin,

Ay ilk məhəbbətim, son məhəbbətim.

Daha sonra yollarla bağlı məşhur şeirindəki ifadə yeniliyi və sərbəstliyi, obraz böyüklüyü və əzəməti, mövzu genişliyi və doğmalığı poeziyamıza rəng qatdı, cavan Seyranı müdrik, filosof Seyran Səxavət ənginliyinə qaldırdı:

Quşlar tüklənirsə, pərvazlanacaq,

Yollar "tüklənirsə", ölmür deməli.

Günlərin bir günü artıq nəsrə keçən, lakonik, qısa məzmunlu hekayə və povestlərini sevə-sevə oxumağa başladığımız bu şair gerçək dərnək rəhbərimiz oldu: uzaq 70-in sonlarına yaxın. Artıq Sovet ittifaqı qazan kimi çalxalanırdı, Bitov, Soljenitsin, Yeftuşenko, Voznesenski, Rasputin, Belov, Kuznetsov kimi ədəbi simalar laxlanan çirkablı quruluşu açıq tənqid atəşinə tutur, mətbuatda eninə-uzununa çəkirdilər. O vaxt (1976-dan) ölkə rəhbərliyi "Yaradıcı gənclərlə iş aparılması haqqında" adlı xüsusi qərar qəbul etdi. İşıqlı ziyalı İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqının sədri kimi fəaliyyətini canlandırdı, 1977-ci ilin iyul ayında Şüvəlan yaradıcılıq evi istedadlı, seçmə gənc yazarların ixtiyarına verildi. Və Seyran Səxavət dərnəkdə fəaliyyətini davam etdirməklə yanaşı, Şüvəlanda da bizi tək buraxmadı, seminarlara, müzakirələrə qatıldı, uğurlu əsərlərimizin çapı naminə özünü oda-közə vurdu.

Eh, bütün bunlar nəydi ki! Bir dəfə xəbər çıxdı ki, Seyran Səxavət "Qaçaqaç" adlı roman yazıb, bütün əbədi mühitin şəklini çəkib, obrazını yaradıb. Roman harda çap olunsa yaxşıdı, "Azərbaycan" dərgisinin bir neçə sayında. Zəng zəng dalınca gəldi, bəs Seyran sənin də surətini işləyib, pis alınmayıb, jurnalı tap oxu. Düzü, ustad qələm adamın belə bir formaya əl atması, ətrafını yazması mənə qəribə göründü. "Azərbaycan" jurnalı isə ceyran belinə çıxdı, tapmaq mümkün deyildi. Nəşriyyatdakı dostlarımdan xahiş etdim, dərginin "Qaçaqaç" çap olunan nömrələrini əldə etdim, oxudum. Əsər istər forma, istər məzmun etibarilə mənə doğma, maraqlı göründü. Çevik, özünəxas üslub, yumor, hadisələrin məntiqi ardıcıllığı, tanıdığım, hər gün görüşdüyüm "qəhrəmanlar" gözəl idi. Doğrudan da elə bil hamı harasa tələsir, baş götürüb getməyə çalışır, uyğun mühit axtarırdı. Kimlər yox idi "Qaçaqaç"da: heykəltəraş Zeynal, Vidadi Məmmədov, Nadir Cabbarlı, Qafar Namazəliyev, Əşrəf İbrahimov... indi bu adamların hamısı haqq dünyalarına qovuşublar, ancaq bədii salnamədə yaşayırlar.

Bu gün Seyran Səxavət həqiqətən nəsrdə özünü tapmış ciddi, bitkin, orijinal, bənzərsiz, təbii yazarımızdır. Budur, ədibin əsərlərinin az bir hissəsi: "Hamı elə bilirdi ki", "Bir kisə kartof", "Daş evlər", "Dar köynək", "Nekroloq", "Palıd toxumu", "Yüz ilin kişisi", "Yəhudi əlifbası", "Sanatoriya", "Ocaq daşı", "Qaçaqaç"... Yazıçının irihəcmli əsərləri cansıxıcı deyil, oxucunu dalınca çəkib aparır, bir də gözünü açıb-yumursan, görürsən, 450-500 səhifəlik kitabı mütaliə etmisən. Bu, heç şübhəsiz, nasirin xoşbəxt tərəfidir, çünki nəsrini nəyinsə xatirinə məcbur olub oxumursan, kitab özü təbii şəkildə vərəq-vərəq səhifələnir, hadisələri, epizodları su kimi başına çəkib içirsən. Kim bilir, bəlkə də bu, şeirindən gələn bal şirinliyidir.

Seyran Səxavətin bütün əsərlərində qəribə bir harmoniya, musiqi səsi var. Əlbəttə, bu məqamda etiraf etməliyəm ki, o, Azərbaycan muğamlarının, qədim xalq mahnılarının klassik bilicisidir. Təkcə nəzəri savadı nəzərdə tutmuram, Seyran Səxavət hər hansı görkəmli xanəndəni (Ağabala Abdullayevi, İslam Rzayevi, Mütəllim Mütəllimovu) olduğu kimi improvizə edir, ifa tərzi qətiyyən seçilmir. Yazıçı-dramaturqun əsərlərinin ruhuna bəlkə də aşkar-pünhan bu sevgisi hopub. Mən səfərlərimizdə (Füzulidə, Lənkəranda, İsmayıllıda, Şamaxıda) azad təbiətin qoynunda Seyran müəllimin pəsdən muğam oxumasının şahidi olmuşam, əvvəl heyrətlənmişəm, sonra bu təəccübüm adi hal alıb.

Hərdən-hərdən o səs ötən 70-ci illərin ortalarından eşidilir. Bakının mərkəzi kitabxanasından zarafatçıllığı qədər də ötkəm Seyran Səxavətin amiranə səsi hamını yerində otuzdurur, yığıb-yığışdırır: "Şair Tofiq Nurəlinin yaradıcılığı növbəti dərnək günü (məsələn, gələn həftənin bazar ertəsi və yaxud şənbə) müzakirə ediləcək, hazırlaşın, uşaqlar. Obyektiv surətdə, bura bir-birinizi tərifləməyə yığışmırsız. Əgər ciddi ədəbiyyat adamı olmaq istəyirsinizsə, çoxlu oxuyub-öyrənməli, ədəbi nəslinizin talantlı nümayəndələrinin yaradıcılığı barədə də məlumatınız, rəyiniz formalaşmalıdır. Unutmayın, vaxtilə bu dərnəklərdən Əli Kərim, Məmməd Araz, Əliağa Kürçaylı, Sərdar Əsəd kimi şairlər çıxıb. Elə mən özüm Qasım Qasımzadə ilə kitabxanada tanış olmuşam, yanına getmişəm. İlk şeirlərimi bəyənib, mənə "Azərbaycan gəncləri" qəzetində "Uğurlu yol" yazıb. O zaman Şərqşünaslıq fakültəsinin tələbəsiydim.

Bu qeyri-rəsmi "xəbərdarlıqdan" sonra hər bir dərnək üzvü məcbur idi ki, Tofiq Nurəlinin "külliyyatını" töksün ortaya, başlasın əməlli-başlı təftişə. Dərnək rəhbərimizin gözəl zövqü vardı, şeirin havası onu vuran kimi tərifi şabaş kimi yağdırırdı. Bir dəfə Tofiqin "Ay qara telli" şeirindəki ab-hava qəlbinin sarı simini necə tərpətmişdisə, yadında əzbər saxlamışdı:

Görməyə gəlmişdim, ay qara telli,

Ölməyə gəlmişdim, ay qara telli.

Görməmiş gedirəm, ay qara telli,

Ölməmiş gedirəm, ay qara telli.

Seyran müəllim dönə-dönə deyirdi ki, bu cür şeiri əzbərləmək lazım deyil, daxili ritm, ahəng, sadə sözlərin ustalıqla düzülüşü onu yaddaşa köçürəcək. Həqiqətən elə idi, az keçməmiş bütün dərnək üzvləri "Ay qara telli" şeirini xorla oxumağa başlamışdılar. Sözsüz, bu xorun baş dirijoru Seyran Səxavət idi. İndi o zaman birgə Sabir adına kitabxanaya dərnəyə getdiyim dostlarımı xatırlayanda, əksər talantlıların şair kimi doğmalaşdığının şahidi oluram. Hər halda yazıçı-şair olmayanları da qınamıram, həyatda yerlərini tuta bildilər.

Seyran Səxavət şəxsiyyətcə bütöv, dəmir iradəyə malik insandı, bəzən fikirlərini ən sərt şəkildə, emosional surətdə bildirsə də, haqq-ədalət tərəfdarıdı, ədəbiyyatın qapısından girib, pəncərəsindən çıxanların düşmənidi. Dəllalları, poeziyada, nəsrdə təsadüfi adamları, "sürünənləri" yerindəcə susdurandı. Ən ali keyfiyyətlərindən biri, cəsarətli surətdə bəyəndiyi, ürəyinə yatdığı əsəri təqdim etməyi bacarmasıdı. Həmişə maraqlı peşə sahiblərinin arasındadı, hətta tanınmış şəxsiyyətləri belə gənc həmkarları ilə tanış edərkən qısqanmır. Bu yazı ətrafında düşünərkən Vaqif Bəhmənlinin "Seçilmiş əsərləri"nin 2-ci cildi əlimə keçdi və şairin Faiq Hacıyevə ünvanladığı şeirdə Seyran Səxavətin də adını gördüm, sevindim...

Sərbəst girişində azadlıq postu,

Dədəm, babam tikən qırx çeşməli ev.

Seyran Səxavətin tələbə dostu,

Mənimsə oxucum - Faiq Hacıyev.

Ötən yüzilliyin əvvəllərində nəhəng rus ədibi Çexovun ətrafında xeyli sayda ədəbi qüvvə vardı. Sonra həmin yazarlardan çoxlu böyük ədəbi sima çıxdı. Ancaq onların hamısına "Çexovun şinelindən çıxıblar" deyirdilər.

Biz Seyran Səxavətin "şinelindən" çıxdığımız kimi...