
İraq türkmanları tükənməz folklor qaynağına malik olmaqla yanaşı, həm də dahi İmaməddin Nəsimi və Məhəmməd Füzulinin qiymətli yaradıcılığı ilə başlayan və bu gün də xalqın siyasi-ictimai həyatını işıqlandırmaq istiqamətində inkişaf etdirilən zəngin yazılı ədəbiyyat nümunələri də yaradırlar. Bu gün İraq türkman ədəbiyyatında müxtəlif klassik və yeni ədəbi istiqamətlər arasında xalq şeirinin çeşidli növlərində qələmini sınayan istər yaşlı, istərsə də yeni nəslin nümayəndələri çoxdur. İraq türkmanları arasında əsrlər boyu öz axarı ilə sürüb gedən və xalq tərəfindən təqdirlə qarşılanan xalq şeiri çox qədim dövrlərdən başlayaraq saz aləti ilə oxunan aşiqanə şeirlərdir. Əsasən aşıqlar tərəfindən dastanlar şəklində yaradılan bu şeirlər vaxtilə Ramazan gecələrində qəhvəxanalarda oxunardı. Zaman keçdikcə bu növ şeirin qavramı da dəyişib. Tədqiqatçı F.F.Köprülü bu barədə yazır: "Bu da xalq arasından yetişən şairlərin şeiridir. Onu da qeyd etmək istəyirik ki, bizdə bir xalq şeiri də var. İslam mədəniyyətinin təsiri altında yaradılıb, bu da divan şeiri ilə xalq şeirinin arasında doğan təsəvvüf-təkkə şeiridir".
XII əsrdən etibarən "Türküstandan Azərbaycana və Kiçik Asiyaya yayılaraq" genişlənmiş "bu ədəbiyyatı yaradan sufi və şeyxlərin artıq həmin dövrdə çoxlu ribat və zaviyələrinin olması" haqqında bir çox mənbələrdə məlumatlar var. İraq türkman folklorunda aşıq şeir sənəti haqqında ilk dəfə geniş məlumat verən və bu nümunələrin toplanıb nəşr etdirilməsi işini həyata keçirən görkəmli tədqiqatçı Əta Tərzibaşı olub. Tarixən İraq türkmanları arasında dastan ifaçılğı sənəti geniş yayılmışdı. Sazla çalıb oxuyan aşıqlar vaxtilə çayxanalarda, evlərdə müxtəlif hadisələrlə bağlı məclislər qurar, dastanlar söyləyərdilər. Azərbaycan aşıq yaradıcılığı ənənəsindən bizə məlumdur ki, aşığın dastan söyləməsi daha çox toy mərasimində baş tuturdu. Türkman xalqı arasında da çox tanınan, sevilən aşıqlar olub. Kərküklü Aşıq Abbas, Daquq bölgəsinə bağlı İmam Zeynalabdin kəndindən olan Xəlil Əhməd, Kor Abış kimi məşhur aşıqlar belələrindəndir. Xalq arasında çox geniş yayılmış bir deyimə görə, Aşıq Qənbər Əli adlı məşhur dastan ifaçısı sazla çalıb-oxuyanda bülbüllər onun sazına qonarmış. "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Əsli və Kərəm", "Fərhad və Şirin" kimi məhəbbət dastanları, "Koroğlu" kimi qəhrəmanlıq dastanı İraq türkman folklorunda geniş yayılmış olması ilə türkman xalqına çox yaxşı tanışdır. Bu dastanlardan İraq türkmanları arasında, xüsusilə qadın məclislərində daha çox yayılaraq seviləni, şübhəsiz ki, "Arzı Qəmbər" məhəbbət dastanıdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb yaratmış Aşıq Rzanın (1867-1955) "Aşqına" rədifli qoşması təsəvvüf-təkkə şeiri ənənəsinə bağlı olması ilə diqqəti cəlb edir:
Saqi, bir mey süz canan aşqına,
Ərənlər məclisi ərkan aşqına.
Birliklə olunub mürşidlər, pirlər,
Canbəcan olan ixvan aşqına.
...Başımız kəsilsə, dönməz iqrardan,
Mövlaya ərz eylə peyman aşqına.
Mövlanın quludur Aşıq Rzamız
Canından vaz keçmiş canan aşqına.
Son dövrlərədək İraqın, əsasən türkmanlar yaşayan Tiləfər bölgəsində aşıq ənənəsi davam etdirilmişdi. Ötən əsrin ortalarınadək yalnız xoyratlar, manilər və türkülərlə varlığını qoruyan türkman xalq şeiri 1950-ci illərin sonundan etibarən bu ədəbiyyatda yeni bir cığır aça bilmiş və bu növ şeirdə inkişaf müşahidə olunub. Bu dövrdə demək olar, bütün xalq şairləri tərəfindən mənzum hekayələr yazılırdı. Bu dövrdə istər klassik şairlər, istərsə də xalq şairləri tərəfindən söylənən xoyratlar yeni məzmun kəsb edirdi. Xoyratlar bu dövrdə digər şeir növləri kimi dəyər qazanmasa da, mövzu və məzmun baxımından böyük yeniliklərə sahiblik edib.
İraq-türkman xalq şeirini dörd qismə ayırmaq olar: I. Mənzum hekayələr. Ötən əsrin 50-ci illərindən etibarən geniş yayılmağa başlamış bu şeir növü, əsasən yerli ləhcə ilə, xüsusilə də Kərkük ləhcəsi ilə yazılır. Mövzu birliyinə xidmət edən bu növ şeirdə başlıca rolu hər hansı bir hekayə oynayır. Belə nəzm əsərlərində məcazlar sistemi, demək olar ki, gözlənilmir. Heca ölçüsü ilə qələmə alınan bu nəzm əsərləri əsasən dördlüklərdən ibarət olur: I, II və IV misralarda qafiyə sistemi gözlənilir. Bunların yazılışı çox asan olduğu üçün hər bir gənc şairin diqqətini cəlb edir. Ancaq bu sahədə tanınmış şairlər azlıq təşkil edir. İkinci şeir növü parçalardır. Bu şeir parçaları mənzum hekayədə olduğu kimi deyil, yəni yerli şivə ilə yazılmır. Bu şeir növü struktur baxımından yeni şeirə bənzəyir, amma heca vəzni ilə, mənzum hekayələrdə olduğu kimi, xəbər vermək tərzində yazılır.
Üçüncü növ xoyratlardır. İraq türkmanının varlıq simvolu – xoyratlar. Azərbaycanda bayatılar kimi tanıdığımız xoyratlar İraq türkman ədəbiyyatında bütün şairlərin qələmini sınadığı bir şeir növüdür. Xoyratlarda İraq türkmanlarının bütün dünyagörüşü, həyat tərzi, doğumundan ölümünə qədər keçən yaş mərhələləri, sevinc və kədərləri öz əksini tapıb. İlk misrası üç, dörd və ya beş hecalı cinaslı sözlərdən ikinci, üçüncü və dördüncü misraları yeddili hecadan ibarət xoyratlar dərin düşündürücü gücə malik dördlüklərdir. Bəzən altı, səkkiz və daha çox misralardan ibarət olan xoyratlar cinas baxımından fərqlilik yaradır. Burada tam cinas, mürəkkəb cinas, cinasi-məfruq, cinasi-lahiq, cinasi-naqis və muxərrəf cinas kimi adlarla səciyyələnir. Xoyratlar özləri də cinaslı və cinassız olmaqla iki qismə bölünür. Xoyratları "könüllərdən fışqıran içli duyğuları min bir sədaqətlə əks etdirən parlaq güzgü" kimi rəmzləşdirən görkəmli folklorşünas Ə.Tərzibaşının fikrincə, xoyratlar söz sənəti baxımından divan ədəbiyyatı ilə ortaqdır: "Söz bakımından divan edebiyatının belirli bir takım unsurlarını ihtiva etmiştir. Hoyratlarda göze çarpan mecazlar, teşbihler, özel kavramlar ve daha başka bazı sanat unsurları hep divan şiirinin tesiri sebebiyle belirmiştir".
1959-cu ildən sonra xalq şeirinin mövzu çərçivəsi daha da genişlənib. Qələm işgəncələrə, haqsızlıqlara qarşı mübarizədə bütün hücumlara cavab verə biləcək çox iti bir silaha çevrilib, milli davanı bir hədəfə çevirib, xalqı qəflət yuxusundan oyatmağa çalışıb. Bu növ şeirin əsas onurğa sütununu təşkil edən xoyratlardır. Xoyratlar böyük mənalar ifadə etməkdədir. İraq türkmanları arasında, demək olar, hər bir hadisə ilə bağlı yaradılmış xoyratlar var. Çağdaş İraq-türkman ədəbiyyatında mühüm yeri olduğu üçün yeni bir şəkildə və yeni bir tipdə xalqın arzu və istəklərini, sevinc və kədərini ifadə etmək baxımından xoyratlar böyük əhəmiyyət daşıyır. Osman Məzlumun xalq arasında geniş yayılaraq sevilən aşağıdakı xoyratını şifahi xalq ədəbiyyatı örnəklərindən ayırmaq çətindir:
Ya dalında
Öt bülbül ya dalında.
Bir diyar məzar olsun
Qalmasın yad əlində.
Uzun illər boyu öz doğma dilində təhsil haqqından məhrum olan bir xalq üçün ana dilində yaradılan bu şeir örnəkləri "bölgədə Türklüyü ayaqda tutan ən önəmli ünsür" olub. Həmçinin xalqın milli düşüncə tərzinin formalaşmasında önəmli yeri olan xoyratlar türk şeirinin ən qədim şəkillərindəndir. Dörd misradan ibarət olub qısa, lakonik sözlə böyük mənalar yaradan bu şeir parçasına Kərkükdə qoryat, Azərbaycanda bayatı, Türkiyədə mani deyilir. Xoyrat 7 hecadan ibarət olub az sözlə çox məna yaradan, geniş mövzuları əhatə edən, musiqili sözlərlə ifadə olunan kiçik şeir parçalarıdır. Kərküklü şair Şəmsəddin Kuzəçinin altı misralı cinaslı xoyratı mövzu baxımından da diqqəti cəlb edir:
Ya nar dalda
Ya heyva, ya nar dalda.
Bağvan bağa xor baxsa,
Quş gözünnən yaş axsa,
Açan gül yanar dalda.
Yadı bağvan etsələr,
Yanar bağ, yanar dal da.
Xoyratlar qədim zamanı təmsil edir və çağdaş ədəbiyyatda ayrıca yeri var. Bəzən muğam havası ilə ifa olunur. Türkman xalq muğamlarının ortasında oxunur. İraq-türkman ədəbiyyatında bu növ şeir yazan şairlər Əbdülətif Bəndəroğlu, Əsəd Ərbil, Kamal Mustafa Daquqlu, Şevket Kamal, Cümhur Kərküklü, Cihad Dəmirçi, Sirvan Saçıuzun, Əli Günəş, Türkeş Məhəmməd Tuzlu, Şükür Bozox, Ərtan İsmayıl Tuzlu, Duyğun Nuri, Necdət Mustafa Ələk, Ömər Ağbaş, Kamal Ömər bəy, Hazim Şükür, Şahin Dayı Qadir, Nihad Bayraqdar və başqalarıdır.
İraq türkman ədəbiyyatında xoyratlarla yanaşı müxtəlif mövzulu manilər də geniş yayılıb. Rza Çolakoğlunun atalar sözləri, deyimlərlə zənginləşdirdiyi maniləri bu baxımdan maraq doğurur:
Bu bağların barı var,
Heyvası var, narı var.
"Sirrin demə yarına,
Yarının da yarı var.
Bu şeir növləri arasında dördüncü olan beşliklərdir. Beşliklərin yeni məz¬mun və mövzu kəsb etməsində Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" poemasının böyük təsiri olub. Bu poema ilə 60-cı illərdən tanış olmağa başlayan İraq türkmanları arasında əsərə nəzirə yazanlar ordusu yaranıb – desək yəqin ki, səhv etmərik. Bu orduya Hüseyn Əli Mübarək başçılıq edir. Onun "Tuzxurmatu" poeması 127 beşlikdən ibarətdir. Bu mövzuda 16 müəllif öz poemasını yazmışdı. "Gürgür baba" karvanına qoşulanlar arasında Sabir Dəmirçi, Məhəmməd Mehdi Bayatlı, Sabah Abdullah Kərküklü, Faruq Köprülü, Fövzi Əkrəm Tərzioğlu və başqaları da var. Əbdüllətif Bəndəroğlu da bu siyahıda qərar tutur. Şairin "Gurgur baba" poeması 46 beşlikdən ibarətdir. Bu beşliklər xalq dilində yazılması ilə birgə həm də xalqı yaxından düşündürən və duyğulandıran hisslərin təcəssümüdür:
Dil açarkən açdım anam yanımda,
İlk söz gəzər damarımda, qanımda,
Hələ gəzər yürəgimdə, canımda.
Gurgur baba, ana dilim unutmam,
Xalq yolundan başqa bir yol heç tutmam.
İraq-türkman ədəbiyyatında xalq şeirinin janrları türkülər, manilər, dörtlüklər, beşliklər, xoyratlar, ninnilər, layla və ya leylilər, yas mərasimlərində oxunan sazlamalar (yaxud sızlamalar) və uşaq nəğmələridir. Yazılı ədəbiyyatda ən qədim xalq şeiri nümunələri XIX əsrdən yaradılmağa başlamış XX əsrdə də öz inkişafını və əzəmətini davam etdirib. Bu gün də xalq yığıncaqlarında coşqu ilə qarşılanır. İraq-türkman xalq şeirinin davamçıları Kifrili Xəlil Münəvvər, Haşım Rəşad Ağsu, Fələkoğlu, Naseh Bəzirgan, Məhəmməd Mehdi Bəyatoğlu, Sabir Dəmirçi, Xızır Qalib Kəhyə, Şövkət Kamal, Mustafa Əli Mübarək, Kövsər Saqi Bağvan, Səlahəddin Nacioğlu, Şəmsəddin Türkmənoğlu və başqalarıdır. Bu şairlər xalq şeiri ənənələrini daha qüvvətli şəkildə təmsil edərək bu sahədə yüksək ustalıq nümayiş etdiriblər.
Səkinə QAYBALIYEVA
filologiya üzrə fəlsəfə doktoru