“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit Ədəbiyyat

“Qeser” dastanı və etnik-mədəni, tarixi-coğrafi mühit

Ortaq dünyabaxışlar, kultlar, inanclar, mənəvi ruh qavrayışlarının dastanlarda əksi
5-ci yazı

Bütünlüklə bəşəriyyət tarixinə bu ölçüdən baxılsa həm sarı-monqol irqə mənsub xalqlara aid köklü dünyabaxışlarının, təsəvvürlərin, inancların və s. mürəkkəbliyi, müxtəlifliyi bəlli olar, həm də bunların digər irqlərə aid mədəniyyətlərə etdikləri güclü təsirlər müəyyənləşər. Hər nə qədər insan cəmiyyətinin ümumi protodil dövrü haqda maddi-mənəvi ölçülər cəhətdən birliyindən danışılsa da, antropoloji cəhətdən hər üç irqin təşəkkül tapıb ayrılması kimi, həmin zaman ərzində də dünyanı dərk eib qavramada onlar arasında hiss olunacaq dərəcədə fərqliliklər yaranmağa başlayır. Mifologiyada həmin yaxınlıqlar və müxtəlifliklər tipoloji, genetik cəhətdən ayırd edilib ümumiləşdirilir. Qarşılıqlı təsirləri (diffuziya) müəyyənləşdirdikdə özünəxas cəhətlər də üzə çıxır. Bəşəriyyət tarixinin son 7-5 min ilində irqlər, xalqlar, mədəniyyətlərarası əlaqədə "qələvi" (katalizator, - prosesi sürətləndirən, maraqlıdır ki, tarixin son üç min ili üçün ural-altaylara da eyni dəyər verilir) əhəmiyyəti daşımış şumerlərin danılmaz təsirləri seçilib ayrılsa, onda hər üç irqə aid köklü dünya təsəvvürləri bəlli olar. İrqi-genetik deyilə biləcək bu fərqlilikləri müqayisə yolu ilə Şərqin qədim Çin, Qərbin yunan və Cənubun Misir səviyyəsində təkrarsız, qabaqcıl mədəniyyətlərinin müqayisəsi ilə də aydınlaşdırmaq olardı. Makro maddi dünyada Qara Kütlədən milyardlarla qalaktikadan ibarət Böyük Qalaktika yaranıb. Bunların da hər birindən milyardlarla günəş quruluşları əmələ gəlib. Eyni ardıcıl təkamüllə canlı, şüurlu insan aləmində də ilk insanabənzərlərdən "ağıllı insanlara" (homo sapiens), üç böyük irqə, onlara xas olan dünya təsəvvürlərinə və tədricən köklü mədəniyyətlərədək şaxəli inkişaf davam edib. Gerçək budur ki, bir başlanğıcdan yaransalar da irqlər, genetik kodlaşma müxtəliflikləri, mədəniyyətlər mövcuddur. Nə qədər bəşəriyyət zahiri cəhətdən görünən birliyə doğru getsə də, bu fərqliliklər cansız, canlı aləmdəki rənglər, dadlar kimi özü özünü daxildən təkrar yaradıb tənzimləyərək davam edir. Hər şey insanların heç zaman müdaxilə edə bilməyəcəyi səviyyədə inkişaf edir. Buna görə də ural-altay xalqlarına aid ortaq genetik dəyərlər nə qədər ümumbəşəri makro-mənəvi dünyanın tərkib hissəsi olsa da (Hegelin "Böyük Ruh" və parçaları arasındakı əlaqəsi), yenə də müstəqil yaranmış sahə kimi tədricən təkrarsız xüsusiyyətlər qazanıb. Həmin qanunauyğunluq mahiyyətcə özünü eyni ilə ural-altay xalqlarının öz qapalı dünyasın¬da monqol-mancur, türk, fin-macar və s. ayrılmalarında da qoruyub saxlayır. "Bütün halqaları bir-birinə bağlı olub, biri digərini döğuran və doğuraraq yaşadan etnik-mədəni ənənənin hər hansı kənar təsirlərə cavabı isə bütövlüyündən gəlir". Monqol-mancurların buddaçılığalamaçılığa, türklərin islama, fin-macarların xristianlığa müxtəlif tarixi siyasi-mədəni səbəblərə görə daxil olmaları ilə ortaq genetik dəyərlər bəzi hissələrdə "donaraq" olduğu kimi ibtidai şəklində qalır. Digər sahələri yad ruh aləmi ilə uyğun oxşar cəhətlərinə görə "ikili" – amorf vəziyyətə düşür. Müqavimətə dayana bilməyən bölgələr isə "aşınmaya" uğrayaraq öz qədimliyini zəiflədir. Təbii inkişafın tələbinə və xarici təsirlərə baxmayaraq, hər bir mədəniyyət, ənənələr quruluşu öz dünyası qılafında hərəkət edir.
Beləliklə, bütünün (makro, tam) parçalara bölünüb ayrılması, şaxələnərək çoxalıb genişlənməsi və öz qapalı sərhədlərini çəkməsi təkamülünün bir mərhələsində ural-altay xalqlarının ortaq genetik dəyərləri də yaranır. Bunların dil cəhətdən fərqli şivələrə, ləhcələrə, ən sonda müstəqil dillərə bölünmələri ilə yanaşı məskunlaşdıqları ərazilərin uzaqlığına, tarixlərindəki siyasi-mədəni hadisələrə mütənasib mənəvi-ruh sahələri də yaranır. Yəni bütün bunlar genetik dəyərlərin inkişafında da əks olunur.
Uyğun olaraq da türk etnik-mədəni quruluşunun böyük ural-altay genetik-etnik birliyinin tərkib hissəsi olmağı ilə həm də mifoloji düşüncə dövründə dünya modelinin, mifopoetik ictimai şüurun onlarda (ural-altaylarda) eyni olmasını qəbul etmək olardı. "Qeser"dastanının ilk başlanğıcından da qədim ortaq mifik düşüncədə şəkilləşmiş dünya modeli özünü açıq göstərir. Qədim etno-genetik dünya görüşünə görə xaos-kosmik düzən, sudan qurunun yaranması, yerin, göyün, suyun, qurunun bir-birilərindən ayrılmaları müəyyənləşir. Bunların ardınca tanrının, qəhrəmanın fəaliyyətləri başlayır, üçlü dünya modeli sabitləşir. "Qeser" dastanının mətnlərinin çoxunda həmin etno-genetik dünya ölçüləri özünü açıqca göstərir.
Bəllidir ki, tipoloji cəhətdən mifoloji düşüncədə dünyanın yaranmasının xaos-kosmik düzən qarşıdurmasından keçməsi dərki qədim ural-altaylara da xas dünyabaxışdır. Daha doğrusu, bu qədim dünyabaxış digər etnik-genetik birliklərə nisbətən bunlarda daha güclü dərk edilib qavranılıb. Məhz bunun təsiridir ki, C.Bəydilinin də vurğuladığı kimi, "ənənəvi türk cəmiyyəti təbiətdəki nizama uyğun qurulmuşdu. Kosmik dünya modeli ilə dünya nizamı və türk dövlət təşkilatı arasında bağlılıq vardı".
Həmin dövrün dünyasının mənəvi-ruh halını dərk etmək üçün çağdaş zamanda dini ideyaların hakim olduğu cəmiyyətlərin düşüncə və həyat tərzlərinə nəzər salmaq yetərli olardı. Qanunauyğun olaraq hər hansı bir etnik-mədəni birliyin keçmişini öyrənmək, qiymətləndirmək üçün onlara aid mifologiyadan başlanılmalıdır. Mifologiya həmin birliyin bütün taleyini, var olmasını – keçmişini, indisini, gələcəyini öz xromosomlarındakı genetik kodlarda qoruyub saxlayan inkişaf halındakı rüşeymdir. Bütünlüklə mifologiyanın təməlini təşkil edən mifoloji düşüncə və bunun yaratdığı dünya modelini müəyyənləşdirmək – tam mifoloji quruluş (sistem) yaratmaq üçün ayrı-ayrı mətnlərin yığcamlaşdırılıb birləşdirilməsi ardıcıllığı ural-altayların da (türklər, monqollar) mifologiyasını dəqiqləşdirmədə tədbiq olunur. Tədqiqatda türk və monqol xalqları arasındakı etnik-mədəni əlaqələrin inkişaf birliyi dəyərləndirildiyinə görə, bunların maddi-mənəvi cəhətdən ortaq keçmiş dövrlərinə aid mifologiyalarına da bir bütöv şəklində baxmaq olar. Sonralar əsas xətlərin dəyişməz qalması ilə müstəqil türk və monqol mifologiyası yaranır.
Türk, monqol mifologiyalarının yaxınlığı, fərqliliyi mifoloji varlıqlar, insan, təbiət münasibətləri, mifik görüşlər, ayinlər (ritual) arasındakı əlaqə, anlayış-surətlər, ruh adları, maddi aləmlə əlaqəli dağ, çay, ağac və s. varlıqlar, kosmos, göy cisimləri: bürclər, ulduzlar, günəş, ay, müxtəlif motivlər, kultlar və bunların rəmzlərinin mifoloji düşüncədə əksinin müqayisəsi ilə müəyyənləşir.
Ural-altaylarda (türk, monqol) mifopoetik yaradıcılığın xüsusiyyətləri, kos¬mik dünya modeli, tanrı anlayışı, təbiət və insan əlaqəsinin dərk edilməsi qədim türk dastanlarının, "Qeser"in ilk səhifələrindən özünü bitkin şəkildə ortaya qoyur. Buna görə də monqol uligerlərinin, qədim türk dastanlarının oxunması, ifası zamanı yaranan ruh halı dini mətnlərin təsirini verir. Təsadüfi deyil ki, monqollarda, tibetlərdə "Qeser" dini əhəmiyyətdə tutulub xüsusi məqsədlə oxunur. Orxon-Yenisey yazılı daş abidələrindəki mətnlərdə də həmin müqəddəslik ruhu özünü qoruyaraq keçmişi (diaxron), bu günü, gələcəyi (sinxron) qiymətləndirmək üçün öyüd-nəsihət, vəsiyyət məqsədində və mahiyyətində verilir. Ural-altayların mifopoetik yaradıcılığında, kosmik dünya modeli təsəvvürlərində həm də tanrı anlayışının semit-hamitlərdən, hind-avropalılardan tamamilə fərqli olması aydınlaşır. Tanrı anlayışı irqi-genetik cəhətdən onlara yaxın olan çinlilərdən də fərqlənir. Yaratdıqları "dünyəvi" deyilən dinlərlə semit-hamit allah qavrayışına görə insanların mənəvi aləmləri də daxil olmaqla "O" hər zaman hər yerdədir. Hind-avropalılarda həmin anlayış qədim yunanlara görə maddənin (materiyanın) kiçik bölünməz hissəciklərdən (atomlardan) ibarət olması, bunlar arasındakı əlaqənin ruh kimi qəbul edilməsi mahiyyətindədir. Çinlilər tanrını uca göydə qəbul etməklə onun ruhunun eyni zamanda dünyanı, təbiəti təşkil edən bütün varlıqlarda olduğuna inanırdılar. Türklərdə isə, qeyd edildiyi kimi, tanrı anlayışı bunlardan tamamilə fərqlidir. Tanrı ancaq uca göydədir, heç bir cansız, canlı varlıqda o təcəssüm oluna bilməz. Bütün cansız, canlı aləm onun ruhu qəbul edilən günəşin şüalarının təsiri nəticəsində yaranır. İnsan heç vaxt tanrıya yaxın ola bilməz, yox ki, cismində, ruhunda onu daşıya. İnsan da daxil olmaqla bütün varlıqlar tanrıya aiddir.Tanrının xüsusiyyətlərinə, keyfiyyətlərinə şərik çıxmaq bağışlanmaz günahdır (tanrı Kayra xan tərəfindən kişinin, Erliyin qovulması). Altay "Yaradılış" dastanında, "Orxon-Yenisey" abidələrində təsvir olunduğu kimi, insan ancaq yerlə (təbiət) göy (tanrı) arasında – üstəkindən aşağıda, yerdəkindən yuxarıda, yaşayıb-yarada bilər. Bir çox müasir dövr təlimlərinin dərk səviyyəsinə görə də tanrı ilə insan arasındakı fərq, əlaqə məhz türklərin qavramasına uyğundur. Semit-hamitlərdə, yəhudilikdə Musanın özünü allaha tay tutması, Sinada, Tur dağında onunla söhbət etməsi, xristianlıq¬da İsanın özünü allah qəbul etməsi şəklində buraxdıqları səhvləri sonralar islamda allaha şərik çıxmaq olmaz, peyğəmbər allah ilə insanlar arasında əlaqələndirici, elçidir, allahı görmək, dərk etmək mümkün deyil və s., səviyyələrdə düzəldilir. Müqayisələrdən dərk edildiyi kimi, semit-hamit ruhundakı həmin "yeniləşmələr", "islahatlar" açıqca qədim ural-altay tanrı anlayışının təkrarlarıdır. Həmin oxşar, uyğun xüsusiyyətlərinə, keyfiyyətlərinə görə də türklər islamın qəbuluna etinasız (loyal) münasibət bildiriblər.
Maraqlıdır ki, sarı-monqol irqin, qədim türksoyluların semit-hamitlərə mənəvi-ruh, dini-inanc səviyyəsində göstərdikləri təsirlərə m.ö.XVIII-XIII əsrlərdə, şumer-hurrit əsilli qiksosların, kassitlərin Misirdəki siyasi-mədəni nüfuzları zamanı da rastlanır. Tarixin müəyyən dövlərində həmin vəziyyətin eyni ilə təkrarlanması həm maddi-ruh aləmində, təbiətdə dövri inkişafların yenidən yaranmasını əsaslandırır, həm də türksoyluların qədimdən başlayaraq genetik cəhətdən həmişə bəşəriyyətin inkişafına təkan verən güc olmasını təsdiqləyir. Sarı-monqol (burada ural-altaylar) irqə aid maddi-mənəvi, siyasi-iqtisadi üstünlüklərin həmişə bütün dünyaya təsir etməsini və tarazlıqlı olaraq da bunların mənəvi-ruh aləmində əks olunmasını gerçək tarixi hadisələr də əsaslandırır.

Tahir Nəsib
filologiya üzrə fəlsəfə doktoru