Tatar ədəbiyyatı – 6-cı yazı Ədəbiyyat
İsmayıl bəy Qaspiralı: həyatı və yaradıcılığından səhifəfələr (1851-1914)
6-cı yazı
“Arslan qız” qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış əsərdir. Əsərin mövzusu tarixi hadisələri özündə əks etdirir. Şərqi Türkistan bölgəsinin Üçturfan şəhərini Çi Linq adında zalım sərkərdənin başçılığı altnda 30 min çinli əsgərin və 10 min kalmık bütpərəstinin mühasirəyə alması və onlara qarşı Gülcamal adlı cəsur bir türk qızının başçılığı ilə xalq mübarizəsinin təsviri əsərin mövzusunu təşkil edir. Üçturfan şəhəri ilə Kaşqar arasında rabitəni kəsən Çi Linq şəhər əhalisinə təslim olmaq üçün bir gün vaxt verir. Əks təqdirdə bütün insanları qılıncdan keçirəcəyi ilə hədələyir. Bölgə mühafizi Alaca bəylə Şeyx İzzət Ata çinlilərin məktubunu müzakirə edib təslim olmamağı qərarlaşdırsalar da, əksər məmurlar təslim olmağa tərəfdar çıxırlar. Lakin pərdə arxasında məclisin qərarını dinləyən Şeyx İzzətin qızı Gülcamal məclisə gəlir və təslim qərarını verən məmurlara öz etirazmı bildirir. O, hamının qarşısında bıçaqla saçlarını kəsib Kaşqara gedəcəyinə, onlarla əlaqə yaradacağına söz verir. Lakin həm Üçturfan şəhərində, həm də Kaşqarda çinlilərin yerli əhalidən satın alınmış casusları olduğu üçün şəhərdən çıxmaq çətin idi. Gülcamal onun gedişindən casuslar xəbər tutmasın deyə atının ayaqlarına keçə bağlayır ki, atın ayaq səsləri eşidilməsin. Gülcamal Kaşqara gəlir, kaşqarlılara gəlişinin məqsədini açıqlayır və onlardan kömək istəyir. Lakin şəhərin hakimləri ona kömək etməkdən imtina edirlər. Az vaxt keçəndən sonra onun qız olduğu bilinir. İgidliyinə görə hamı ona Arslan qız deyə müraciət edir. Daşdəmir bəy Kaşqar hakimliyindən uzaqlaşdırıldıqdan sonra o, Süleyman bəy ilə birlikdə tədbir hazırlayıb yeni şəhəri çinlilərdən azad edir. Döyüş zamanı 1000 türk igidi şəhid olur. Bundan sonra Kaşqar əsgərlərinin Üçturfan şəhərini müdafiə etmək üçün yola düşməsinə qərar verilir. Gülcamal bir qədər tez gəlir. Onun qurduğu plan əsasında Çin sərdarı Çi Linq Üçturfan şəhərini mühasirə edən qoşunlarını geri çəkərək Çinə qayıdır. Arslan qız şərəfli adını daşıyan Gülcamal düşməni şəhərdən belə qovur.
Bu əsərdə biz Gülcamalın simasında əsl vətənpərvər bir qızın obrazırn görürük. Müəllif onun simasında bir çox qəhrəmanlıq keyfiyyətlərini cəmləşdirə bilib. O, ilk növbədə namuslu türk qızıdır. Başa düşür ki, düşmən şəhəri alarsa, ilk növbədə qadınlar cariyəyə çevriləcək, onların isməti tapdanacaq. Gülcamal şərəfsiz, namusu tapdana-tapdana yaşamaqdansa, vətən uğranda “fədayi-can” olmağı üstün tutur: “Əlimiz ilə əsarəti boynumuza salıb, vücudumuzu düşmən üçün hifz etməkdənsə, canımızı fəda edərək şöhrət və rahat kəsb etmək daha əfsəldir” fikirləri onun hansı əqidə sahibi olduğunu bir daha təsdiqləyir.
Gülcamal min illər boyu döyüşlərdə türk ərənləri ilə çiyin-çiyinə vuruşub ad qazanan, idarəçilikdə xidmət göstərən türk qadınlarının layiqli nümayəndəsi kimi təqdim olunur. Onun amalı vətənin istiqlalı və insanların xoşbəxtliyidir. O, vətəni canından, sevgisindən üstün tutur. Buna görə də vətən darda olanda həyatı üçün ən təhlükəli məqamı belə nəzərə almadan addım atmağı qərarlaşdırır. Gülcamal tədbirli sərkərdə rolunu oynayan obraz kimi də yaddaqalandır. Onun Kaşqarda, Yenişəhərdə, Üçturfanda ordu qüvvələri cəm etmək, döyüş taktikası həyata keçirmək tədbirləri fikrin təsdiqinə əsas verir. Müəllif bu əsərində vətən müqəddəsliyinin kimliyindən asılı olmayaraq bütün vətəndaşların son damla qanına qədər vətən cəbhəsində müdafiəyə hazır olmalarının, qeyrət nümayiş etdirmələrinin və s. əhəmiyyət və vacibliyindən söz açır, yadelli ölkələrin müstəmləkə cəhdlərini tənqid edir.
Avtobioqrafik səciyyə daşıyan “Gündoğdu” romanı İ.Qaspiralının həyat və fəaliyyətinin müəyyən cəhətlərini əks etdirmək baxımından xarakterikdir. Roman 1905-ci ildə “Tərcüman” qəzetinin 4, 1906-cı ildə isə 3 sayında dərc olunub. Lakin müəllif romanı tamamlaya bilməyib, əsərdə təsvir olunan hadisələr yarımçıq qalıb. Əsərin baş qəhrəmanı krımlı gənc Daniyal bəydir. İ.Qaspiralı əslində Daniyal bəyin prototipidir. Həyatından məlumdur ki, İ.Qaspiralı daim millətin tərəqqisini arzu edir, bütün varlığını şam kimi bu yolda əridir. O, doğma Krımı qarış-qarış gəzərək xalqın adət-ənənə, məişət və yaşayış tərzlərini öyrənmiş, bu səyahətlərin nəticəsi kimi millətin cəhalət qa-ranlığında kor olduğunu görür, çarə yolları axtarır. Daniyal obrazının simasında biz bu halın şahidi oluruq. Daniyal bəydə millət sevgisi yüksəkdir. Lakin o, “millətin halına aşina olmadıqca millətə xidmətin mümkün olmayacağını” başa düşür və buna görə millət haqqında “məlumatını artırmaq qərarı verib millət arasına atılır.”
Bu zaman biz Daniyal bəyin toylarda, məclislərdə, ağalar ziyafətində, mədrəsə bölmələrində iştirak edərək “əməli dərslər” aldığının şahidi oluruq. Bütün əsər boyu Daniyal millət fədaisi rolunda çıxış edir. O, millətə daha yaxından kömək olmaq üçün kənddən vilayət mərkəzinə köçüb advokatlıq etməyə başlayır. Daniyal millətin vəkili kimi az vaxt içində şöhrət tapır. Lakin bu şöhrət onu arxayın salmır. Millətin geriliyi onu ciddi narahat edir, daim düşündürür: “Nə etməli, millət uyumuş isə nə ilə oyandırmalı, xəstə isə nə ilə sağaltmalı, yaralanmış isə yarasını nə ilə bağlamalı, sehirlənmişsə sehri nə ilə pozmalı, canını və vücudunu nə ilə hərəkətə gətirməli?” Göründüyü kimi “nə etməli?” suallar narahatçılığı əhatəsində Daniyal əzilib-yorulsa da, çarənin müşkül olduğunu anlasa da millət sevgisi onun qüvvət və ümidlərinə güc verir. Eyni zamanda yazıçı əsərdə millət sevgisini Daniyalın ümid və qüvvətini artıran yeganə səbəb hesab etmir: “Daniyal bəyin ümidinə daha bir səbəb var idi. Hər nə qədər müsəlmanlara vaxtı keçmiş bir millət, hətta ölü bir millət demək adət olmuş isə də, Daniyal bəy bu qənaətdə deyildi, ...millətin diri olduğuna, ancaq dərin yuxuda bulunduğuna inanmışdı.”
Bu səbəbdən Daniyal millət yolunda çalışmaqdan çəkinmir. Başa düşür ki, millət ölü deyilsə, yatmışsa onun oyanması mümkündür. Əgər oyanarsa, ayağa qalxacaq, ayağa qalxacaqsa, başqa millətlər kimi irəli gedəcək. Bu cəhət əsərin ideyasını təşkil edir. Ümumiyyətlə, “Gündoğdu” romanı maarifçilik ideyalarının təbliği və təntənəsi baxımından İ.Qaspiralı yaradıcılığında əhəmiyyətli yerlərdən birini tutur. Əlbəttə, bu səbəbsiz deyildir. Tanınmış ədəbiyyatşünas alim, İ.Qaspiralı yaradıcılığının görkəmli tədqiqatçısı prof. Xeyrulla Məmmədov bu halı belə qiymətləndirir: “O (İsmayıl Qaspiralı-E.Q.) belə hesab edirdi ki, zəmanə dəyişib, orta əsrlərdə dəbdə olan istilalar və fəthlər dövrü artıq arxada qalıb. Müasir şəraitdə xalqın vaxtilə nail olduğu möhtəşəm şöhrəti indi maariflənmək yolu ilə geriyə qaytarmaq olar.”
İ.Qaspiralının “İvan və Süleyman” hekayəsində tərəqqi və inkişaf maarifçi ideyalarla birbaşa əlaqələndirilir. Bu ideya eyni məhəllədə yaşayan, eyni yaşda, eyni qabiliyyətdə olan iki oğlan uşağının həyatı fonunda təqdim olunur. Müəllif bu eyniliklər içrisində məqsədli olaraq fərqləri də nəzərdən qaçırmır. İdeya məhz bu fərq müstəvisində açıqlanır. İki məhəllə uşağı İvan və Süleyman 8 yaşında məktəbə gedirlər. İvan rus, Süleyman isə müsəlman məktəbində oxuyur. Dörd il oxuduqdan sonra İvan oxuyub-yazmaq, hesab öyrənir, İncili başa çıxır. Süleyman isə bir il əlifba keçdikdən, üç il isə təkrar 3 dəfə Quranı başa çıxdıqdan sonra məktəbdən çıxarıldı. Amma nə yazı-pozu, nə də hesab bilmir. Misirdən Müsyo Bardo adlı bir tacir gəlir. O, hər iki uşağı Misirə oxumağa göndərmək istəyir. İvanın anası Mariya, oğlunun təhsil almağa getməsinə icazə versə də, Süleymanın anası Həlimə xanım bu işə razılıq vermir. İvan oxumağa gedir. Süleyman isə məhəllədə qəhvə satmaqla gün keçirməyə başlayır. Onun qazancı olmadığı üçün anası aclıqdan əziyyət çəkir və dünyasını dəyişir. Süleyman anasının ölümündən sonra evlənsə də ailəsini dolandırmaqda çətinlik çəkir, yenə də maddi sıxıntı içində boğulur, İvan isə oxuyub ticarət sahibi olur və anasına vaxtlı-vaxtında pul göndərir. Bir gün İvan doğma şəhərinə gəlir. Süleymanın ağır vəziyyətini görüb onu özü ilə Misirə aparmaq istəyir. Lakin Süleymanın həyat yoldaşı və onun qohumları bu gedişə mane olurlar. İvan dostuna bir qədər pul verib, təəssüf hissi ilə ondan ayrılır.
Müəllif Süleymanın düşdüyü vəziyyəti bilavasitə fanatik müsəlman baxışları və mollaxana təhsil sistemi ilə bağlayır. Çünki Süleyman da İvan kimi tərbiyəli, ağıllı, təhsilə maraqlı, zəhmətkeşdir. Lakin İvandan fərqli olaraq Süleyman heç bir yazı-pozu öyrədə bilməyən məhəllə məktəbini bitirir. Müəllif bunu Süleymanın həyatının sonrakı dövrünün çətinliyi üçün səbəb hesab etsə də, Müsyö Bordonun gəlişi ilə onun həyatını yaxşı mənada dəyişmək imkanlarının mümkünlüyünə yer saxlayır. Qeyd etdiyimiz kimi, mühitin cəhalət təfəkkür və baxışları yaranmış bu imkanın da üstündən xətt çəkir. Çünki müəllifə görə nə qədər ki, müsəlman mühiti maarif və məktəbdən uzaqdır, insanlar bir o qədər də cəhalət qaranlığında həyata kor baxacaq, tərəqqidən uzaq olacaqlar. İ.Qaspiralı maarif və məktəbi cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. O, hər bir insanın, hər bir millətin gələcəyini yüksək maariflənmədə görürdü.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor