Azərbaycan parlament seçkilərinə hazırlaşır... Siyasət

Azərbaycan parlament seçkilərinə hazırlaşır...

Yenə də mojaritar qaydada...

Arzu Şirinova

Bir müddət əvvəl mətbuat informasiya yaydı ki, Ermənistan prezident üsul-idarəsindən parlament sisteminə keçir. Yəni Ermənistanda yeni konstitusiya layihəsi hazırlanır. Yeni layihədə ölkədə prezident və parlament seçkilərinin qaydaları dəyişdirilir və seçkilərin proporsional sistem əsasında keçirilməsi nəzərdə tutulur.
Ermənistan Ədliyyə Nazirliyinin saytında yerləşdirilmiş informasiyada deyilir ki, ilkin olaraq dərc edilmiş 7 fəsil Konstitusiyanın əsas müddəalarını təşkil edir və ölkədə vətəndaşların əsas azadlıqları, vəzifələri yer alır. Eyni zamanda qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşması mexanizmləri, prezidentin, parlamentin, hökumətin, məhkəmənin hüquq və vəzifələri göstərilir.
Yeni Konstitusiya layihəsinə əsasən, Milli Məclis beş ilə seçilir, proporsional sistem əsasında keçirilən səsvermədə minimum 101 deputatın səs verməsi tələb olunur (indiki redaksiyada majoritar dairələr üzrə 131 deputatın səsverməsi ilə seçilir). Əgər seçkilər nəticəsində heç bir siysi qüvvə parlamenti formalaşdırmağa müvəffəq olmursa, onda parlament seçkilərinin ikinci turu keçirilir, səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin güman edilən proqramının əsas bəndlərini təqdim etmək hüququna sahibdir.
Öz növbəsində, prezident 7 illik bir müddətə seçilir. Amma indiki halda 5 illik iki müddətə seçilmək mümkündür. Qüvvədə olan sistemdən fərqli olaraq, yeni Konstitusiya layihəsində prezident seçkiləri keçirilmir, dövlət başçısını parlamentin deputatları seçir. Prezidentliyə namizəd vermək üçün ümumi deputat seçicilərinin minimum 1/5 hissəsinin səsi lazımdır. Ümumi seçici səslərinin minimum 3/5-nü yığmış namizəd prezident seçilir.
Əgər birinci turda heç bir namizəd səslərin lazımlı miqdarını yığmağa müvəffəq olmursa, onda ikinci tur elan olunur və ilk turda iştirak edən bütün namizədlər qatılır. Qələbə üçün seçicilərin səslərinin ən azı yarısını yığmaq lazımdır. Əgər heç bir namizəd səslərin lazım olan miqdarını yığa bilmirsə, bu dəfə üçüncü tur elan edilir. İkinci turda səslərin ən çoxunu toplamış 2 namizəd sonuncu turda qatılır və səslərin ən çoxunu yığan namizəd qalib seçilir.
Güman edilir ki, yeni layihədə prezidentə ancaq səfirlərin təyinatı, diplomatik statusların, silahlı qüvvələrdə çalışanlara hərbi rütbələrin verilməsi və baş nazirin təyinatı ilə bağlı səlahiyyət verilir. Amma Konstitusiyanın indiki redaksiyasında prezident yuxarıda göstərilənlər və başqa təyinatlar üzrə müstəqil qərar qəbul edir. Hərbi vəziyyətlər zamanı baş nazir Ali Baş Komandan olur. İndiki halda Silahlı Qüvvələrin Ali Baş Komandanı prezidentdir.
Yerli erməni ekspertləri yeni sistemin Ermənistan üçün faydalı olacağını, yeni nə verəcəyini söyləməkdə çətinlik çəkirlər. Onların fikrincə, parlamentar sistem daha çox güclü dövlətlər üçün yararlıdır.
Bu, qonşumuz, həm də düşmənimiz olan Ermənistanda baş verən proseslərdi ki, nəticəsini yaxın gələcəkdə görəcəyik. Digər qonşumuz- hansı ki, Azərbaycanın nefti və qazı borular vasitəsilə qardaş Türkiyəyə, oradan isə, məlum ölkələrə ixrac edilən- Gürcüstanda parlamentə seçkilər həm də proporsional sistemlə 2012-ci ildən olmaqla keçirilir. Yəni 150 deputat yerindən 77-si proporsional sistemlə həllini tapır.
Azərbaycanda isə yalnız mojaritar sistemlə parlament seçkiləri keçirilir. Və proporsional sistemin də labüdlüyü dartışılan mövzulardandır.
Ilk olaraq bu məsələni Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası gündəmə gətirdi. Belə ki, bütün siyasi təşkilatların marağını özündə əks etdirən və 2007-ci ildə siyasi gündəmi bəzəyən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təkliflərini də hazırlayaraq həm Milli Məclisin, həm də siyasi təşkilatların və ictimai qurumların müzakirəsinə təqdim etdi. Sonra isə dəyirmi masa təşkil edərək, bütün partiyaların nümayəndələrinin fikirlərini dinləməyə və bölüşməyə hazır olduğunu bildirdi. Dəyirmi masaya toplaşanların demək olar ki, hamısı, o cümlədən Yeni Azərbaycan Partiyasının nümayəndəsi də, BAXCP-nin təkliflərini dəstəklədiklərini bəyan elədilər. Həmin təkliflərdə qeyd olunurdu ki, parlamentə həm proporsional, həm də mojaritar qaydada seçkilər keçirilsin. Bu zaman cəmiyyətdə siyasi partiyaların rolu artar, demokratik mühitin yaranması sürətlənər. Bunun üçün 2010-cu ildəki parlament seçkilərinin 50 faiz proporsional və 50 faiz majoritar seçki sitemilə keçirilməsi, ancaq 2015-ci il parlament seçkiləri zamanı tamamilə proporsional seçki sisteminin tətbiq olunması təklif olunurdu.
BAXCP-nin təkliflər paketində Hazirlər Kabinetinin səlahiyyətlərinin genişləndirilməsi də başlıca məsələlərdən biri kimi göstərilirdi. Çünki ölkə Konsititusiyasına əsasən, Hazirlər Kabineti yalnız icra səlahiyyətlərinin həyata keçirilməsində təşkilati funksiyaları yerinə yetirir. Ancaq həmin sənədlərdə bildirilir ki, Hazirlər Kabineti Azərbaycan Respublikasının prezidentilə birlikdə icra səlahiyyətlərini həyata keçirən orqandır. Eyni zamanda, Hazirlər Kabinetinin sədri və üzvləri parlament seçkilərində qalib gəlmiş siyasi partiyalar və yaxud siyasi partiyalar bloku tərəfindən formalaşdırılır. Bu da siyasi partiyaların hökumətin formalaşdırılmasında iştirakına, ölkədə koalision hökumətlərin qurulmasına, partiyalararası əməkdaşlığın genişlənməsinə imkan verəcək. Hazırda həm nəzəri, həm də praktik baxımdan 49,99 faiz səs toplamış bir partiyanın hökumətin formalaşdırılmasında iştirakı mümkün deyil. Çünki mütləq həmin siyasi partiyanın nümayəndəsi prezident seçilməlidir. Axı ölkədə hökuməti prezident formalaşdırır. Ancaq parlament seçkilərində vəziyyət dəyişir, bir partiyanın 40 faizdən çox səs toplaması demokratik ölkələrdə çox çətin olur. Ona görə də bir neçə partiyanın birgə hökumət formalaşdırmaq imkanları yaranır və partiyaların hökumət formalaşdırmaq təcrübəsini toplamaq imkanları olur. Bu da həlledici məqamlarda partiyaların bir araya gəlməsini asanlaşdırır.
BAXCP yenə də ənənəsinə sadiq qalaraq 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına əlavələr edilməsinə dair təkliflərini hazırlayaraq ictimaiyyətin müzakirəsinə verdi. Həmin ilin sentyabrında ölkədə fəaliyyət göstərən siyasi təşkilatların, vətəndaş cəmiyyəti üzvlərinin iştirakıyla partiyanın mərkəzi qərargahında hazırlanan sənədin geniş müzakirəsi keçirildi.
Ancaq təəssüflər ki, Azərbaycanın bütün vətəndaşları üçün önəmli olan bir məsələyə hakimiyyət çox laqeyd yanaşdı. Halbuki, demokratik ölkələrin əksəriyyətində parlamentə seçkilər bu qaydada keçirilir.
Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Yenə də mojaritar qaydada.