Avropa Komissiyasının ikiüzlülüyü Siyasət

Avropa Komissiyasının ikiüzlülüyü

Rəsmi Bakıya tövsiyyələr nədən xəbər verir?

Cavid

Martın 27-də Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində ölkələrə dair hesabat açıqlayıb. Hesabatda altı Şərq qonşusunun - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın uğurları, eləcə də çatışmazlıqlar olan sahələr göstərilib.
Hesabatda Avropa Komissiyasının gələcək addımları, Avropa Birliyinin növbəti 7 ildə 15.4 milyard avronu necə xərcləyəcəyi müəyyənləşdirilib.
Azərbaycanla bağlı hissədə göstərilir ki, 2013-cü il AB-Azərbaycan ikitərəfli münasibətlərində həlledici il olub. Azərbaycanın Vilnüsdə sammitində iştirakı AB - Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün potensialı üzə çıxarıb. Assosiasiya Sazişi və Strateji Modernizasiya Tərəfdaşlığı üzrə danışıqlar, eləcə də enerji məsələlərində əməkdaşlıq davam edib. Azərbaycanla Strateji Enerji Tərəfdaşlığı gücləndirilib; Avropa enerji təhlükəsizliyini artıracaq "Cənub Qaz Dəhlizi"nin tikintisinə dair addımlar atılıb.
Ancaq o da qeyd olunub ki, demokratik idarəçilik və insan haqları islahatları baxımından çox az irəliləyiş əldə olunub. 2012-ci ilin Fəaliyyət Planındakı tövsiyələrdən sonra Azərbaycan ictimai vəsaitlərin idarəolunması məsələlərini qismən həll edib, uyğun olaraq korrupsiya ilə mübarizə sahəsində bəzi addımlar atıb. Ancaq seçki qanunvericiliyinin ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması üçün əsas tövsiyələrə əməl olunmadığı da vurğulanır. Bildirilir ki, defamasiya və rəqabətlilik qanunvericiliyinə dair qanunlara dəyişiklik olunmayıb. Azərbaycana tövsiyyələr də verilib.
Hesabatda o da vurğulanıb ki, 2011-ci ildə İnsan Hüquqlarına dair Milli Fəaliyyət Planının qəbuluna baxmayaraq, onun bəzi maddələri kağız üzərində qalıb. Seçkiöncəsi bütün sahələrdə siyasi azadlıqlar əsaslı sərtləşdirilib: ifadə azadlığı pisləşib, jurnalistlər və fəallara təzyiqlər artıb, toplaşmaq azadlığı məhdudlaşdırılıb, QHT qanunvericiliyi məhdudlaşıb. Korrupsiyaya qarşı mübarizə sistematik xarakter daşımayıb. 2013-cü ildə məhkəmə sistemində müstəqillik çatışmayıb.
Ənənəvi olaraq hesabatda Azərbaycanla bağlı tənqidlərə daha geniş yer verilib ki, bu də bir çox hallarda reallığı əks etdirmir və Avropanın rəsmi Bakıya qarşı ikili standartlarından xəbər verir.
Ekspert Tərlan Həsənovun fikrincə, Avropa Komissiyasının bu hesabatında bəzi məqamlar sadəcə, hesabat xatirinə salınıb: "Baxın onların tövsiyyələrinə, deyilir ki, seçki qanunvericiliyi ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılsın, gələcək bələdiyyə və parlament seçkilərindən öncə səmərəli icrası təmin olunsun. Məgər bizdə Seçki Məcəlləsinə ələvə və dəyişikliklər həmin qurumların razılığı və rəyi ilə edilməyib?"
Ekspert onu da bildirib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tövsiyyələr də işğalçı Ermənistanın maraqlarını qoruyur.
Qeyd edək ki, bu sənəddə bildirilir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Minsk qrupu çərçivəsində öhdəliklərinə uyğun olaraq sülh üçün əsas kimi "Madrid Prinsipləri" razılaşmasına doğru addımlar atılsın. Gərginliyi artıracaq və sülh prosesini zədələyəcək hərəkət və bəyanatlardan çəkinilsin. Münaqişənin həllinə doğru mühit yaratmaq, müvafiq sülhyaratma tədbirləri həvəsləndirilsin və dəstəklənsin, AB təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışı təmin olunsun, gərginliyi artıran hərəkət və bəyanatlar dayandırılsın. T.Həsənov bildirib ki, Avropa Qarabağ məsələsində də öz tövsiyyələri ilə dolayısı işğalçı Ermənistan və onun maraqlarını müdafiə edib: "Yenilənmiş Madrid Prinsipləri elə Ermənistan tərəfindən qəbul edilməyib. Bunu Avropa rəsmiləri yaxşı bilirlər. Avropa hansı sülhdən danışır ki, bunu pozan elə Ermənistandır. Gündə atəşkəsin pozulması, Azərbaycanın mülki vətəndaşlarının cəbhə xəttində güllələnməsi, Ermənistan diversiya-təxribat qrupu üzvlərinin sərhədlərimizi pozması cəhdləri faktdır. Bölgədə monitorinq aparan ATƏT sədrinin nümayəndəsi Kaspirşikin ermənilər tərəfindən gülləyə tutulması Avropanın diqqətindən nə tez yayınıb?! Maraqlı bir məqamda odur ki, Avropanın Azərbaycanın işğal edilən torpaqlarını müharibə yolu ilə qaytara biləcəyindən narahatlığıdır. Ona görə də, gərginliyi artıran hərəkət və bəyanatların dayandırılmasını tövsiyyə edir. Bu Qərbin ermənilərə dəstəyinin bir təzahürü ilə yanaşı, müharibənin başlaya biləcək qorxusudur".
Politoloq Elşən Həsənov isə bildirib ki, Qərbin bu sənədində müsbət məqamlar çox azdır: "Bütünlükdə Azərbaycanda aparılan islahatlara, insan hüquqları sahəsindəki inkişafa, 3-cü sektorun genişlənməsinə, korrupsiyaya qarşı aparılan mübarizəyə, həmçinin Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının tutduğu mövqeyinə kölgə salınıb. Avropa Komissiyasının bu kimi sahələrdəki islahatları görməməzliyi onun öz günahıdır. Təbii ki, bu "kor"luq ikili standartlardan xəbər verir. Amma nəzərə almırlar ki, əgər Qərb işğalçı Ermənistanan belə hesabatlarla maraqlarını qoruyacaqsa, onda rəsmi Bakı torpaqlarını geri qaytarmaqdan ötrü müharibəyə əl atmaq məcburiyyətində qalacaq. Bu isə Qərbin narahatlığına səbəb olduğundan Qarabağla bağlı məsələdə qeyri-dəqiq tövsiyyələrini irəli sürür. Onsuz da arzuolunmaz Qərb diplomatları beynəlxalq hüquq prinsiplərini pozaraq işğal olunan ərazilərimizə səfərlər ediblər, işğalçılarla müəyyən görüşlər keçiriblər. Rəsmi Bakının icazəsi olmadan Qarabağa səfər edən diplomatlar qayıtdıqdan sonra müəyyən dairələrə hesabat veriblər. İndi Avropa Birliyinin təmsilçilərinin Qarabağ və ətraf regionlara maneəsiz çıxışının təmin olunması tövsiyyəsi nəyi dəyişir ki?!"