Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır Siyasət

Qərbi Azərbaycan – indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır

Tarixin müxtəlif vaxtlarında azərbaycanlılar etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunub. Onlar öz ata-baba yurdlarından deportasiya edilməklə pərən-pərən salınıb. Deportasiya edilmiş soydaşlarımızın böyük əksəriyyəti Azərbaycan ərazisində məskunlaşıb.

Soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilməli və tarixi ədalət bərpa olunmalıdır. Bu məqsədlə bir sıra əməli addımlar atılmağa başlanıb. Belə ki, avqustun 3-də Azərbaycanda “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.

Yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

"Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli bildirib ki, 44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı.

“Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu.

Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər – son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bugünə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını Qərbi Azərbaycan İcması adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.

Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz”, - deyə o bildirib.

Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır.

“Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik”, - deyə o əlavə edib.

Ermənilər çoxlu sayda nadir Azərbaycan memarlıq və tarixi abidələrini mənimsəyiblər və ya vəhşicəsinə dağıdıblar! XVII əsrə aid Xan Sərdar sarayı, XVIII əsrə aid Abbas Mirzə məscidi, XVIII əsrə aid Göy məscidi, 19-cu əsrə aid Həsənəli bəyin hamamı, Səlim, Talin, Əfşar karvansaraları ... Bu siyahını sonsuza qədər davam etdirmək olar, lakin erməni barbarları və millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən mədəni soyqırımının miqyasını təsəvvür etmək kifayətdir.

Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. “Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik”, - deyə o vurğulayıb.

44 günlük müharibədə qələbə çaldıqdan sonra işğalçılar tərəfindən zəbt edilən torpaqları geri qaytaran Azərbaycan qaçqınların hüquqlarının bərpasında ədalətə nail olmaq əzmindədir. Və bu baxımdan Ermənistandan deportasiya olunmuş soydaşları və onların varislərini birləşdirən “Qərbi Azərbaycan İcması” təşkilatının yaranması bu prosesin güclənməsində mühüm rol oynaya bilər. Azərbaycanlılar Qarabağa olduğu kimi tarixən yaşadılqları digər dədə-baba torpaqlarına tez ya gec qayıdacaqlar.