“Ermənistandan sülh addımları gözləmirəm” Siyasət

“Ermənistandan sülh addımları gözləmirəm”

Asim Mollazadə: "Rəsmi İrəvan öz siyasətini davam etdirir"

"Mən Ermənistan tərəfindən sülh istiqamətində atılacaq addım gözləmirəm. Rəsmi İrəvan öz siyasətini davam etdirir. Qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir və status-kvonu qoruyub saxlamağa çalışır". Bunu millət vəkili Asim Mollazadə bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, Ermənistan yalandan guya ki, danışıqların imitasiyasını həyata keçirir: "Əslində bütün bu addımlar beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib. Rəsmi İrəvana qarşı hər hansı bir sanksiyalar müəyyənləşməyib və təzyiqlər yoxdur. ATƏT işğalçı rejimə hüququn aililiyinə hörmətsizlik etməklə dolayısı ilə dəstək verir". A.Mollazadə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini qənaətbəxş hesab etməyib: "Bu gün ATƏT-in Minsk qrupu bir növ münaqişəni dondurmağa yönəlik bir siyasət həyata keçirir. Onlar regiona bütün səfərləri turizm xarakteri daşıyır. Təəssüf ki, irəliləyişə doğru heç bir nəticə yoxdur".