Bakı Yeni ilin ilk günündə: bayram ovqatı və şəhər gəzintisi Mədəniyyət

Bakı Yeni ilin ilk günündə: bayram ovqatı və şəhər gəzintisi

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti reportajı yanvarın 1-də Bakıda bayram ab-havasına həsr edilib.

Yeni ilin ilk gününü paytaxt sakinləri və şəhərimizin qonaqları xüsusi bayram ovqatı ilə qeyd edir. Şəhər mərkəzi, xüsusilə Dənizkənarı Milli Park, İçərişəhər və əsas prospektlər bayram dekorasiyaları ilə bəzədilib.

Bulvar tərəfə yol alanları Xəzərin sərin mehi qarşılayır. Dənizkənarı bulvarda addımlar yavaşlayır. Xəzər susmur, dalğalar sahilə ilin ilk sözlərini pıçıldayır. Soyuq hava yanaqları qızardır, isti çayın buxarı ovqatı yumşaldır. İnsanlar danışmaqdan çox baxır — səmaya, dənizə, bir-birinə. Bu gün sözlərə elə də ehtiyac yoxdur.

İçərişəhərdə isə sanki addımlar tarixlə yanaşı gedir. Daş küçələrdə Yeni il bəzəkləri qədim divarlarla maraqlı kontrast yaradır.

Bayram əhvali-ruhiyyəsi şəhərin hər bir guşəsində hiss edilir.

Bayram günlərində təşkil edilən müxtəlif şənliklər, uşaqlar üçün əyləncəli proqramlar paytaxtda xüsusi ab-hava yaradır.

Yeni iliniz mübarək olsun! Yeni ümidlər, yeni başlanğıclarla dolu bir il arzulayırıq.