Dövlət rəmzi Siyasət

Dövlət rəmzi

9 Noyabr –Dövlət Bayrağı Günüdür. Xalqımız Bayraq Gününü son iki ildə daha böyük təntənə ilə qeyd edir. Çünki bu bayramdan əvvəl tariximizə qızıl hərflərlə yazılmış 8 Noyabr- Zəfər Gününün sevincini yaşayırıq. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.

Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında Dövlət atributu kimi qəbul edilib. “Türkçülüyü, müasirliyi və islamçılığı” özündə əks etdirən bayrağımızın müəllifi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, böyük mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur.

Bu gün müstəqil Azərbaycanın Dövlət bayrağı kimi üçrəngli bayrağımızın qəbul edilməsində Ulu Öndərin müstəsna xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olaraq ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi Dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetində həmin vəsatətə baxılmış və Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Prezident İlham Əliyev hər zaman gənclərə bayrağımıza hörmətlə yanaşmağı və onu sevməyi tövsiyyə etmişdir. Cənab İlham Əliyev “Bayrağımız eşidən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” demişdir. Dövlət başçısı işğaldan azad edilmiş bütün ərazilərimizə səfəri zamanı ilk olaraq həmin yerdə Azərbaycan bayrağını dalğalandırır. Bu, dövlət başçısının Dövlət bayrağına olan böyük sevgisinin və ehtiramının bir nümunəsidir.

Azərbaycan bayrağı bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq.

Bayrağımız qürur mənbəyimizdir!

Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi