“Bir mövqe, bir prinsip olmalıdır” Siyasət

“Bir mövqe, bir prinsip olmalıdır”

Novruz Məmmədov: "Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin imzalanması üzrə işlər normal gedir"


"G-20" sammiti bu ilin ən mühüm hadisələrindən biridir. Bu sammitdə müzakirə olunan məsələlər uzun müddət müəyyən siyasi mərkəzlərin analitik təhlillərinin diqqət mərkəzində olacaq".
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Novruz Məmmədov bildirib ki, dünyada ticarətin 80 faizi bu 20 dövlətin payına düşür: "Bu ilin əvvəlindən dünyada proseslər intensivləşib, gərginləşib. Sammit ərəfəsində Parisdə baş verən terror hadisələri toplantıya diqqəti daha da artırdı. Belə terror aktlarının bütün məsələlərə, proseslərə müəyyən təsiri olur. Bu sammitdə də Paris terroru ilə bağlı məsələ geniş müzakirə olundu".
O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev sammitə xüsusi qonaq kimi dəvət olunub, tədbirlərin hər birində iştirak edib, nitq söyləyib: "Sammitə dəvət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu dəvət iki qardaş, tərəfdaş dövlətin beynəlxalq aləmdə gedən proseslərə mühüm təsirinin olduğunu nümayiş etdirir. Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın beynəlxalq, xüsusilə enerji sahəsində əməkdaşlıqda mühüm rol oynadığını qeyd etdi. Azərbaycan dövlət başçısının bu sammitdə iştirakı tarixi hadisədir".
Novruz Məmmədov bildirib ki, Azərbaycan prezidenti sammit çərçivəsində keçirilən iclaslarda iqlim dəyişiklikləri, dünya iqtisadiyyatının inkişafı, enerji təhlükəsizliyi, işsizliyin ləğvi, sərmayə strategiyası, qlobal çağırışlar, təhlükəsizlik kimi mövzularla bağlı çıxışlar edib, fikirlərini çatdırıb: "Prezident təhlükəsizliklə bağlı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha vurğuladı, Azərbaycan həqiqətlərini topantı iştirakçılarının diqqətinə çatdırdı".
Novruz Məmmədov sammit çərçivəsində bir sıra görüşlərin keçirildiyini xatırladıb:
"G-20 sammiti çərçivəsində ardıcıl iclaslar keçirilirdi, ona görə də görüşlər ayaqüstü olurdu. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obama, Rusiya prezidentiVladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri, Avropa Komissiyasının prezidenti, Malayziya baş naziri ilə görüşləri oldu".
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş keçirilib: "Bu görüş və qarşılıqlı səmimilik iki dövlət və prezident arasında səmimiliyin bir göstəricisi idi".
Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, Azərbaycanın məqsədi Avropa ilə, Qərblə sıx əməkdaşlıq olub: "Azərbaycan bu günə qədər postsovet, MDB məkanında Qərblə ən uğurlu əməkdaşlıq edən dövlətdir. Ancaq Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Yəni bizə münasibətdə ədalətli olsunlar. Son bir neçə ildə Avropada, ABŞ-da bəzi dairələr bizə ədalətsiz münasibət göstərdi və biz də buna münasibətimizi bildirdik. Biz deyirik ki, gəlin bir-birimizə qarşı ədalətli olaq. Bu gün dünyada müşahidə etdiyimiz hadisələr böyük dövlətlərin apardıqları siyasətin nəticəsidir. Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar".
Avropadakı miqrasiya problemibə toxunan Novruz Məmmədov bu məsələdə Azərbaycanın təcrübəsindən istifadənin mümkünlüyünü dilə gətirib: "Bir il ərzində Avropaya 800 minə qədər qaçqın gəlib və görün bu, hansı problemlərə səbəb olub. ABŞ-da da artıq müzakirə edirlər ki, Suriya və İraqdan qaçqın qəbul etməsinlər".
Novruz Məmmədov Azərbaycanın üzləşdiyi qaçqın problemindən danışıb: "Azərbaycan Qarabağ münaqişəsi nəticəsində 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı. Ölkəmiz o çətin dövrdə bu problemin öhdəsindən bacarıqla gəldi. Avropa Azərbaycanın bu sahədə təcrübəsini öyrənə bilər. Ancaq Azərbaycanın bir dəfə də adını çəkmirlər. Azərbaycan Avropa ilə "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq edirsə, biz Assosiasiya sazişi təklif edirlərsə, niyə Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri qeyd etmirlər? Həmin dövlətlərin bəzi qurumları ildə bir neçə dəfə Azərbaycanla bağlı müxtəlif məsələlərə dair bəyanatlar verir. Bəs bu qurumlar niyə qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasından danışmır? Azərbaycandakı siyasi muzdurları müdafiə edirlər. O dövlətlərin qurumları qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, torpaqlarımızın işğalı, BMT qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə bağlı da bəyanat versinlər. Bunlar olmayanda, Azərbaycanla münasibət qurmaq çətin olur. Bu, Qərbin səhvi, məsələlərə tam ədalətlə yanaşmamasının nəticəsidir".
Rusiyanın xarici işləri naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatdığını vurğulayıb: "Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsın. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın".
Novruz Məmmədov bildirib ki, Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur: "Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərində də bu müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır".
Novruz Məmmədov prezidentlərin görüşü barədə rəsmi məlumatın olmadığını da dilə gətirib. O, bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev görüşlərdən çəkinmir: "Bununla belə, yalnız irəliyə doğru addım atmaq niyyəti görünərsə, belə görüş baş tuta bilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar. Lakin görüş barədə məndə hələlik rəsmi məlumat yoxdur".
Avropa İttifaqı-Azərbaycan münasibətlərini şərh edən Prezident Administrasiyası rəhbərinin müavini qarşılıqlı əlaqələrin inkişafına maneə olan bir sıra məsələlərə də diqqət çəkib: "Dost bildiyimiz, bizimlə sıx əməkdaşlıq edən Avropa İttifaqıbizi özünə sıx bağlamaq istəyir, assosiasiya sazişi təklif edir. Bəs nə üçün assosiasiya sazişi ilə bağlı mətndə bizim ərazi bütövlüyümüzü tanımırlar?! Azərbaycanda özünü müxalif qüvvə adlandıranlar bu barədə heç vaxt danışmırlar".
Novruz Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə ən sıx və geniş əməkdaşlıq edən dövlətlərdən birincisidir: "Biz onlara bildirdik ki, Moldovaya təklif edilən assosiasiya sazişinin mətnində Avropa İttifaqının bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyi yazılırsa, bəs niyə Azərbaycanla bağlı mətndə bu yazılmır? O zaman soruşdular ki, bəs siz nə istəyirsiniz? Biz Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş təklif etdik. O zamandan indiyə qədər bu sənəd üzərində işləyirlər. İşlər normal gedir. Bizim mövqeyimizin ədalətli olduğunu başa düşürlər. Bir az fikirləşdikdən sonra biri digərinə deyəcək ki, Azərbaycan düz deyir, biz Azərbaycana qarşı niyə belə edək, Ermənistan 25 ildir bu ölkənin ərazilərini işğal altında saxlayır. Düşünürəm ki, bu istiqamətdə atılan addımlar nəhayət, Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sazişin həddi-buluğa yetişməsinə gətirib çıxaracaq. İstədiyimiz də budur ki, Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalansın".
Novruz Məmmədov Avropa İttifaqının Ermənistanla da assosiasiya sazişi imzalamaq istəməsini tənqid edib: "Ermənistanın indi harada təmsil olunduğu məlumdur. Belə yanaşma olmaz axı, bir mövqe, bir prinsip olmalıdır. Biz deyirik ki, Azərbaycan bu gün Avropanın 8 mühüm dövləti ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb və Avropa İttifaqı ilə də strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətindədir. Biz istəyirik ki, bərabərhüquqluluq, qarşılıqlı hörmət şərtləri qorunsun. Ərazi bütövlüyümüz də daxil olmaqla, bu şərtlər qorunub saxlanacaqsa, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalayacağıq".