Qarabağ münaqişəsi vaxtında həll olunsaydı... Siyasət

Qarabağ münaqişəsi vaxtında həll olunsaydı...

Azay Quliyev: "İndi çoxu beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma 20 ildən çoxdur buna məhəl qoyan yoxdur"

ATƏT Parlament Assambleyasının Kopenhagendə keçirilən büro iclasında Ukraynadakı böhran və komitələrin qurumun Bakıda keçiriləcək 23-cü illik sessiyasına təqdim etmək üçün hazırladıqları hesabat və qətnamələrin müzakirəsi, ATƏT-ə sədrlik edən İsveçrənin hazırladığı fəaliyyət planı müzakirə edilib.
müzakirə olunub. İclasda AŞPA-nın Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev də çıxış edərək, Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını müdafiə edib.
Azay Quliyev deyib ki, bugünkü böhranlı vəziyyətin yaranmasında beynəlxalq təşkilatlar da az məsuliyyət daşımırlar: "ATƏT və digər beynəlxalq qurumlar regionda mövcud olan dövlətlərarası münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin vaxtında və ədalətli həllinə nail olsaydı və qəti qərarlar qəbul edərək ölkəmizin ərazi bütövlüyünü təmin etsəydi, indiki vəziyyətin şahidi olmazdıq. İndi çoxu beynəlxalq hüququn kobud şəkildə pozulmasından danışır, amma təəssüf ki, biz 20 ildən çoxdur bu haqda danışsaq da, buna məhəl qoyan yoxdur. Yaranmış gərgin vəziyyət ATƏT üçün bir imtahandır və bunun öhdəsindən gəlmək üçün yol xəritəsi hazırlanmalı və cəsarətli qərarlar qəbul edilməlidir".
Azay Quliyev ATƏT PA Təhlükəsizlik və Siyasi məsələlər Komitəsinin məruzəçisi Pia Kaumanın hazırladığı və Bakıda keçiriləcək 23-cü illik sessiyaya təqdim olunacaq qətnamə layihəsinə əlavə təklif edib: "ATƏT ərazisində mövcud olan münaqişələrin tarixinə baxsaq görərik ki, bütün bu münaqişələrin hamısı saxta referendum keçirməklə başlayıb. Bunun qarşısını almaq üçün ATƏT açıq şəkildə bildirməlidir ki, bu tipli referendumlar üzv ölkələrin konstitusiya və qanunları çərçivəsində olmalı və birtərəfli şəkildə elan olunan separatçı fəaliyyətə yol verilməməlidir".
Azay Quliyev əlavə edib ki, ATƏT-in bir üzvünün digərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi və bunun qətnamədə ayrıca bir maddə ilə qeyd olunması vacibdir.