Baş nazir Milli Məclisdə hesabat verdi Siyasət

Baş nazir Milli Məclisdə hesabat verdi

Artur Rasizadə: "Qeyri- neft sektorunun inkişafında şaxələndirməyə böyük önəm veririk"

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyə 3 məsələ daxil edilib. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi üçüncü oxunuşda və "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Əvvəlcə Parlamentin sədri Oqtay Əsədovun təklifi ilə Ankaradakı terror hadisəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatını Milli Məclisə təqdim edib.
O, bildirib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb.
"2015-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsul real ifadədə 1,1% artıb. 2015-ci ildə ölkənin qeyri-neft sektoru 10% artıb. Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib".
Hökumət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycanda qeyri kənd təsərrüfatı sahəsini inkişaf etdirilməsi məqsədi ilə 269 sənaye müəssisəsi yaradılıb.
"Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Bu məqsədlə bir sıra layihələr həyata keçrilməkdədir. Artıq bu məqsədlə regionların sosial-iqtisadi vəziyyətinin inkişaf etdirilməsi ilə bağlı nəzərdə tutulan 3-cü dövlət proqramı icra olunmaqdadır. Biz qeyri- neft sektorunun inkişafında şaxələndirməyə böyük önəm veririk. Belə ki, təkcə aqrar sahəyə deyil, eyni zamanda sənaye, maşınqayırma, gəmiqayırma, kosmik sahə və digər sahələrin inkişaf etdirilməsi istiqamətində işlər görülür. Məhz bunun nəticəsində 2015-ci ildə qeyri-neft sektoru 70 faizədək inkişaf edib. Təkcə 2015-ci ildə 269 müəssisə yaradılıb. Biz bundan sonra da bu sahənin inkişaf olunmasına çalışacağıq".
Baş nazir vurğulayıb ki, ötən hesabat dövründə Azərbaycanda müasir formada beş qaçqın və məcburi köçkün şəhərciyi tikilib, istifadəyə verilib: "Bu qəsəbələrə 15 mindən artıq məcburi köçkün və qaçqın köçürülüb. Qəsəbələrədə bütün sosial şərait yaradılıb. Bu qəsəbələrin salınmasına 430 milyon manat vəsait xərclənib". Baş nazir qeyd edib ki, ordunun müasir silah-sursatla təmin edilməsi istiqamətində müvafiq addımlar atılıb: "Silahlı Qüvvələrin işğalçı tərəfə verdiyi cavablar bunu bir daha sübut edir. Silahlı Qüvvələrə yardım Fonduna ianə kimi daxil olan məbləğ 70 milyon manatdan çox olub. Hərbi sənaye kompleksinin müəssisələrində müdafiə təyinatlı məhsullar istehsal edilir. Neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlər arasında müşahidə edilən geosiyasi proseslər ziddiyətli durum yaradıb. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, uğurlar əldə edilməsi o qədər də asan deyil. Prezidentin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkənin inkişafına, xalqın rifahına və əmin-amanlığına nail olacağıq".
Daha sonra hökumətin 2015-ci il hesabatı üzrə deputatların müzakirəsi başlayıb. İlk olaraq çıxış edən Yevda Abramov Qubanın Qonaqkənd kəndində çayın bərkitmə işlərinə diqqət çəkib. Deputat bildirib ki, əgər bu işlər aparılmazsa, gələcəkdə başqa kəndlərin sel təhlükəsi ilə üzləşməsi an məsələdir: "Əgər Qonaqkənd-Şamaxı yolu tikilirsə, bu işlərin içərisində bəndvurma işlərini də aparmaq lazımdır. Sabah sel olsa, biz onun fəsadlarını aradan qaldırmaq üçün milyonlar xərcləyəcəyik".
Yevda Abramov qeyd edib ki, "Azərişıq" əhaliyə milyonlarla manat borc yazır: "Mənim özümə 787 manat borc yazıblar. 20 il əvvəl ölmüş şəxsə 920 manat borc yazılıb. Yəqin Belə şeylərlə xalqı ayağa qaldırmaq olmaz. Xalq belə şeylərdən narazılıq edir. İnsanlar prezidentin şəkillərini götürərək sosial çətinliklərə etiraz edirlər. Görünür ki, insanlar prezidentdən razıdırlar. Görünür az qala bizim və nazirlərin yerinə də prezident işləyir. Hamı işləməlidir, bu belə, olmamalıdır. Hökumət üzvləri televiziyaya çıxıb vəziyyəti izah etmirlər. Onların əvəzinə efirlərdə müğənnilər didişirlər".
Deputat elmira Axundova isə deyib ki, respublikamızın bütün bölgələrində sosial mənzil fondunun yaradılması zəruridir. O qeyd edib ki, mənzil qıtlığının yaranması ilə bağlı yüzlərlə şikayət gəlir: "Respublikanın bütün regionlarında sosial mənzillər tikilməli, gənc, aztəminatlı, çoxuşaqlı ailələrə verilməlidir. Sosial mənzil fondunun yaranması tikinti sektorunda da canlama yarada bilər. Ünvanlı sosial yardım İnstitutu çox təəssüf ki, özünü doğrultmadı, əhalidə ələ baxımlılıq formalaşdırdı. Yardımlıda görüşlərdə hiss etdim ki, müraciətlərin 90 faizi ünvanlı sosial yardım və maddi köməyin edilməsi ilə bağlı idi. Cəmiyyət daxilində müxtəlif narazılıqlar yaradılıb. Sosial yardımı ala bilməyənlərlə yanaşı, alanlar da onun həcminin azlığından şikayətlənir. Bildiyim qədər nazirlik bunun yeni forması üzərində işləyir, bu işi sürətləndirmək lazımdır".
Deputat qeyd edib ki, aztəminatlı ailələrə mikrokreditlər verməklə,onları işlə təmin etmək olar: "Və ya onlara iş yerləri açmaqla əl baxımlılıqdan azad etmək lazımdır". Elmira Axundova ikinci dərəcəli kənd yollarının səmərəsiz bərpa edilməsi, işlərin keyfiyyətsiz görülməsi, təzə tikilən və qurulan məktəblərdə istilik sisteminin olmaması, kəndlərdə torpaqların əkib becərilməməsi, iri qəsəbə və kəndlərdə gənclərin asudə vaxtlarının keçirilməsi üçün obyektlərin olmamasına da diqqət çəkib: "Diqqətə çatdırmaq istədiyim məqamlardan biri də iaşə obyektlərin, məktəb və bağçaların bufetlərində sanitar-gigiyena qaydalarına riayət edilməməsidir. Respublikada Hepatit B və C virusu, qurd xəstəlikləri geniş yayılıb. Bunun səbəbi bufetlərdə sanitar normalara riayət edilməməsidir. Sovet zamanında iaşə obyektlərində çalışan insanlar tibbi müayinədən keçirdi. Hal-hazırda bir sıra yerlərdə, böyük otellərdə bağçalarda buna riayət edilir, amma əksər müəssisələrdə edilmir. Səhiyyə Nazirliyinin Sanitar, Epidemioloji və Gigiyena Mərkəzi bu məsələdə diqqətli olmalıdır. Həmçinin təklif edirəm ki, belə yoxlamalar Səhiyyə Nazirliyin müvafiq qurumalarında aparılsın və özəl xəstənalara arayış verilməsi qadağan edilsin".
Millət vəkili Rəşad Mahmudov isə deyib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı işçi qrupun yaradılması təklif olunur.
Onun sözlərinə görə, bu işçi qrup İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqəli şəkildə işləməlidir: "Hesab edirəm ki, icbari tibbi sığortanın pilot qaydada tətbiqi vaxt itkisinə və problemlərin yaranmasına səbəb ola bilər".

Millət vəkili Fəzail İbrahimli çıxış edərək deyib ki, məmurlar ictimaiyyətə açıq olmalıdır: "Milli Məclis xalqın ümid qapısıdır. Milli Məclisdə ciddi qəbul rejimi var. Deputatlar axırıncı şikayətçini yola salmadan işdən getmir. Gəldilər, dinlədik, qulaq asdıq, sonra nə edək? Şikayətlərin ünvanlara çatdırılması üçün məmurların telefonları, qapıları, özləri bizə açıq olmalıdır. Qapılar var, taybatay açıqdır. Kim deyə bilər ki, baş nazir Artur Rasizadə ilə problemləri həll etmək mümkün deyil? Artur Rasizadə məmur əxlaqı məktəbinin banisidir. Kim deyə bilər ki, daxili işlər naziri ilə problemi həll etmək çətindir? Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək mümkündür? Kim desə, o, Ginnesin rekordlar kitabına düşməlidir. Hacıbala Abutalıbovun qəbuluna düşmək mümkün deyil".
Fəzail İbrahimli bildirib ki, deputatların iki yolu var: "Birinci, bununla razılaşıb, poetik dildə desək, ümidi üzüb, Kərəmin gününə düşmək. Digər yol isə prezident İlham Əliyevin qeyd etdiyi kimi, məmur xalqın xidmətçisidir prinsipinə sadiq qalaraq uğurları gözdən salan, ortada yeyib qıraqda gəzənlərə sipər olmaqdır. Bu, həqiqətin yoludur, zamanın bizə diktə etdiyi yoldur".
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Musa Quliyev "səhiyyə sahəsində, xəstəxanalarda yaranmış xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasını səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm",- deyə bildirib. O bildirib ki, indiki şəraitdə geniş özəlləşdirməyə getmək lazımdır. Deputat qeyd edib ki, müəyyən dövlət rüsumlarını müəyyən edərək şəxsi evlərin, mənzillərin özəlləşdirilməsinə gedilərək büdcəyə vəsait gələ bilər. Bundan əlavə o, deputat seçildiyi bölgənin problemlərinə də toxunub: "Yardımlı rayonunda işıq dirəklərinin köhnəlməsi və sıradan çıxması nəticəsində onlar meşədən qırılan ağaclarla əvəzlənib, lakin bunlar təhlükə mənbəyidir. Həmçinin maliyyə yükünün nə qədər olmasına baxmayaraq Yardımlı və Masallı rayonlarının sərhəd kəndlərində ATS-lərin quraşdırılmasına diqqət yetrilməlidir. Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə də danışmışam. Bu məsələlərə diqqət yetirilməlidir".
Musa Quliyev deyib ki, ötən il ölkəmizdə "Kənd təsərrüfatı" ili idi: "2015-ci il bu sahədə uğurlu oldu. Artıq bir çox ərzaq məhsulları ilə özümüzü təmin edirik". O qeyd edib ki, Azərbaycanda ixracyönümlü məhsullar da istehsal olunur. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev aqrar sistemə daim öz dəstəyini göstərir. Deputat təklif edib ki, Gəncə-Bakı aviareysi hər gün həyata keçirilsin: "Gəncə-Bakı aviareysi qaydaya salınmalıdır. Bunun üçün elə bir böyük vəsait də tələb olunmur. Bu reys gah həyata keçirilir, gah da yox. Bu aviareysdən təkcə həmin bölgənin adamları istifadə etmir. Bu istiqamətdə hər gün təyyarə reyslərinin təmin olunmasını xahiş edirəm".
Deputat Fərəc Quliyev deyib ki, manatın 48%-lik devalvasiyası Mərkəzi Bankın sərəncamında olan rəsmi valyutanın həcminin manat ekvivalentində artmasına səbəb olub. O qeyd edib ki, həmin vəsait kredit götürənlərin hüquqlarının qorunmasına sərf oluna bilərdi, amma sərf olunmadı : "21 dekabr devalvasiyasından sonra dollarla kredit götürənlərin borc öhdəliyi iki dəfə artıb. Bu o deməkdir ki, bir il əvvəl 10 min dollar kredit götürən şəxs faizlərlə birlikdə banklara 20800 manat ödəməlidir. Bu manat ifadəsində borcun 2 dəfədən çox artması deməkdir. Devalvasiya nəticəsində əhaliyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət heç bir addım atmadı. İndi də bu addımların atılması gözlənilmir. Bu isə banklara sərf edir. Fikrimcə, proseslərin bu cür davam etməsi doğru deyil, narazılığı aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Mən təklif edirəm ki, əhaliyə kömək məqsədi ilə birinci mərhələdə əsas borclar, sonra faizlər, daha sonra isə cərimələr ödənilsin".
Millət vəkili Əli Məsimli isə qeyd edib ki, kreditlərlə bağlı ağırlıq əhalinin üzərinə düşüb: "Ağırlığın bir faktorun üzərinə düşməsi düzgün deyil. Bu, sistem xarakterli bir məsələdir. Biz kreditlərin ödənilməsi ilə bağlı təkliflər hazırlayırıq və bu təkliflər müvafiq qurumlara göndəriləcək".

Əli