20 ilin “mehriban düşmənləri” Siyasət

20 ilin “mehriban düşmənləri”

Sərdar Cəlaloğlu: "Qəmbər və Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi bugünkü vəziyyətə gətirib çıxarıb"

"Azərbaycan siyasi qüvvələrinin problemidir ki, birincisi, ictimai hadisələr şəxsiləşdirilir, ikincisi, siyasi münasibətlərdə ifrata varılır. Yəni müxalifətdə iki lider arasında olan şəxsi-qərəzlik, bir-birini qəbul etməmək siyasi müstəviyə, partiyalar arasında rəqabətə çevrilir. AXCP və Müsavat Partiyasının rəhbərləri arasında Azərbaycan xalq hərəkatından başlayan intriqa bu gün də Azərbaycan müxalifətinin, hətta Azərbaycan cəmiyyətinin probleminə çevrilib".
Bunu APA-ya müsahibəsində Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb: "Müxalifət 20 ildir, bir addım da irəli gedə bilmir. Bizim bütün sosial enerjimiz iqtidarla müxalifət və müxalifətlə müxalifət arasındakı intriqalara gedir. Prezident seçkilərinə qədər Rusiyanın Milli Şuraya dəstək verməsi ilə bu qurumun çox ciddi perspektivli görünürdü. Amma Rusiya prezidenti Vladimir Putin Azərbaycana gəlib gedəndən sonra Milli Şuranın heç bir perspektivi qalmadı. Çünki Milli Şuranın xaricdən dəstəyi olmadı, qurumun daxilində də bir-birini qəbul etməyən qüvvələr, təşkilatlar yığılmışdı. Ona görə də dərhal Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov Milli Şuradan çıxdı. Sonra da Müsavat Partiyası Milli Şuranı tərk etdi. İndi Milli Şura AXCP və onun ətrafında olanlarından ibarət qurumdur. Milli Şuranın bundan sonrakı perspektivinə gəlincə, ölkənin siyasi həyatında ciddi iştirak edə, proseslərə ciddi təsir edə bilməyəcəklər. Bunu gizlətmək də mümkün deyil. "Mehriban düşmənlər" ifadəsi var. Müsavat Partiyası və AXCP arasında hansı problem varsa, ondan iki qat artıq problem AXCP və KXCP arasındadır. Sadəcə, bəzən situasiya elə olur ki, bir-birini qəbul etməyən qüvvələr də bir araya gəlir. İndiki halda bu iki partiyanın Milli Şurada olması da bununla bağlıdır. AXCP və KXCP-nin Milli Şurada birgə olması uzun müddət davam edə bilməz. Uzun müddət bir yerdə olmaq o ittifaqın möhkəmliyinə xidmət etməz, əksinə, zəifləməsinə gətirib çıxarar. Çünki bu, təşkilatdaxili ziddiyyətlərin saxlanılması deməkdir. Bu ziddiyyət Milli Şuradakı münasibətlərlə bağlı yaranmayıb, əvvəldən mövcud olub".
Sərdar Cəlaloğlu Eldar Namazova da "ilişib". Deyib ki, onun siyasi partiya quruculuğu, təşkilatçılıqla bağlı heç bir qabiliyyəti yoxdur və heç vaxt partiya yarada bilməz: "Mən belə deyəndə, xətrinə dəyir, deyir ki, Sərdar Cəlaloğlu mənimlə düşmənçilik edir. Partiya yaratmaq, təşkilatçılıq işləri həyata keçirmək fərqli məsələdir. Eldar Namazov nə vaxt istefa verib? 10 il əvvəl. 10 ildir, Eldar Namazov ən müxtəlif dövrlərdə bu təşkilatı yaradır, filan işi görür. Ortalığa bir şey qoya bilməyib".