“Müharibə prosesində iştirak edənlərin çoxu Ermənistandan gələn hərbçilərdir” Siyasət

“Müharibə prosesində iştirak edənlərin çoxu Ermənistandan gələn hərbçilərdir”

Qabil Hüseynli: "Çünki Qarabağda yaşayan əhalinin 2-3 min hərbçisi olar, ya olmaz"

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən variantlardan ən yararlısı Kazan variantıdır və onun üzərində iş gedir. Rusiyanın XİN rəhbəri Sergey Lavrov 7 rayonun geriyə qaytarılması ilə bağlı Kazan görüşündəki prinsiplərin əsas götürüləcəyini deyib. İndiki nizamlanma prosesində Lavrov prosesi adlanır".
Bu fikri politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, söhbət 6 rayon, Laçın rayonunun mərkəzi və Laçın dəhlizi çıxmaqla onun ətraf kəndlərinin Azərbaycana qaytarılmasından gedir: "Lakin ermənilərin təkidi ilə mərhələli həll planına çevirmək istəyirlər. Belə ki, işğal edilmiş ərazilərin geri qaytarılmasını 5+2 variantı ilə həyata keçirməyə çalışırlar. Azərbaycan isə buna qəti etiraz edir". Q. Hüseynli bildirib ki, Azərbaycanın etiraz etmək üçün ciddi əsasları var. Çünki söhbət Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin Ermənistan qoşunlarından azad edilməsindən gedir. Politoloq vurğulayıb ki, Ermənistan həmişə deyir ki, Qarabağda müharibə aparan "Artsax" özünü müdafiə qüvvələridir. Lakin son müharibə göstərdi ki, ölənlərin 95%-i Ermənistandan gələn hərbi qulluqçulardır: "Bu onu göstərir ki, müharibə prosesində iştirak edənlərin çoxu Ermənistandan gələn hərbçilərdir. Qarabağda yaşayan əhalinin 2-3 min hərbçisi olar ya olmaz".
Politoloq deyib ki, məsələnin həlli istiqamətində Qərb dövlətlərinin aktivliyi artmaqdadır: "Onlar təşəbbüsü təkbaşına Rusiyaya vermək niyyətində deyillər. Son günlər Qərb mətbuatında Ağ Evi hərəkətə çağıran yazılar yer alıb. Belə çıxır ki, son günlər yaranmış fürsətdən istifadə edərək Qərbin aparıcı dövlətləri – ABŞ, Britaniya, xüsusilə Almaniya proseslərə qatılmaq istəyir. Problemi beynəlxalq hüquq normalarına uyğun həll etmək istəyirlər".
Politoloq hesab edir ki, Rusiya Kazan variantını ortaya asta da, əlaltından nəsə etməyə, digər rayonların sonrakı mərhələyə saxlanmasına çalışır: "Lakin proses o qədər aydındır ki, burada hiylə işlətməyə yer qalmayacaq. İƏT-də XİN rəhbərlərindən ibarət təmas qrupu yaradıldı. Bu qrup Qarabağda həm qarşıdurma proseslərinə, həm də sülh yaratma prosesinə nəzarət edəcək. Bu o deməkdir ki, Azərbaycan diplomatiyası ciddi uğur qazanıb. Problemin həllinə dünyanın böyük bir hissəsinin dəstəyini əldə edə bilib. Bu nöqteyi-nəzərdən belə düşünmək olar ki, işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı 5+2 variantı olarsa, Azərbaycan bunu 6 rayon + Laçın kəndləri variantına çevirəcək və Dağlıq Qarabağın mühasirə həlqəsinə alınmasına nail olacaq".