Ukrayna hadisələri Minsk qrupunu iflic edəcəkmi? Siyasət

Ukrayna hadisələri Minsk qrupunu iflic edəcəkmi?

Ekspertlər onsuz da bu qurupun özünü çoxdan bitirdiyini deyirlər

Cavid

Xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə verdiyi açıqlamasında Ukrayna hadisələrindən sonra ATƏT-in Minsk qrupunda təmsil olan həmsədr dövlətlər arasında münasibətlərin kəskinləşməsindən danışıb.
O, bildirib ki, rəsmi Bakının ATƏT-in Minsk qrupunun həmsədrlərindən zaman çərçivəsində gileyləri həmişə çox olub: "Hazırkı geosiyasi vəziyyətdə Ukraynada baş verənlərlə bağlı olaraq həmsədr ölkələr arasında məncə əlaqələr həddən artıq gərginləşib. İnanmıram ki, Minsk qrupu çərçivəsində onlar bir araya gəlib, ortaq məxrəcin axtarışı yolları ilə ciddi şəkildə məşğul olsunlar. Əgər Minsk qrupunun hesabına hansısa görüntülü vəziyyət yaratmaq istəsələr, bu da bizim maraqlarımıza uyğun gəlmir".
O da faktdır ki, yarandığı gündən Minsk qrupu Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçilik missiyasını yerinə yetirməyib. Bu qrup həm Azərbaycan, həm də beynəlxalq təşkilatlar və dövlət rəsmiləri tərəfindən tənqid olunub. Qrupun bölgəyə səfərləri yalnız eyni bəyanatların verilməsi ilə nəticələnib. Bu bəyanatların da əksəriyyəti ermənilərin işğalçılıq siyasətini ört-basdır etməkdən ibarət olub. Qrupda təmsil olunan həmsədr dövlətlərin heç bir nümayəndəsi Ermənistanın işğalçılıq siyasətini tənqid etməyib və Ermənistanı işğalçı adlandırmayıb. Səthi olaraq münaqişənin sülh yolu ilə tənzimlənməsinin vacibliyini qeyd edərək missiyalarını başa çatdırmış olduqlarını zənn ediblər.
Ukrayna hadisələrindən sonra qrupda təmsil olan ABŞ və Fransanın digər həmsədr ölkə Rusiyaya qarşı münasibətinin dəyişməsi gərgin olan vəziyyəti daha da ağırlaşdıracaq. Amma etiraf edək ki, Ukrayna hadisələrindən öncə də Dağlıq Qarabağ münaqişəsinin həllində digər həmsədr dövlətlərə nisbətən yumşaq mövqe nümayiş etdirən ABŞ Rusiya və Fransaya təsir göstərə bilməyib. Fransa və Rusiya açıq şəkildə işğalçı Ermənistanın maraqlarını müdafiə edib.
Ermənistan prezidentinin keçmiş baş müşaviri, politoloq Jirar Liparityan bildirib ki, ATƏT-in Minsk qrupu daha mövcud deyil, o, artıq özünü bitirib.
Onun sözlərinə görə, Minsk qrupu üçlüyü hətta tutaq ki, Nigeriya, Mali və Malta kimi ölkələrin edə biləcəyini belə eləmir: "ABŞ Nigeriyadan fövqəldövlət olması ilə fərqlənir. Deməli, onun prosesə hansısa təsiri olmalıdır. Amma Amerika deyir ki, heç nə edə bilməz və yalnız təkliflərlə çıxış edir".
Xatırladaq ki, Liparityan Qarabağ problematikasına az-çox realist yanaşan azsaylı erməni politoloqlarındandır. O, məsələnin həllində məhz ABŞ-ın həlledici rol oynaya biləcəyini düşünür.
Milli Məclisin deputatı Musa Qasımlı isə söyləyib ki, 1992-ci ildən yaradılmış ATƏT-in Minsk qrupu özünün fəaliyyəti ilə artıq etimadı, ona olan inamı itirib. Minsk qrupu abstrakt bir qurum deyil, o, ayrı-ayrı ölkələrdən ibarətdir: "Biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini tənqid etməklə bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməliyik. Biz mütləq həm ikitərəfli, həm də çoxtərəfli əsasda Minsk qrupu ilə və bütövlükdə Minsk konfransına daxil olan ölkələrlə iş aparmalıyıq, eyni zamanda, həmin ölkələrlə ikitərəfli münasibətləri də genişləndirməliyik. Amma bu sirr deyil ki, dünyada ikili standartlar var və bu ikili standartların da hesabına Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll olunmayıb. Münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük vermək lazımdır və neçə illərdir Azərbaycan bunu edir. Yəni hələ ki, sülh imkanları tükənməyib və əvvəl-axır bu münaqişə həllini tapacaq".
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı da bu qrupun fəaliyyətindən şikayətlənib: "Mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır".
Dövlət İdarəçilik Akademiyası yaninda Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirlinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun bu müddətdə yeganə "müsbət" fəaliyyəti atəşkəs rejiminin qorunub saxlanması, hərbi əməliyyatlara başlanmamasıdır: "Münaqişənin həll olunub-olanmayacağı isə onlar üçün elə bir ciddi əhəmiyyət də kəsb etmir".
E.Nəsirli hesab edir ki, vəziyyətdən yeganə çıxış yolu Azərbaycan danışıqlar yolu ilə münaqişənin həlli youndan imtina etmədən, öz hərbi və iqtisadi potensialını gücləndirməkdir və bu yol daha optimal variantdır: "Digər variantlar isə dünyanın indiki reallığında mümkün deyil. Çünki Azərbaycan digər variantları seçəcəyi təqdirdə, haqlı olduğu halda haqsız vəziyyətə. İşğala məruz qalmaqla yanaşı ittiham olunan tərəfə çevriləcək. Ona görə də Azərbaycan danışıqlardan imtina etmədən hərbi yolla problemin həllinə nail olmaq üçün ciddi hazırlaşır və bu variant bizi qarabağ münaqişəsinin həllinə yaxınlaşdıra bilər".
E.Nəsirlinin fikrincə, elə bir reallır yarana bilər ki, ATƏT-in Minsk qrupa Ermənistana təzyiq edərək münaqşinən sülh yolu ilə həllini tələb edər və bunun üçün onların əlində kifayət qədər imkanlar var: "Bu baş verməyəcəyi təqdridə, siyasi rəhbərlik "X" günündə qərar verib, problemi hərbi güc yolu ilə həllinə nail ola bilər".
Ukrayna hadisələrindən sonra Qərbin Rusiyaya əzələ nümayişindən sonra Minsk qrupunda yaranacaq vəziyyətə gəldikdə isə politoloq Kamil Seyidovun fikrincə, heç nə dəyişməyəcək: "Qərb xristian təəssübkeşliyi göstərib Ukrayna məsələsində Rusiyanı hədəf götürüb. Mənə elə gəlir ki, Qarabağ məsələsində bu məqamlar nəzərə alınmayıb və bundan sonra da alınmayacaq. Fikir verin, Rusiya Ukraynanı işğal edib, digər ərazilərində də separatçılıq meylləri yaradır. Qərb hələ də onu sanksiyalarla hədələyir. Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ və Fransa da yaxşı dərk edirlər ki, Krım məsələsi necə yaranıbsa, Qarabağ münaqişəsi də Rusiyanın planına uyğun mövcuddur. Fikir ayrılığı olsaydı elə Qarabağ münaqişəsinin yaranmasında olaydı. ABŞ və Fransa Rusiyaya təpki göstərərdi ki, niyə Qarabağ münaqişəsini ermənilərin əli ilə yaradıb, niyə Qafqazda Gürcüstan, Azərbaycan respublikalarında qarşıdurma yaradır. Deməli, bu onlara sərf etmirdi. İndi isə Krım məsələsində həmrəy olublar. Amma Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı heç vaxt fikir ayrılığı yaranmaz. Çünki burada söhbət Azərbaycandan gedir".
Politoloqun fikrincə, Ukrayna hadisələrindən sqonra ola bilsin ki, Minsk qrupunun fəaliyyətində bir qədər zəiflik nəzərə çarpsın: "Qrupa üzv dövlətlərdə keçirilən prezident seçkiləri öncəsi olduğu kimi, proses müvəqqəti dayana bilər. Amma mənə elə gəlir ki, Ukrayna hadisələrinin başlanması qrupun işini tamamilə iflic edə bilməz".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Ukrayna hadisələrindən sonra həmsədr dövlətlərin bir araya gəlib ortaq məxrəcə gəlmələrinə heç ehtiyac yoxdur: "Qarabağ münaqişəsi Rusiya tərəfindən törədilib və indi də idarə edilir. Rusiyaya təsir olsaydı 22 il bundan öncə olardı. Qərb Rusiyanın imperialist siyasətinə təsir göstərsəydi 2008-ci ildə Gürcüstanı işğal edəndə edərdi. Ukrayna məsələsində də Moskvaya təsir edilməyəcək. Hansısa şərtlər və razılaşmalarla bu prosesin də üstündən keçiləcək. Minsk qrupunda artıq ortaq məxrəcə gəlinib ki, atəşkəs rejimi davam etsin, Azərbaycan müharibəyə başlamaq fikrindən çəkinsin. Qərb heç vaxt Rusiya kimi Qarabağ münaqişəsinin həll olunmasını istəməz".