Mərd ələ yapışar, namərd ayağa... Siyasət

Mərd ələ yapışar, namərd ayağa...

İran da Ermənistan kimi dünyada nadir ölkələrdəndir ki, qonşulara münasibətdə sərgilədiyi əyalət hiyləgərliyindən, bicliyindən başlamış, heç nədən hay-küyünə, hərbə-zorbasına, bitib-tükənməyən təxribatlarına kimi… yazdıqca qurtarmaq bilmir. Öz günlərinə, düşdükləri acınacaqlı duruma, ideoloji platformalarından tutmuş siyasi idarəçilik sistemlərinədək məsxərə obyektinə, məzhəkə subyektinə çevrilmələrinə ağlamaq əvəzinə gözləri onun-bunun “qapısı”nda, “pəncərə”sindədir.

Öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar. Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər. Amma bölgədə özünü yad ünsür kimi aparan, gah o qütbə, gah bu qütbə yalmanan, yekə-yekə açıqlamalar, bəyanatlar verən bu iki ölkəni bir-birindən fərqləndirən çox önəmli bir cəhət var: Ermənistanın düşmənçiliyi ortaqlıdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil ağıza qoymadan İslam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Bu xüsusda yerinə düşən məşhur bir atalar məsəlimiz var: “Mərd ələ yapışar, namərd ayağa…”

Bunlar isə nə mərd kimi mərddilər, nə də namərd kimi namərd… Yapışanda da… ayaqqabıdan yapışırlar, o da əllərində qalır.

Hər dəfə Azərbaycan sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü, suverenliyini təhdid edən hansısa təxribatın qarşısını alanda, ölkəmiz İranla yaxından-uzağa heç bir əlaqəsi olmayan coğrafi, siyasi və diplomatik müstəvidə mövqelərini möhkəmləndirəndə, nədənsə burnu ovulan Ermənistandan daha çox İranın bəzi deputatları, hərbçiləri, sivil dünyada analoqu olmayan statusa sahib hansısa “Mirzə Taraqqa”ları sahiblənə bilmədikləri əllərinə, dillərinə “falaqqa” alıb, “əlif zəbər ə, bey zəbər bə…” ritorikasıyla “havaya” üsyan edirlər.

Nə hədələrinin ünvanı bəllidir, nə də niyyətlərinin mahiyyəti… “Şirin quyruğu”, “qırmızı xətt”, “yaşıl həlqə”, “çəhrayı düzbucaq”… Zalımın uşağı, elə bil siyasətlə həndəsənin və zoologiyanın sintezini yaradırlar. Əslində, qarışqadan fil, fildən isə qarışqa düzəltmək İran adlanan ölkənin bəzi siyasi və dini, yaxud əksinə, təmsilçilərinin köhnə azarlarıdır. Bunların siyasəti də, əməllərinin görünən tərəfləri də mübaliğə, taşbeh üzərində qurulub. Doğrusu, belə bir təəssürat məndə hələ yeniyetməlik dövründə yaranıb.

Doğulduğum bölgəyə sovet dövründə də “nüfuz” edən İran telekanallarından birində sözügedən ölkənin futbol komandasının oyununu izləyirdim. Həmin dövrdə farsca bir o qədər yaxşı başa düşmürdüm. Birdən, diqqətim ekrandan yayındı və sadəcə icmalçının bəlağətli, gurultulu nitqi dəydi qulağıma: “Zərbeyi xəta in dərvazayi İran”. Dedim, yəqin yer-göy dağılır, ya da İran futboçuları rəqib komandanın qapısını, öz təbirlərincə desək, “yerlə yeksan” ediblər. Sonralar anladım ki, sən demə, İran komandasının qapısına cərimə zərbəsi təyin olunubmuş… Belə… İndi ya zəlzələdən, ya da vəlvələdən, qonşuluğumuzdakı ölkənin bəzi nümayəndələri öz qapılarına top girəndə də bunu qol vurublarmış kimi qələmə verməkdə mahirdirlər.

Şər yuvasının gerçək üzü

...Sərhəd açılanda o taydan həqəqətən də bizi bağrına basmaq istəyən can və qan qardaşlarımızla yanaşı, istiqalalımıza qənim kəsilənlərin də bu taya axını başladı... Yenicə müstəqilliyini qazanmış, müharibə vəziyyətində olan, molla rejiminin iç üzünü, gerçək mahiyyətini tanımayan, şər imperiyasının basqısı altında milli və dini dəyərlərini, təhrif olunmuş formada da olsa qoruyan, saqqallı, əmmaməli, əbalı şeytanları mələk gözündə görən, mənsub olduğu dinin gerçək dəyərlərinə, mahiyyətinə bələd olmadığı üçün hər şeyə qədərindən artıq səmimiyyətlə və bəlkə də sadəlöhvcəsinə yanaşan, qonaqpərvər, sevgi dolu insanların yaşadığı canım məmləkətim əmmaməli cəsuslar, ideoloji zəhər daşıyıcıları və soyub-talamağa yurd axtaranlar üçün “cənnəti” xatırladırdı. Ticarətin, alış-verişin nə olduğunu bilməyən, molla rejiminin bətnindəki zəhərdən xəbərsiz insanlar gündəlik çörək pulu üçün evlərində olan nə vardısa, dəyər-dəyməzə din və məzhəb alverçilərinin, sui-istifadəçilərin ayaqları altına “sərdilər”. Çoxluq uzun illərdən bəri aldığı qəpik-quruşa da qənət edib qab-qacaqdan çehizlik əşyalaradək topladıqlarını, bəziləri isə vicdanını, əqidəsini satdı. Kimlərsə şirin dilə, uşaqlıq illərindən dinlədikləri yarıxurafat, yarıgerçək əhvalatların daha mübaliğli, daha cazibədar formada təqdimatına, kimlərsə siyasiləşmiş məzhəbçiliyin ehkamlar üzərində qurulmuş, elmi izahı olmayan və təbii ki, idrakın süzgəcindən keçirilmədən “asan həzm edilən” nağıllarına aldandılar, cahilliklərinə, avamlıqlarına, sadəlöhvlüklərinə və bəzən də ümidsizliklərinə yenik düşdülər.

Talanan sərvətimizin qarşılığında molla rejiminin “xeyir-duası” ilə, xüsusilə də ölkəmizin İranla həmsərhəd rayonlarına gecə-gündüz narkotik daşındı, bacardıqları qədər istifadəçilərin sayını artırmağa, onminlərlə insanı ölümə sürükləyən, minlərlə ailənin həyatını cəhənnəmə çevirən şəbəkələrini genişləndirməyə çalışdılar və təəssüf ki, buna qismən nail ola bildilər. Daha sonra isə rejimin ideoloji zəhər axıdıcılarının “narkotiklərdən xilas”, yaxud qorunmaq üçün göstərdikləri “alternativlərin”, daha doğrusu “haqq yolu”nun səmti nişan verildi, ağaye filan-filan şüdalərin “tövbə” cığırı açıq tutuldu, çarəsiz valideynlər övladlarının aylarla təbliğat-təxribat mərkəzlərində - Qumda, Məşhəddə və digər bu kimi manqurt “istixanalarında” “müalicə” edildiklərinə inandırıldılar... Narkotiklərdən asılılıq ondan heç də az təhlükəli olmayan saxta, xurafat, yalan, mistika, təhrif olunmuş, siyasiləşdirilmiş həqiqətlərdən, fars milli kimliyinə, molla rejiminin titullu ideoloqlarına itaət üzərində qurulmuş, klassik mahiyyətindən çıxarılmış, yolundan sapdırılmış məzhəbçiklə əvəz olundu.

Bu illər ərzində gözümün önündən milli köklərinə, ənənələrinə bağlı olan, qiptə ediləcək qədər saf, təmiz, əxlaqlı, təhsilli insanların məhv edilmiş taleləri keçib. Molla rejiminin zəhərli təbliğatının dağıtdığı, məhv etdiyi nə qədər ailələr görmüşəm.

“İran” adlanan şər yuvasının əmmaməli-əmmaməsiz təmsilçilərinin, muzdlu-muzdsuz, beyni yuyulmuş, yaxud beynini bilərəkdən “ayətullah”ların ayaqları altına döşəmiş təpəgözlərin Azərbaycana vurduqları ziyan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistandan, milli varlığımıza qənim kəsilən ultramillətçi ermənilərin törətdiyi terror və soyqırım cinayətlərindən, vandalizm aktlarından, mahiyyət etibarilə fərqlənmir. Hər ikisinin məqsədi milli varlığımızı, dövlətçilik ənənələrimizi, bu günümüzü, gələcəyimizi məhv etməkdən ibarət olub.

Elçin Mirzəbəyli