“Sərhəddə qeydiyyat məntəqələri fəaliyyət göstərməlidir” Siyasət

“Sərhəddə qeydiyyat məntəqələri fəaliyyət göstərməlidir”

Əflatun Amaşov: "Sərhəddə qeydiyyata düşmək Azərbaycana gələnlər üçün daha əlverişli olar"

"Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin. Sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Beləliklə qeydiyyat üçün əlavə çətinliklər aradan qalxsın". Bunu Milli Məclisin dübəb keçirilən iclasındakı çıxışı zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Əflatun Amaşov bildirib ki, Azərbaycana gələn əcnəbilər on gün müddətində ya ASAN xidmət mərkəzlərində, ya da Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. "Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir. Bəzən vaxt çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Ümumən müxtəlif subyektiv və obyektiv səbəblər var. Nəticədə onlar cərimələrlə üzləşirlər, Azərbaycana gəlmək hüququndan məhrum olunurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır", - deyən Əflatun Amaşov fikrinə aydınlıq gətirərkən onu da bildirib ki, son statistik göstəricilərə görə, Gürcüstanda 230 minə qədər azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri - ya ər, yaxud arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhəddi keçməlidirlər. Deputat bu baxımdan da sərhəddə qeydiyyat məntəqələrinin fəaliyyət göstərməsinin zəruriliyindən söz açıb. O, eyni zamanda əlavə edib ki, Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Ümumən başqa ölkələrdən də Azərbaycana gələnlər az deyil. Sərhəddə qeydiyyata düşmək onlar üçün də əlverişli olar.
Millət vəkili Azərbaycan vətəndaşlarının Gürcüstana keçərkən üzləşdikləri problemə diqqət çəkib. O, bildirib ki, saatlarla Gürcüstanın polis idarələrində qalanlar, külli miqdarda cərimələrlə üzləşənlər var. Hətta bəzən həbs təhlükəsi də yaranır.
Əflatun Amaşov bildirib ki, Azərbaycan apteklərində təyinatsız satılan bəzi dərmanların Gürcüstanda qadağan olunduğunu vurğulayıb. "Məsələn, piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar tərəfindən qəbul edilir. Həmin adamlar özü üçün istifadə etdiyi piralgini çantasına qoyub Gürcüstana gedir. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşir. Mən araşdırdım, burada söhbət heç də bir dərman növündən getmir. Müxtəlif adda dərmanlar var ki, Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də çox ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan hökuməti arasında bununla əlaqədar danışıqlar getməli, müəyyən razılaşmalar əldə edilməlidir", - deyə Əflatun Amaşov vurğulayıb.