“Beynəlxalq birlik xatırlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıq müddətdə davam edir” Siyasət

“Beynəlxalq birlik xatırlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıq müddətdə davam edir”

Piter Teys: "Lakin biz hələ də silahlı münaqişənin həllinə gətirib çıxaran əsaslı inkişaf görmürük"

Avqustun 1-də Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində birtərəfli güzəşt mümkün deyil. O həmçinin əlavə edib ki, Dağlıq Qarabağ heç bir zaman Azərbaycanın tərkibində olmayacaq. Bu məsələ ilə bağlı danışan amerikalı siyasi ekspert Piter Teys qeyd edib ki, Sarkisyanın bu bəyanatı işğalçı dövlətin mövqeyinə aydınlıqdan çox qarışıqlıq gətirib: "Beynəlxalq birlik xatırlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıq müddətdə davam edir. Lakin biz hələ də silahlı münaqişənin həllinə gətirib çıxaran əsaslı inkişaf görmürük. ATƏT-in Minsk qrupu Cənubi Qafqaz regionunda sülhü və stabilliyi qoruyub saxlamaq üçün heç nə etməyib". Politoloqun fikrincə, danışıqlar prosesində ikili standartlar tətbiq edən Minsk qrupu nəticə yoxluğu və həmsədrlərin qərəzli münasibətinə görə dərhal ləğv edilməlidir.
Teys əlavə edib ki, Ermənistan hakimiyyəti və müxtəlif media orqanları beynəlxalq rəyi manipulyasiya edərək hətta Naxçıvan Muxtar Respublikasının Ermənistan ərazisi olmasına iddia edir: "Naxçıvan MR həmişə Azərbaycanın tərkib hissəsi olub. Bu cür bəyanatlar səsləndirən erməni rəsmilər beynəlxalq institutlar tərəfindən məsuliyyətə cəlb edilməlidir".
Ekspert deyib ki, ötən illər ərzində Ermənistan BMT TŞ-nın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməsini pozub: "İrəvan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunların çıxarılmasına dair BMT TŞ-nın irəli sürdüyü qətnamələrə riayət etməlidir. Ermənistan Silahlı Qüvvələri TŞ-nın 822, 853, 874, 884, saylı qətnamələrinə riayət etməlidir, əks halda Azərbaycanın mülki əhalisi zərər çəkməkdə, Cənubi Qafqaz regionunda isə sülh və stabillik itirilməkdə davam edəcək".
Politoloqun fikrincə, Sarkisyan və onun rəhbərlik etdiyi Ermənistan hakimiyyəti dünyada azsaylı hakimiyyətlərdəndir ki, qonşu dövlətə qarşı zorakılıq fəaliyyəti ilə məşğul olur və qonşu dövlətə məxsus ərazisini işğalda saxlayır. O xatırladıb ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ regionunda etnik təmizləmə aparıb və kütləvi qırğınlar törədib.
P. Teys vurğulayıb ki, Ermənistanda dövlət quruculuğu və milli institutları gücləndirmək prosesi zəifdir: "Bu uğursuzluğun nəticəsidir ki, biz Ermənistan rəhbərinin regionun təhlükəsizliyinə dair aktual məsələ ilə bağlı verdiyi bəyanatda qeyri-əminlik və iradəsizlik müşahidə edirik".
Ekspert sonda bildirib ki, Ermənistan daxilindəki korrupsiya, qohumbazlıq, cəzasızlıq mühiti və siyasi dissident qrupların təqib edilməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə kiçik irəliləyiş gətirir. Bu irəliləyiş münaqişənin yekun həllinə gətirib çıxara bilər.