“Azərbaycana təzyiq etmək mümkün deyil” Siyasət

“Azərbaycana təzyiq etmək mümkün deyil”

Rasim Musabəyov: "Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir"

"Baxmayaraq ki, ABŞ həm hərbi, həm də iqtisadi cəhətdən Rusiyadan dəfələrlə güclüdür, ancaq bölgədə Rusiyanın imkanları daha genişdir". Bunu millət vəkili Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın fəaliyyətinin daha çox nəzərə çarpmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu məsələdə təşəbbüsü ələ alması digər həmsədr dövlətlər olan Fransa və ABŞ-la razılaşdırılıb: "Bu, ilk dəfə deyil baş verir, əvvəllər də Rusiyanın belə səyləri olub. ABŞ və Fransa isə buna qısqanc yanaşmayıblar. Ancaq həmin səylərin nəticə verib verməyəcəyi açıq qalır".
Politoloq deyib ki, həmsədr dövlətlər Ermənistana təzyiq etmək istəmirlər: "Onlar erməniləri yola verirlər. Bu vaxta kimi ermənilərə yardımları ABŞ, Fransa, Avropa İttifaqı verib. Rusiyadan isə silah alıblar. Ermənistana təzyiq etmək istəmirlər, Azərbaycana təzyiq etmək üçün isə nə imkanları, nə də hüquqi əsasları var. Azərbaycana nə deyib təzyiq etsinlər?! Desinlər ki, torpağını ermənilərə ver?! Bununla bağlı Azərbaycana təzyiq etmək mümkün deyil çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Bizim torpaqlarımız işğal altındadır".
Politoloq bildirib ki, əgər müharibə baş verərsə, onun risklərini ilk növbədə qonşu ölkələr bölüşür: "Müharibənin daha böyük zərəri Rusiya üçündür. Çünki çətin seçim qarşısında qalır. Ya müdaxilə etməyəcək, Azərbaycan öz torpağlarını işğaldan təmizləyəcək, müdaxilə etdiyi halda isə Azərbaycala əvvəlki münasibətləri ümumiyyətlə, saxlamaq mümkün olmayacaq. Bu isə Rusiya üçün istənilən ssenari deyil".