Vitse-prezident institutunun əhəmiyyəti nədir? Siyasət

Vitse-prezident institutunun əhəmiyyəti nədir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Konstitusiyaya dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsində yer alan iki maddəni – vitse-prezident institutunun yaradılmasını nəzərdə tutan 103-1-ci və Azərbaycan Respulikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddəni şərh edib.
Deputat deyib ki, sosial şəbəkələrdə və ictimai müzakirələrdə daha çox diqqət yetirilən həm də bu maddələrdir. Onun sözlərinə görə, 103-1-ci maddədə prezidentlik institutunun gücləndirilməsi məqsədilə vitse prezident vəzifələrinin təsis edilməsi və onların təminatı ilə bağlı məsələləri müəyyən edən dəyişikliklər yer alır.
V.Hüseynov qeyd edib ki, prezidentlik institutunun gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması, vitse-prezidentlərin səlahiyyəti ilə bağlı təklif edilən dəyişikliklərin hakimiyyətlərin bölünməsi prinsipini pozması və parlament nəzarətini zəiflədəcəyi istiqamətində fikirlər səslənir: "Ümumi olaraq qeyd edilməlidir ki, prezident institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir. Mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır.
Bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması, Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir. Qeyd edilənlər, həmçinin qanunların prezidentin etirazını doğurduğu halda qüvvəyə minməsi ilə bağlı parlamentin üstün mövqeyini təmin edən təminatlar dövlət hakimiyyətin digər qolları üzərində səmərəli parlament nəzarətinin həyata keçirilməsi üçün imkanlar və balans təmin edir".
Deputat bildirib ki, vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir: "Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək əslində təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirməyəcəyi görünür. Belə ki, Azərbaycan Respublikası baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına parlament tərəfindən üç dəfə razılıq verilməzsə, prezident baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək, yəni 1 ay müddətinə qısaldılır.
Bu halda prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir".
V.Hüseynovun sözlərinə görə, vitse-prezident institutu konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir: "Təkliflərdə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər qeyd edilmir. Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədə vaxtından əvvəl səsləndirilən mülahizə və şərhlərin heç bir əsası yoxdur. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi aktlarla, Konstitusiya qanunu ilə tənzimlənəcək. Təkliflərdə hazırda vitse-prezidentin toxunulmazlığı və təminatı ilə bağlı məsələlər yer alıb ki, bunlar da ümumi normalardır".
Digər maddəyə – Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddəyə gəldikdə isə deputat bildirib ki, həmin maddəyə Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyətinin müəyyən edilməsi təklif edilir: "Bu dəyişiklik prezidentə etimad səsi qazanmaq üçün xalqa müraciət etmək imkanı təmin edir. Bu isə hər hansı qeyri-müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar yaratmaq məqsədi daşıyır. Prezidentinin səlahiyyət müddətinin uzadılması kontekstində belə səlahiyyətin müəyyən edilməsi xüsusilə əhəmiyyətlidir.
Prezident respublikasında prezidentin növbədənkənar seçkilər təyin etmək səlahiyyəti bir sıra ölkələrin təcrübəsində mövcuddur. Oxşar təcrübə parlament demokratiyası olan ölkələrlərdə də müəyyən edilib. Nümunə üçün qeyd edim ki, 1997 və 2000-ci illərdə Kanadanın dövlət başçısı tərəfindən iki növbədənkənar seçki təyin edilib. Həmçinin, Danimarka konstitusiyasının 32-ci maddəsinə əsasən, baş nazirin parlamentə növbədənkənar seçki təyin etmək hüququ vardır. Oxşar mexanizm Yaponiya konstitusiyasının 7-ci maddəsində də öz əksini tapır. Dövlət və yaxud da hökumət başçısının növbədənkənar seçki təyin etmək səlahiyyətinin əhəmiyyəti məhz siyasi böhran baş verən zaman xalqın öz iradəsini yenidən ifadə etmək imkanının tanınmasıdır".
V.Hüseynov qeyd edib ki, parlament demokratiyası olan ölkələrdə dövlətin siyasi və idarəetmə sütununu parlament, prezidentli respublikalarda isə prezident institutu təşkil etdiyi üçün müvafiq olaraq hər biri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi mexanizminin mövcudluğu bu siyasi və idarəetmə sistemindəki sabitliyin qorunmasına xidmət edir: "Beləliklə, prezidentli respublika idarəetmə formasına malik olan dövlətlərdə dövlət başçısının növbədənkənar seçki təyin etməsi də eyni məqsədə – hakimiyyətin mənbəyi olan xalqın iradəsinin ifadəsi üçün zəmin yaratmağa xidmət edir".