“Dəyişikliklər dövlət idarəçiliyi mexanizmini təkmilləşdirəcək” Siyasət

“Dəyişikliklər dövlət idarəçiliyi mexanizmini təkmilləşdirəcək”

Vüsal Hüseynov: "Həmçinin icra intizamının güclənməsi üçün daha möhkəm zəmin yaranacaq"

"Konstitusiyaya təklif edilən dəyişikliklər dövlət idarəçiliyi mexanizmini təkmilləşdirəcək, fəaliyyətində çevikliyi təmin edəcək: "Həmçinin sabitlik və iqtisadi inkişafın təmin edilməsi, icra intizamının güclənməsi üçün daha möhkəm zəmin yaradacaq. Dövlətin idarəetmə sistemi ilə bağlı ən əhəmiyyətli dəyişikliklər öz əksini Prezident və Vitse-prezident institutları ilə bağlı müddəalarda tapır". Bu fikirləri millət vəkili Vüsal Hüseynov səsələndirib. Millət vəkili hesab edir ki, Vitse-prezident institutu konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir: "Təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər qeyd edilmir. Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədə, onun təyinatında parlamentin iştirakının əhəmiyyəti ilə bağlı mülahizə və şərhlər uyğun deyil. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi Aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcək. Həmçinin Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı 101-ci maddəyə təklif edilən Azərbaycan Respublikası Prezidentinin növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmək səlahiyyətidə dövlət idarəçiliyində hər hansı qeyri stabil vəziyyətlərin qarşısının alınmasına yönəlmişdir. Belə ki, bu dəyişiklik Prezidentə etimad səsi qazanmaq üçün müraciət etmək imkanı təmin edir. Bu isə hər hansı qeyri- müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar təmin etmək məqsədi daşıyır".
Millət vəkilinin sözlərinə görə, Konstitusiyaya təklif edilən dəyişikliklərin böyük əksəriyyətinin məhz hüquq və azadlıqların bilavasitə möhkəmləndirilməsinə xidmət etməsinə baxmayaraq, təəssüf ki, bəzi hallarda təklif edilən dəyişikliklər insan hüquq və azadlıqlarının qorunması nöqteyi nəzərdən birmənalı qarşılanmır: "Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması ilə bağlı Konstitusiyanın 155-ci maddəsinə istinad edilərək belə fikirlər səslənir ki, təklif edilən dəyişikliklər insan və vətəndaş hüquqlarını, azadlıqlarını məhdudlaşdırır və Konstitusiyaya ziddir. İlk olaraq qeyd edilməlidir ki, təkliflərdə məhdudlaşdırma deyil, əsas yanaşma genişlənmə və yeni hüquqların yaradılmasıdır. Bununla belə Konstitusiyanın bu maddəsini diqqətlə təhlil etdikdə görərik ki, Konstitusiya özü də bu hüquqların məhdudlaşdırılmasını istisna etmir, burada tələb yalnız bu məhdudlaşdırmanın
Azərbaycanın tərəfdarı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə olmaması, yəni həddin gözlənilməsidir. Nümunə üçün belə sənədlərin ən əhəmiyyətlilərindən biri hesab edilən Avropa İnsan Hüquqları Konvensiyasına əlavə 1 saylı protokolun Mülkiyyətin müdafiəsi ilə bağlı 1-ci maddəsində qeyd edilir: "Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz". Yəni konvensiya cəmiyyətin maraqları naminə nəinki mülkiyyət hüququnun məhdudlaşdırılması, hətta mülkiyyətdən məhrum etməni istisna etmir. Bu müddəalar həmçinin dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Bu baxımdan milli qanunvericilikdə beynəlxalq tələblər çərçivəsində məhdudiyyətlərin təqdim edilməsi Konstitusiyaya zidd yanaşma kimi qəbul edilməməlidir. Bir sözlə, təklif edilən dəyişikliklərin əsas ana xətti hüquqların genişləndirilməsidir. İnsan hüquq və azadlıqları ilə bağlı təklif edilən dəyişikliklərlə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, ümumilikdə bu təkliflər azadlıq və təhlükəsizlik arasında olan balansın qorunması üçün əlverişli hüquqi baza yaradır. Təhlükəsizliyin təmin edilməsi azadlığın qismən də olsa məhdudlaşdırılması bahasına başa gəlir. Cinayətkarlığın qarşısının alınması, terrorizmə qarşı mübarizə, milli təhlükəsizliyin təmin olunması bu və ya digər formada insanların azadlığına müdaxilə etmiş olur. Təklif olunan dəyişikliklərlə bağlı nəzərəçarpan məqam ondan ibarətdir ki, onların bir qismi insan hüquq və azadlıqlarının möhkəmləndirilməsinə, digər tərəfdən isə dövlətin funksiyalarının yerinə yetirilməsi üçün hüquqi bazanın gücləndirilməsinə xidmət edir. Nümunə üçün 49-cu maddə sərbəst toplaşmaq azadlığını müəyyən edir. Maddənin II hissəsinə edilən əlavə isə ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtlərini müəyyən edir. Digər bir halda birləşmək hüququ ilə bağlı qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağan edilir. 71-ci maddənin II hissəsinə hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı proporsionallıq prinsipi əlavə edilir. Yəni, subyektlərin hüquqlarının məhdudlaşdırılması yalnız o zaman qəbul olunandır ki, bu məhdudlaşdırma nəticəsində onlara dəyən zərər heç bir tədbir görülməyəcəyi halda dəyə biləcək zərərdən az olsun". Vüsal Hüseynov bildirib ki, bu dəyişikliklər Konstitusiyamızda insan amilinə, onun hüquq və azadlıqlarının təminatına və demokratik dövlət quruculuğunun möhkəmlənməsinə yüksək dəyər verildiyini bir daha təsdiq edir: "Bu təkliflər insanların yüksək rifah şəraitində yaşamasına xidmət edir. Əminəm ki, xalqımız sentyabrın 26-sında keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcək və bu təklifləri dəstəkləyəcəkdir".