“Konstitusion islahatlar yeni inkişafa təminat verir” Siyasət

“Konstitusion islahatlar yeni inkişafa təminat verir”

İsa Həbibbəyli: "Demokratik dəyərlərin daha da təkmilləşdirilməsinə şərait yaranacaq"

Azərbaycan Konstitusiyasında dəyişikliklə bağlı keçirilən referenduma çıxarılan məsələlər ölkənin bütün sahələrdə inkişafa hesablanıb. Siyasi eksperlər hesab edirlər ki, bu dəyişikliklər Azərbaycanda dövlətçiliyin daha da möhkəmlənməsinə səbəb olacaq. Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, artıq Azərbaycanda möhkəm dövlətçilik prinsipləri formalaşıb. Eyni zamanda, ölkədə azərbaycançılıq idealları üstündə köklənmiş yeni gənc nəsil formalaşıb: "Referendum Aktında seçilmək hüququ ilə əlaqədar müəyyən edilən 18 yaş həddi Azərbaycanda uğurla həyata keçirilməkdə olan gənclər hərəkatının idealları ilə tam səsləşir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil dövlətimizin daha da inkişaf etdirilməsi istiqamətində gəncliyin qarşısında açdığı geniş meydan ölkəmizin yeni nəslinin istedadlı, bacarıqlı, hərtərəfli hazırlığa malik nümayəndələrinin cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaradıb. Artıq respublikamızda gənclər müasir cəmiyyətin böyük qurucularına çevriliblər. Ona görə də seçilmək hüququ üzrə mövcud məhdudiyyətlərin aradan qaldırılması müstəqil Azərbaycan dövlətinin yeni nəslinin cəmiyyətin inkişafında daha yaxından və məsuliyyətlə iştirak etmələrinə yol açacaq. Bu, həm də müasir gənc nəsli ölkə miqyaslı böyük sınaqlara səfərbər etmək üçün də əhəmiyyətli addımdır. Hesab edirəm ki, dünyada özünün yüksək intellektual potensialı və dərin mənəvi dəyərləri ilə fərqlənən Azərbaycan xalqının yeni nəsilləri üçün müəyyən edilən 18 yaş həddində seçilmək hüququ xalqımızın, xüsusən yeni nəslin istedadını və qabiliyyətlərini üzə çıxarmaq baxımından da əhəmiyyətli olacaq". Onun sözlərinə görə, Azərbaycanda müstəqillik dövründə qazanılmış uğurlar dövlət idarə etməsindəki sabit və davamlı proseslərlə əlaqədardır: "Dünya xəritəsində rənglərin dəyişməsi təəssüf ki, bir çox hallarda aldadıcı, yalançı rəngli "inqilabların" nəticəsində yaranıb və nəticədə həmin ölkələrin xalqları dərin təəssüf və peşmançılıq hissindən başqa heç nə əldə edə bilməyiblər. Bu mənada Referendum Aktında Azərbaycan Respublikasının Prezidentinin fəaliyyət dövrünün 5 il əvəzinə 7 il müddətində nəzərdə tutulmasına dair dəyişikliklər də, fikrimcə, respublikamızda müasir inkişafın real məntiqindən doğan təbii haldır. Azərbaycanda bütün sahələr üzrə daxili iqtisadi inkişafın ilkin mühüm problemləri əsaslı şəkildə həll edilmiş, yüksək həyat səviyyəsi formalaşdırılmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, gələcək yeni inkişaf naminə ölkə və beynəlxalq miqyaslı davamlı proqramları həyata keçirməkdən, dövlətlərarası möhtəşəm layihələrin icrasına nail olmaqdan ibarətdir. Artıq ölkəmizdə ötən illər ərzində həmin istiqamətdə uğurlu təcrübələr əldə olunub, bir çox nəhəng transmilli layihələrin həyata keçirilməsi başa çatdırılıb. Ölkəmiz bir çox beynəlxalq səviyyəli böyük proqramların əsas icraçıları sırasında mühüm yer tutur. Regionda sülhün və siyasi sabitliyin, iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfələr vermiş bu layihələr Azərbaycanı inkişafın hazırkı yüksək mərhələsinə çatdırmaqda mühüm rol oynayıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın ölkədaxili sürətli və hərtərəfli inkişafında tarixi hadisəyə çevrilib. Belə böyük proqramların həyata keçirilməsi baxımından vaxt, zaman amili də çox mühüm faktordur. Bütün bu proseslər hazırda yeni mərhələyə qədəm qoyur. İlk növbədə ölkəmiz, həm də region, ümumiyyətlə dünya üçün əhəmiyyətli olan bu möhtəşəm proqramların həyata keçirilməsi baxımından təklif edilən 7 illik Prezidentlik müddəti daha geniş perspektivlər vəd edir. Davamlı islahatlar nəticəsində görüləcək işlər, reallaşdırılacaq böyük layihələr Azərbaycanın daha da irəli getməsinə, problemlərinin uğurlu həllinə imkan yaradacaq. Bu mənada ölkəmizin və xalqımızın, o cümlədən regionun inkişafı üçün 7 illik dövlət rəhbərliyinin təmin edilməsi daha məqsədəuyğundur. Bu, daha böyük inkişafın daha möhkəm təminatıdır. İkincisi, Azərbaycan xalqı ölkə Prezidenti İlham Əliyevin respublikamızda sülhün və sabitliyin, hərtərəfli dinamik inkişafın, xöşbəxt gələcəyin böyük qarantı olduğuna ürəkdən, dərindən, möhkəm inam bəsləyir. Geniş ümumxalq etimadı qazanmış dövlət başçısı İlham Əliyevin beynəlxalq aləmdə qazandığı böyük nüfuzla xalqımız fəxr edir. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin beynəlxalq nüfuzun qorunub saxlanılmasında, daha da inkişaf etdirilərək möhkəmləndirilməsində maraqlıdır. Xalqımız bu inamı hər zaman ifadə edir ki, həm ölkə, həm də beynəlxalq miqyasda əldə olunmuş mühüm siyasi-iqtisadi, mədəni-mənəvi inkişafın uğurla yeni zirvələrə doğru addımlamasında ölkə Prezidenti İlham Əliyev böyük təcrübəyə və möhkəm siyasi iradəyə sahibdir". Millət vəkili bildirib ki, konstitusion islahatlar müstəqil Azərbaycanda dövlət idarəçilik mexanizminin, siyasi sistemin daha da genişləndirilməsi və möhkəmləndirilməsi yolu ilə müstəqilliyimizin inkişafına və ümumiyyətlə, yeni inkişafa təminat verir: "Dövlət müstəqilliyimizin 25 ili ərzində qazanılmış böyük nailiyyətlər, dünya ictimaiyyətinin gözü qarşısında baş vermiş mühüm dəyişikliklər Referendum Aktının həyata keçirilməsinə tam təminat verir". O, bildirib ki, hazırda insan hüquqları məsələsinə bir çox Qərb siyasi dairələrində ikili standartlar mövcuddur. Bəzi beynəlxalq qurumlar üçün insan hüquqları məsələsindən təzyiq və təsir mexanizmi kimi istifadə olunur. "Referenduma çıxarılan məsələlər sırasında insan hüquqları və azadlıqlarının təmin edilməsi istiqamətində irəli sürülən təkliflər isə ilk növbədə ölkəmizdə demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsinə şərait yaradacaq. Bu istiqamətdə indiyədək Azərbaycan cəmiyyətində daim islahatlar həyata keçirilmiş, ciddi bir inkişaf səviyyəsinə nail olunmuşdur. Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinin tələbatı kimi meydana çıxan dəyişikliklərin əsasən insan hüquqlarının, vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsinə aid olması geniş mənada müstəqil Azərbaycan dövlətinin mənbəyi olan xalqın mənafelərinin möhkəmləndirilməsinə şərait yaradır".