Qarabağ həqiqətləri Litva mətbuatında Siyasət

Qarabağ həqiqətləri Litva mətbuatında

Çikaqoda 1909-cu ildən nəşr edilən və Amerika, Avropa, Kanada və Avstraliyada yayılan "Drauqas" qəzeti dünyada ən qədim Litva qəzetidir. Bu qəzetdə slaptai.lt internet-portalının baş redaktoru Gintaras Visotskasın "Erməni separatçıları tərəfindən buraxılan mərmilərin partladığı yerdə", ""International Eurasia Press Fund"un rəhbəri Umud Mirzəyev: Azərbaycanın əsas vəzifəsi Dağlıq Qarabağı özünə qaytarmaqdır" və "Azərbaycanın Quba rayonu hansı faciəni xatırlayır?" adlı məqalələri dərc edilib.
"Erməni separatçıları tərəfindən buraxılan mərmilərin partladığı yerdə" məqaləsində Gintaras Visotksas tarixçi Algimantas Lekis ilə birlikdə Azərbaycanın Tərtər rayonuna səfər etməsi, orada evləri daim atəşə tutulan insanların necə yaşadıqlarını öz gözü ilə görməsi barədə söhbət açır. Jurnalist yazır: "Bu gecə başları üstündə yenə raketlər, mərmilər, güllələr vıyıldamayacaq ki?, - deyə daim gərginlik içində olan qocalar, qadınlar və uşaqlarla söhbət etmək istəyirdim".
G.Visotkas "International Eurasia Press Fund"un onu müşayiət edən nümayəndəsi Ramil Əzizovla birlikdə rayonun Marağa, Şıxarx və Qapanlı kəndlərində, həmçinin erməni separatçılarının mövqelərinin yaxınlığında yerləşən Həsənqaya qəsəbəsində olub, qəsəbənin sakinləri ilə görüşüb, partladılan evlər, zərər çəkmiş dinc sakinlər, mərmi partlayışları nəticəsində eybəcər vəziyyətə düşmüş insan cəsədləri barədə çox kədərli əhvalatlar eşidib. Burada hətta həyətlərdə oynayan uşaqlar da işğal edilmiş Dağlıq Qarabağda mövqelərini möhkəmlətmiş erməni hərbiçilərinin bu uşaqları nişan almadıqlarına əmin deyildirlər. Azərbaycan hökuməti Dağıdılmış evlərin bərpa olunmasına kömək edir.
Azərbaycanın Tərtər rayon administrasiyasının litvalı qonaqları səfərdə müşayiət edən rəhbərlərindən biri təəssüflə bildirib ki, Qərb bir milyona yaxın Azərbaycanlı qaçqının məruz qaldığı fiziki və mənəvi əzablar barədə eşitmək belə istəmir. Rayon administrasiyasının nümayəndəsi əminidir: "Görünür, Azərbaycanın Cənubi Qafqaz regionunda nüfuzlu siyasi aktora çevrilməsi Qərb üçün qəbuledilməzdir. Buna görə də o, bizim qanlı yaramız olan Dağlıq Qarabağın işğal altında daha çox qalması üçün əlindən gələn bütün tədbirləri görür".
Tərtər rayonunun azərbaycanlı sakinləri litvalı qonaqlarla söhbət zamanı təkcə ona görə təəssüfləniblər ki, ABŞ və Avropa İttifaqı Bakının təqdim etdiyi faktlardan daha çox Yerevanın yaydığı uydurmalara inanmağı üstün tutur. Bu il aprel ayının ilk günlərində birinci atəş açanın hansı tərəf olması da danılır. Azərbaycanlılara ağır gələn odur ki, Qərb Dağlıq Qarabağ faciəsini təhlil edərkən işğalçıya daha mülayim, işğalın qurbanına isə daha sərt standartlar tətbiq edir.
Visotkas ""International Eurasia Press Fund"un rəhbəri Umud Mirzəyev: Azərbaycanın əsas vəzifəsi Dağlıq Qarabağı özünə qaytarmaqdır" sərlövhəli məqaləsində erməni terrorizminin tarixi barədə söhbət açır. Litvalı jurnalist qeyd edir ki, Ermənistan –Türkiyə və Ermənistan-Azərbaycan fikir ayrılıqlarına heç bir aidiyyəti olmayan danimarkalılar, almanlar, fransızlar, amerikalılar da erməni terror təşkilatlarının əməllərindən zərər çəkiblər.
Fondun rəhbəri Umud Mirzəyev tarixçi Algimantas Lekislə və bu sətirlərin müəllifi ilə söhbətində etiraf edib ki, Azərbaycanın ən böyük bəlası Dağlıq Qarabağdır. Bu, əsas və ən böyük problemdir. Ölkənin uğurlu tərəqqisini çətinləşdirən də budur. Umud Mirzəyev diqqətə çatdırıb ki, çox vaxt ikili standartları rəhbər tutan Avropa da azərbaycanlıların Dağlıq Qarabağı özlərinə qaytarmasına kömək etmir. Avropanın bəzi liderləri sözdə etiraf edirlər ki, dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir. Lakin həmin liderlər ən kiçik bir bəhanə axtarırlar ki, guya həmin amil yanlış yolda olan rəsmi Yerevana təzyiq göstərməyə imkan vermir. Onlar demokratiya, mətbuat azadlığı, insan hüquqlarının pozulması barədə uzun-uzadı müzakirələr aparır, lakin bunla bərabər bir milyondan çox azərbaycanlının doğam evlərinə qayıtmaq hüququna etinasızlıq göstərirlər.
Visotkas "Azərbaycanın Quba rayonu hansı faciəni xatırlayır?" sərlövhəli məqalədə Ermənistan-Azərbaycan fikir ayrılıqlarını təhlil edərək keçmişə qısa nəzər salır. Müəllif 1918-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi tarixini üç Baltikyanı dövlətin həyatında analoji hadisələrlə müqayisə edir. Bununla bərabər jurnalist vurğulayır ki, azərbaycanlıların bəxti az gətirib. Bolşeviklər çox qısa müddətdə azərbaycanlıların azadlıq arzularını qan gölməçələrində boğublar. Bu məsələdə bolşeviklərə erməni terror qruplaşmaları kömək edirdi. Tarixi mənbələrdə göstərilir ki, 1918-ci ilin baharında onlar təkcə Quba regionunda 167 Azərbaycan kəndini yerlə yeksan ediblər. O faciəli günlərdə Qubada həyatını itirmiş dörd mindən çox Azərbaycan sakini arasında kişilərlə bərabər qadınlar və uşaqlar da vardı. Bu amansız hücumların qurbanları arasında Qubada yaşayan bütün xalqların – ləzgilərin, yəhudilərin, tatların, avarların, qrızların nümayəndələri olub.
Visotkas vurğulayır ki, 1918-ci ilin baharı Azərbaycan tarixində ən faciəli səhifələrdən biridir. Lakin Azərbaycan tarixçiləri yalnız 1991-ci ildən - Sovet İttifaqı dağılandan və Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra həmin mövzu ilə bağlı intensiv araşdırmalar aparmağa başlayıblar.
2007-ci ildə bu araşdırmalarda ciddi irəliləyiş olub. Məhz həmin ildə Qubada 1918-ci il qırğınına dəlalət edən kütləvi məzarlıqlar aşkar olunub.
Kütləvi məzarlıqların tədqiqindən sonra Azərbaycan rəhbərliyi həmin ərazidə muzey yaradılması barədə sərəncam imzalayıb. Muzeydə bir neçə ekspozisiya var. Burada 1918-ci il qırğınları barədə sənədlərin surətləri, Qubanın həmin hadisələr zamanı həlak olmuş görkəmli ictimai, siyasi, mədəni xadimləri barədə hekayətlər, dünya şöhrətli ictimai xadimlərin Azərbaycanın üzləşdiyi müsibətlər barədə rəyləri saxlanılır...