“Kilsə məhz öz təsir imkanlarını saxlamaq üçün hərəkətə keçib” Siyasət

“Kilsə məhz öz təsir imkanlarını saxlamaq üçün hərəkətə keçib”

Asif Nərimanlı: “İctimaiyyət Koçaryan və Sarkisyanın yedəyində olan müxalifətə inanmır”

“Keşiş Baqratın Paşinyanı devirmək imkanları zəifdir. Ermənistanda hakimiyyət dəyişikliyi üçün beynəlxalq konsensus da lazımdır, yəni həm Rusiyanın, həm Qərbin qəbul etdiyi şəxs ortaya çıxmalıdır. Bu da çətin görünür”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Asif Nərimanlı deyib. O, həmçinin digər suallarımızı d cavablandırıb.

- İran prezidentinin helikopter qəzasında həlak olması bölgədə nələri dəyişdirə bilər, İran xarici siyasəti necə olacaq?

- İranda dini liderin rəhbərliyi ilə işləyən sistem var, bu baxımdan, Rəisinin yoxluğu bu sistemin işini pozmayacaq. Nəzərə alsaq ki, Rəisi mühafizəkar qanadın liderlərindən idi və Xameneiyə yaxınlığı ilə seçilirdi. Onun izlədiyi siyasət eynilə davam edəcək. Sadəcə olaraq, qarşıdakı dövrdə İranın bu qəza ilə bağlı sərgiləcəyi mövqe həlledici amillərdən biri olacaq. Hazırda hadisə yeni olduğu üçün məsələ arxa plandadır, lakin matəm günləri başa çatdıqdan sonra qəzanın baş vermə səbəbləri daha çox müzakirə olunacaq. Burada İran üçün iki seçim var. Birincisi, qəzanın texniki səbəblərə görə olduğunu deyirlər, hava şəraitini qeyd edirlərş Bu, qeyri-peşəkarlığın etirafıdır. Bu halda prezidentin təhlükəsizlik xidmətindən tutmuş yüksək rütbəli hərbçilərə qədər bir çoxlarının cəzalandırılması zərurəti yaranır.

İkincisi, daxili sistemdə kimlərisə qorumaq üçün məsələni “kənar qüvvələrə” bağlaya bilərlər. Bu, həm də “xarici düşmən” ətrafında daxili həmrəylik yaradılması üçün sərfəli ola bilər, lakin risklidir. Çünki məsələ konsulluq binasının vurulması, yaxud generalın öldürülməsi deyil, qəzada prezident həlak olub və burada “kənar müdaxilə” axtarışı İranı müharibəyə başlamaq məcburiyyətində buraxa bilər.

İran faktiki olaraq çətin seçim qarşısında qalıb. Hər iki variantdan birinin seçilməsi “qurban” tələb edir. Qeyri-peşəkarlıq amili İran daxilində də problemlərə gətirib çıxaracaq. Lakin xarici siyasət kursunda böyük dəyişiklik olmayacaq. Bu hadisənin təsiri daha ox İran daxilində olacaq.

- İran prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə kimlər arasında mübarizə gedə bilər, hansısa radikal dəyişiklik gözlənilirmi?

- Yeni prezidentin də mühafizəkar qanadın namizədi olacağı bəllidir. Hazırda Rəisinin vəzifəsini icra edən Məhəmməd Moxber nüfuzlu şəxsdir. Həm dini liderə yaxındır, həm də müasir texnologiyaları bilən şəxs kimi qiymətləndirilir. Daha əvvəl Xamneinin fondlarının meneceri kimi də işləyib. Onunla yanaşı, Baqir Qalibafın da adı namizədlər arasında çəkilir. Lakin əsas şəxs fikrimcə, Xameneinin oğlu Müctəba Xamenei olduğunu düşünürəm. Onun İranın gələcək dini lider olması gözləntiləri var. Bu baxımdan, bu seçkilərdə prezident olması istisna edilməməlidir. Vaxtilə Xamanei də prezident postundan dini lider postuna yüksəlmişdi. Eyni ssenari təkraerlana bilər. Digər tərəfdən, Müctəba SEPAH-la da sıx münasibətlərə malikdir. Bütün bunların fonunda İranda növbədənkənar keçiriləcək prezident seçkilərində islahatçıların şansları zəif olsa da, mühafizəkar qanadın öz daxilində müxalif qruplar çıxa bilər.

- Baş verənlərin İran-Azərbaycan münasibətlərinə təsiri necə ola bilər?

- Azərbaycan və İran arasında münasibətlərin normallaşma xətti ön plandadır. Doğrudur, İran daxilində Azərbaycana qarşı olan qüvvələr hələ də mövcuddur, lakin son proseslər fonunda Bakı ilə münasibətlərin yoluna qoyulması mövqeyinin Tehranda ən yüksək səviyyədə olduğu görünür. Rəisi və onunla eyni qəzada həlak olan xarici işlər naziri Abdullahian Azərbaycana normallaşma prosesində ən aktiv şəxslər idi. Onların yoxluğunda da fikrimcə, Tehranda bu xətt davam edəcək. Bu, bir neçə səbəbdən də qaynaqlanır.

Birincisi, 44 günlük müharibədən sonra bölgədəki reallığı özünə təhlükə görən İran bunun belə olmadığını anlayır, yaxud baş verənləri süni şəkildə İranın əleyhinə kimi təqdim edən qruplaşmalar arxa plana keçib.

İkincisi, İranda regiona kənar qüvvələri gətirən ölkənin Ermənistan olduğunu anladılar, bunun fonunda, Azərbaycanla gərginlik onların maraqlarına uyğun gəlmir.

Üçüncüsü, Azərbaycan və İran arasında başda “Şimal-Cənub” nəqliyyat dəhlizi olmaqla bir sıra regional və qlobal əhəmiyyətli layihələr həyata keçirilir.

Bu baxımdan, İranın Azərbaycanla normallaşma xəttindən yayınacağını düşünmürəm. Təbii ki, hər şey proseslərin inkişafında daha aydın görünəcək, lakin Azərbaycanla normal münasibətlər İranın öz maraqlarına daha çox uyğundur.

- Ermənistanda keşiş Baqrat Qalstyanın rəhbərlik etiyi hərəkat zəifləyir. Ümumiyyətlə niyə kilsə prosesə qoşuldu və hadisələrin inkişafı hansı istiqamətdə irəliləyə bilər?

- Kilsənin siyasətə açıq müdaxiləsinin iki əsas səbəbi var. Birincisi, Paşinyan “erməni miflərinə” – qondarma soyqırımı, “böyük ermənistan” kimi məsələlərə qarşı siyasət aparır, real Ermənistan yaratmaq istəyir. Halbuki, erməni kilsəsi məhz bu qondarma ideologiyalar üzərində var olub, öz gücünü burdan alıb. Kilsə məhz öz təsir imkanlarını saxlamaq üçün hərəkətə keçib. İkincisi, erməni müxalifəti zəifdir, erməni ictimaiyyətə Koçaryan və Sarkisyanın yedəyində olan müxalifətə inanmır, yeni siyasi fiqur da çıxara bilmirlər. Buna görə kilsə hər kəsin ona dəstək verəcəyi ümidi ilə siyasətə açıq şəkildə qarışdı. Lakin nəticə göstərir ki, erməni ictimaiyyəti Paşinyanın irəli sürdüyü real Ermənistanı daha çox qəbul edir, nəinki kilsənin ideologiyasını. Keşiş Baqratın Paşinyanı devirmək imkanları zəifdir. Ermənistanda hakimiyyət dəyişikliyi üçün beynəlxalq konsensus da lazımdır, yəni həm Rusiyanın, həm Qərbin qəbul etdiyi şəxs ortaya çıxmalıdır. Bu da çətin görünür. Digər tərəfdən, Paşinyanın inzibati rıçaqları böyükdür, əgər hərəkat təhlükə yaradacaqsa, daha sərt müdaxilə siyasətinə əl atacaq və bu halda Qərb də Ermənistanı hakimiyyətini ittiham etməyəcək.

- Hazırda ən aktual məsələlərdən biri də Fransanın Yeni Kaledoniyada törətdiyi cinayətlərdir. Rəssmi Paris Yeni Kaledoniyada azadlıq mübarizəsinə görə Azərbaycanı ittiham edir. Əslində nə baş verir?

- Yeni Kaledoniyada baş verənlər Makron Administrasiyasının yanlış siyasətinin nəticəsidir. Rəsmi Paris məhz bu səhvini ört-basdır etmək məqsədilə “kənar qüvvə” axtarır, məsələni Azərbaycanla bağlayır.

1998-ci ildə Yeni Kaledoniyanın yerli əhalisi olan kanaklarla Fransa hökuməti arasında Numea sazişi imzalanıb. Sazişə görə, regional parlament seçkilərində bu sənəd imzalanana qədər adada yaşamış insanlar və onların nəsilləri səsvermə hüququna malikdirlər. Bu, kanaklar üçün vacib məsələdir, çünki fransızların adaya axını demoqrafik vəziyyəti onların əleyhinə dəyişdirir və buna görə ən azı yerli idarəetmədə üstünlüklərini saxlamaq istəyirlər. Makron Numea sazişindən imtina etdi və adada 10 il yaşayan hər kəsə yerli parlament seçkilərində səsvermə hüququ verən qanun layihəsi irəli sürdü. Bu, adaya köçmüş fransızlara səsvermə hüququnun verilməsi deməkdir. Makronun bununla həm Yeni Kaledoniyada müstəqillik mübarizəsini seçki yolu ilə boğmaq, adaya yerləşən fransızların üstünlüyünü təmin etmək istəyir, həm də Fransa daxili sağçıların dəstəyini qazanmağa çalışır. Çünki Yeni Kaledoniyada mühacir fransızların hüquqlarını ən çox sağçılar tələb edir.

Mayın 14-də Fransa parlamenti Makronun irəli sürdüyü qanun layihəsini təsdiq etdi, ardınca adada küçə döyüşləri ilə nəticələnən etirazlar başlandı. Fransada anladılar ki, bu yalnış addım idi və sağçılar da adada baş verənlərə görə Makronu ittiham edirlər. Fransa hakimiyyəti də diqqəti “kənar qüvvəyə” yönəltmək, baş verənlərin yanlış addımdan yox, Fransanın daxili işinə kənar müdaxilədən qaynaqlandığını göstərmək istəyir. Azərbaycanın da adını buna görə hallandırırlar.

Əli