

“Hindistan və Pakistan - Cənubi Asiyanın ən aparıcı dövlətləri arasında mübarizə sadəcə bu günün hadisəsi deyil. Bilirik ki, 1947-ci ildən bəri aralarında 3 dəfə çox böyük bir savaş yaşanıb və xüsusən ortaq ərazi əsas münaqişə predmeti olub. Kəşmir məsələsi hər zaman qarşıdurmaların mövcud olmasına şərait yaradıb. Ancaq bir müddət idi ki, münasibətlərdə səngimə dönəmi yaşanmış olurdu. Hazırda yenə də elə Kəşmir ərazisində terror aktlarının icra olunması və 65 illik bir müqavilənin Hind çayının axını ilə bağlı pozulması nəticəsində qarşıdurmanın alovlanmasını müşahidə edə bilirik”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı deyib.
Politoloq bildirib ki, hazırda “su savaşı” adını verəcəyimiz belə bir problem yaşanmaqdadır ki, 65 illik müqavilə tərəflər arasında pozulur, Hind çayının hər iki tərəfin ortaq istifadəsinə verilməsi artıq atılan addımlar, bəndlərin bağlanması nəticəsində məhdudlaşdırılır: “Belə olduğu təqdirdə artıq münaqişənin məzmunu daha da çətin bir mərhələyə keçid etmək üçün şərait yaratmış olur. Nəzərə almaq lazımdır ki, tərəflər hər ikisi nüvə dövlətidir və iki nüvə dövlətinin qarşı-qarşıya gəlməsi yalnız həmin iki dövlətin təhlükəsizliyi üçün deyil, bütövlükdə regionun təhlükəsizliyinə təhdid törədəcək bir məsələdir. Ancaq tərəflərin müharibədə nüvə silahından istifadə etməsi məsələsi şübhə doğuran, sual altında olan bir məsələdir. Çünki nüvə silahının olması bir tərəfdən təhdinin xarakterini gücləndirsə də digər tərəfdən elə tərəflərin bir-birilərinə qarşı daha həssas olmaqlarına da şərait yaratmış olur. O baxımdan tərəflər arasında genişmiqyaslı nüvə müharibəsinin yaşanacağı ön görülməsə də, amma istənilən halda mülki insanların zərər görəcəyi qarşıdurma genişlənə bilər”.
Röya İsrafilova