

27 Sentyabr 19:00
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşa keçirilib.
Filarmoniyadan Xalqcebhesi.az-a bildirilib ki, tədbir çərçivəsində konsert zalında Milli Musiqi Günü münasibətilə uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib.
Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam edən proqramda müxtəlif musiqi kollektivləri, xor, folklor rəqs ansamblı, xalq çalğı alətləri ansamblı, solistlər, gimnastlar və rəqqaslar çıxış ediblər. Həmçinin “Leyli və Məcnun” operasından səhnələr əsasında hazırlanan kompozisiya təqdim olunub. Proqramda, eyni zamanda, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert-tamaşanın baş rejissoru Günay Səttar, quruluşçu rejissorlar Nəsimi Əliyev və Nigar Əliyeva, rəssamı isə Səriyyə Teymurovadır.