Prezident TDT-nin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib Siyasət

Prezident TDT-nin ailə və sosial siyasət sahəsinə məsul qurum rəhbərləri iclasının iştirakçılarına məktub göndərib

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına məktub ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.
Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.

Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaqdır".