

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Estoniyada yaşayan həmyerlimiz, Azərbaycan mədəniyyətini Avropada yüksək səviyyədə təbliğ edən rəssam Rövşən Nur olub.
O, ata-baba yurdu Göyçə mahalından, Basarkeçər rayonunun Nərimanlı kəndindən danışıb. Bildirib ki, keçmiş SSRİ rəhbəri İosif Stalinin bədnam qərarı ilə 1948-1953-cü illərdə soydaşlarımız Qərbi Azərbaycandakı tarixi torpaqlarından zorla deportasiya olunublar. O dövrdə bu, könüllü köçürülmə kimi qələmə verilsə də, əslində, azərbaycanlılar heç bir ciddi əsas olmadan, sadəcə azərbaycanlı olduqlarına görə doğma el-obalarından didərgin salınıblar. Belə tale yaşayanlardan biri də Nərimanlı kəndində dəyirmançı kimi tanınan Oruc kişinin ailəsi olub. Onlar əvvəlcə indiki Göygöl rayonuna köçüb, daha sonra Goranboy və Mingəçevirdə məskunlaşıblar.
R.Nur tarixi vətəni Göyçə barədə ilk təəssüratlarının nənəsinin, valideynlərinin söhbətlərindən formalaşdığını dilə gətirib. Qeyd edib ki, hələ uşaq yaşlarında bu təəssüratların təsiri altında heç vaxt üzünü görmədiyi Göyçə gölünün rəsmini çəkib, onun gözəlliyini əks etdirib. Müsahib nənəsinin söhbətləri əsasında soydaşlarımızın başına gətirilən müsibətlərə də toxunub. Deyib ki, ermənilər nənəsinin gözü qabağında qardaşlarını öldürüblər. Deportasiyaya məruz qalan ailə pərən-pərən düşüb, çox acınacaqlı tale yaşayıb.
Rəssam R.Nur vaxtilə Estoniyaya ali təhsilini davam etdirmək üçün gəldiyini, təhsilini başa vurduqdan sonra isə burada yaşamaq və yaratmaq qərarına gəldiyini söyləyib. O, Estoniyada Azərbaycan mədəniyyətini təbliğ etdiyini, Qərbi Azərbaycan adət-ənənələrini yaşatdığını, Estoniyada özünə aid rəsm qalereyasında Azərbaycana həsr olunan sərgilər təşkil etdiyini, əslən Qərbi azərbaycanlı uşaqlara rəssamlıq və xalçaçılığın sirlərini öyrətdiyini bildirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.