“Bu, Azərbaycan xalqını növbəti dəfə ələ salmaqdır” Siyasət

“Bu, Azərbaycan xalqını növbəti dəfə ələ salmaqdır”

Akif Nağı: "Onlar bununla hamımızı təhqir edirlər"


"Erməni deputatların sentyabrın 20-də Bakıya gələrək burada toplantıda iştirakı Azərbaycan xalqını növbəti dəfə ələ salmaqdır". Bunu Qarabağ Azadlıq Təçkilatının (QAT) lideri Akif Nağı deyib. Onun sözlərinə görə, erməni nümayəndələr sentyabrın 20-də Bakıda keçiriləcək Avronest parlament assambleyasının iclasında iştirak etmək istədiklərini bildiriblər: "Ermənilər bununla Azərbaycan xalqını növbəti dəfə ələ salırlar, demək istəyirlər ki, torpaqlarınızı işğal etmişik, körpələrinizi qətlə yetirmişik, qız-gəlinlərinizi əsirlikdə saxlayırıq və bütün bunlara baxmayaraq, heç nə olmamış kimi evlərinizə qonaq gəlirik. Onlar bununla hamımızı təhqir edirlər. Özünüzü təhqir olunmuş hiss edirsinizsə, boş dayanmayın, iş görün". A.Nağı əlavə edib ki, Qarabağ Azadlıq Təşkilatı olaraq həmişə əllərindən gələni ediblər, bu dəfə də edəcəklər: "İlk olaraq Xarici İşlər Nazirliyi qarşısında etiraz aksiyalarına başlamağı təklif edirik ki, erməni nümayəndələrin Bakıya gəlməsinə imkan verməsinlər. Bu etirazlara baxmayaraq, gəlsələr, tədbirin keçiriləcəyi ərazidə aksiyalara start veriləcək. Buyurun, başlayın, ya özünüz hərəkət edin, ya da gəlin birlikdə hərəkət edək".