"Parlament seçkilərindəki məğlubiyyət Paşinyan və komandası üçün yalnız siyasi məğlubiyyət olmaya bilər” Siyasət

"Parlament seçkilərindəki məğlubiyyət Paşinyan və komandası üçün yalnız siyasi məğlubiyyət olmaya bilər”

Ermənistan baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışı zamanı qeyd edib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanılacaq. Baş nzirin sözlərinə görə, bütün detallar bu ilin sonuna qədər müzakirə olunmalı, bütün plan gələn ilin birinci yarısında kağız üzərində təqdim edilməli, tikinti işlərinə isə 2026-nın ikinci yarısında başlamaq planlaşdırılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək. Paşinyanın prosesi bu qədər uzatmasının səbəbi nə ola bilər? Baş nazir nədən işlərə 2026-cı ilin əvvəlində deyil, məhz 2-ci yarısından start veriləcəyini bildirir? Məsələyə münasibət bildirmək üçün politoloq Bakir Həsənbəyliyə müraciət etdik.

Politoloq bildirdi ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizinin açılması ilə bağlı həssaslıq nümayiş etdirməsi ölkədaxili 5-ci kolon və kilsə amili ilə bağlıdır. Ölkə xaricində isə Rusiya və İranın mövqeyini gözardı etmələri mümkün deyil. Rusiyanın son günlər üçtərəfli bəyanatın müddəalarını davamlı olaraq gündəmə gətirməsini təsadüfi hadisə hesab etmək olmaz.

Əslində Rusiya bu mövqeyi ilə mesaj verir. Ukrayna labirintinə rəğmən Zəngəzur dəhlizindən pay almağda hələ də maraqlı olduğunu göstərir. Bu dəhliz Rusiya üçün əlavə nəfəslik ola bilər. AB tərəfindən tətbiq olunan 19 sanksiya paketi bu ölkənin iqtisadiyyatının çökdürülməsi istiqamətində atılan ən ciddi addımdır. Rusiya əlavə ticarət dəhlizlərini özü üçün xilas kodeksi kimi görür. İrana gəldikdə isə Rusiya ilə eyni siyasi aqibəti yaşayan bu ölkənin Zəngəzur dəhlizinə həssaslığının əsasında məhz türk bilriyi amili durur. İran bilir ki, dəhlizin açılması reginoda dəngələri kardinal şəkildə dəyişəcək. Və yeni formatda İran olmayacaq. Ermənistan baş nazirinin ölkə daxilinə hesablanmış narahatlığına gəldikdə isə bu da səbəbsiz deyil. Kilsə və 5-ci kolon Rusiya xüsusi xidmət orqanlarının təsiri altındadır. Hər hansı bir yanlışılq ölkədaxili problemin münaqişəyə çevrilməsinə səbəb ola bilər.

Məhz ona görə də Paşinyan bütün bu amilləri nəzərə alaraq, kifayət qədər ehtiytlı və korrekt hərəkətə üstünlük verir. Çünki onu 7 ay sonra ciddi proses gözləyir. 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindəki məğlubiyyət Paşinyan və komandası üçün yalnız siyasi məğlubiyyət olmaya bilər. Məğlubiyyət mövcud komandanın azadlıqları və həyatları üçün də ciddi təhlükənin ola bilməsi anlama gəlir. Bu hal heç də, Ermənistan siyasəti üçün yad deyil.

Cavid