“ABŞ dominant, Rusiya güclü” Gündəm

“ABŞ dominant, Rusiya güclü”

“Ukrayna müharibəsində dominant tərəf ABŞ, amma Rusiyanın gücü hələ də böyükdür”

Bunu politoloq Tofiq Abbasov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə yaxın günlərdə Kiyev-Vaşinqton görüşü uzun çəkməyəcək, çünki hər iki tərəfin gözləntiləri və məqsədləri artıq açıqdır: “Donald Trump üçün əsas məsələ müharibənin tezliklə başa çatmasıdır. O söz verib ki, bu müharibənin sonuna çıxacaq və bu, onun prioritetidir. Zelenski isə ərazi məsələlərində güzəştə getməmək prinsipi ilə müharibəni davam etdirməyə israrlıdır və bunun üçün maliyyə dəstəyinə ehtiyacı var. Lakin mənim fikrimcə, Trump ona bu dəstəyi verməyəcək. Bu səbəbdən görüş uzun çəkməyəcək və Trump ultimatum xarakterli tələblərini irəli sürəcək. İlin sonuna qədər nəticə göstər, yoxsa əlavə dəstək olmayacaq.
Avropa ittifaqı, xüsusilə Böyük Britaniya, Kiyev üçün dəstək əldə etməyə çalışır, amma ABŞ prezidentinin mövqeyi dəyişməz qalacaq.Trump hər zaman dünyanın dominant dövlətidir və onun dedikləri qanun kimi qəbul edilməlidir. Ukraynanın müharibəni davam etdirmək imkanları gündən-günə məhdudlaşır, Rusiyanın hücum potensialı isə böyükdür. Hazırda tərəflər arasında imkan və resurs baxımından ciddi fərq var. Rusiyanın gücü onu diktəedici tərəf kimi ortaya çıxarır, ABŞ isə dolayısı ilə bu prosesi dəstəkləyir”.

Tofiq Abbasov vurğulayıb ki, gələcəkdə münaqişənin gedişatı ABŞ və Rusiyanın siyasi və hərbi imkanlarından asılı olacaq: “Ukrayna hərbi və maliyyə baxımından tədricən məhdudlaşır. Bunun fonunda dominant tərəf ABŞ olsa da, Rusiyanın potensialı hələ də nəticələri müəyyən edən əsas faktordur”.

Günel Elxan