Aİ-Ermənistan sazişində ikili standart Siyasət

Aİ-Ermənistan sazişində ikili standart

Avropa İttifaqının Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yanaşması Moldova, Gürcüstan və Ukrayna münaqişələrinə nümayiş etdirdiyi mövqeyindən fərqlənir.
13 oktyabr tarixində Avropa Birliyi və Ermənistan respublikası arasında noyabr ayında imzalanacaq hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq müqaviləsinin mətni açıqlanıb. Gözlənildiyi kimi razılaşmada digər məsələlərlə yanaşı Qarabağ münaqişəsinə də toxunulur.
Razılaşmanın mətnində qeyd edilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və üzünmüddətli həlli üçün Ermənistanın öhdəliyinin əhəmiyyətini və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən aparılan danışıqlar çərçivəsində münaqişənin həllinə mümkün qədər tez nail olma zərurətini qəbul edir. Daha sonra qeyd edilir ki, münaqişənin həlli BMT nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış məqsəd və prinsiplər əsasında, xüsusilə də güc təhdidi və ya tətbiqindən qaçınmaqla, dövlətlərin ərazi bütövlüyü, xalqların bərabərhüquqlu və öz müqqəddəratını təyinetmə prinsipləri əsasında, həmçinin Avropa İttifaqının münaqişənin həllində öz üzərinə götürdüyü öhdəliklər nəzərə alınmaqla həll edilməlidir.
Ermənistan-Avropa Birliyi yeni razılaşma mətninin siyasi hissəsi öz tərkibi və quruluşu ilə Moldova və Gürcüstanla Avropa Birliyi arasında Assosasiya razılaşmalarına çox oxşardır. Buna baxmayaraq bu iki ölkənin Assosasiya müqavilələri və Ermənistanla razılaşmanın siyasi hissəsində dəqiq olan bir fərq vardır. Gürcüstan və Moldovanın assosasiya müqavilələrində bu ölkələrin münaqişəsinin həlli üçün əsas prinsip yalnız ərazi bütövlüyü olaraq qeyd edilir, ancaq millətlərin öz müqqəddəratını təyinetmə haqqında heç bir söz yoxdur. Ermənistanla razılaşmada isə ərazi bütövlüyü ilə yanaşı həm də millətlərin öz müqqəddəratını təyinetmə prinsipindən danışılır.
Əlavə olaraq Moldova və Gürcüstanla, istərsə Ukrayna ilə assosasiya müqaviləsində qeyd edilir ki, tərəflər müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qorunmasına sadiqdirlər. Assosasiya müqaviləsi hazırlandıqdan sonra Ukrayna münaqişəsi başlamış olsa da, Aİ-nin Ukrayna ərazisinin bütövlüyünü açıq şəkildə qoruduğu sirr deyil. Ermənistanla razılaşmada ərazi bütövlüyü əsas şərt olaraq göstərilmir. Bu formul bir daha göstərir ki, Qarabağ münaqişəsinə Aİ yanaşması Aİ-nin Moldova, Gürcüstan və Ukraynadakı münaqişələrlə bağlı mövqeyindən fərqlənir.