12:03
210
“Son bir neçə ay ərzində Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında TRİPP layihəsinin icrası istiqamətində hazırlıq işləri ilə bağlı danışıqlar keçirilirdi”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu layihə - 42 km-lik hissə Ermənistan ərazisindən keçir: “Eyni zamanda bu dəmiryolunun giriş və çıxış nöqtəsi Ermənistan-Azərbaycan sərhədində qurulub. Bu layihənin icrası yaxınlaşdıqca, burada çox təbii şəkildə bir sual yarandı ki, Azərbaycan tərəfi ilə mütləq bunun texniki göstəriciləri uzlaşdırımalı və razılaşdırılmalıdır. Amerika Birləşmiş Ştatlarının təşəbbüsü əsasında belə bir birgə texniki işçi qrupunun təsis edilməsi barədə bir razılıq əldə edilmişdi və 6 noyabr tarixində də buna start verildi”.
Nazirin sözlərinə görə, əsas texniki işçi qrupun işi iki istiqamət üzrə nəqliyyat istiqamətində - həm avtomobil yolu, həm də dəmir yolu ilə bağlı, eyni zamanda elektrik kabel layihəsi ilə bağlı texniki parametrlərin uzlaşdırılması, görüləcək bu işlərin, yəni bağlantılarının təmin edilməsindən ibarətdir.
“Azərbaycan Respublikası öz ərazisində demək olar ki, nəqliyyatla bağlı layihələri - həm avtomobil, həm də dəmir yolları ilə bağlı işləri tamamlamaq üzrədir. Dəmiryolu layihəsinin isə Ermənistan sərhədinə çatdırılması istiqamətində işlər sürətlə inkişaf edir və gələn ilin əvvəlində bu proses başa çatır”, - Ceyhun Bayramov əlavə edib.