Avstraliya üç İsrail vətəndaşına və dörd təşkilatına qarşı sanksiya tətbiq edib Dünya

Avstraliya üç İsrail vətəndaşına və dörd təşkilatına qarşı sanksiya tətbiq edib

Avstraliya çərşənbə günü İsrailin üç vətəndaşına və dörd təşkilatına qarşı sanksiyalar tətbiq edib, onları yaşayış məntəqələrinin genişləndirilməsində və "İordan çayının qərb sahilində məskunlaşanların zorakılığını dəstəkləməkdə" ittiham edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Məhdudiyyətlərə Daniella Vays, İtamar Yequda Levi və Eliav Libi, eləcə də "Amana", "Nachala", "HaShomer Yosh" təşkilatları və "Eyal Hari Yehuda Company" tikinti şirkəti məruz qalıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, yaşayış məntəqələrinin genişləndirilməsi və məskunlaşanlar tərəfindən törədilən zorakılıq iki dövlətin yaradılması perspektivlərini sarsıdır. O, həmçinin tənqidçilərin fikrincə, Qərb Sahilinin ərazi bütövlüyünü poza biləcək E1 rayonundakı tikinti layihəsindən narahatlığını ifadə edib.

Vonq qeyd edib ki, Avstraliya ilk dəfə olaraq İsrailin tikinti şirkətini sanksiya siyahısına daxil edib. Daha əvvəl Böyük Britaniya da İsrail strukturlarına qarşı analoji məhdudiyyətlər tətbiq etmişdi. Avstraliyada sanksiya rejiminin pozulması 10 ilədək azadlıqdan məhrumetmə və iri məbləğdə cərimələrlə nəticələnə bilər.

Məryəm Quliyeva