ING: Azərbaycanın kredit reytinqləri investisiya səviyyəsində möhkəmlənib İqtisadiyyat

ING: Azərbaycanın kredit reytinqləri investisiya səviyyəsində möhkəmlənib

Azərbaycanın suveren kredit reytinqləri investisiya səviyyəsində möhkəm mövqe tutur və ölkənin kredit göstəriciləri ilə bağlı ümumi qiymətləndirmə müsbətdir.

“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ING bankının 17 noyabr 2026-cı il tarixli Mərkəzi Asiya və Qafqaz regionuna dair makroiqtisadi və kredit hesabatında bildirilib.

Bankın analitikləri qeyd edirlər ki, Azərbaycanın fundamental kredit göstəriciləri ümumilikdə müsbətdir. Ölkənin suveren reytinqləri investisiya səviyyəsində möhkəm mövqe tutur, “Moody's” beynəlxalq reytinq agentliyi isə Azərbaycan üzrə “müsbət” proqnozunu saxlayır.

ING-nin qiymətləndirməsinə görə, yüksək enerji qiymətləri Azərbaycanın dövlət maliyyəsinə və xarici iqtisadi göstəricilərinə müsbət təsir göstərir. Bu baxımdan ölkə enerji qiymətlərindəki artımdan əhəmiyyətli fayda əldə edə bilər.

Hesabatda Ermənistanla davam edən sülh prosesinin də Azərbaycanın kredit perspektivləri üçün əlavə müsbət amilə çevrilə biləcəyi vurğulanır.

Bankın analitikləri hesab edirlər ki, son illərdə bu istiqamətdə əldə olunan irəliləyişlər nəzərə alınmaqla, sülh prosesi ölkənin suveren kredit göstəricilərini dəstəkləyə bilər.

ING, həmçinin Azərbaycanın böyük suveren maliyyə aktivlərini, aşağı dövlət borcunu və güclü xarici iqtisadi mövqeyini ölkənin maliyyə dayanıqlığını təmin edən əsas amillər kimi qiymətləndirir.