Media kapitanları KİVDF-nin 9 illik fəaliyyətini yüksək qiymətləndirdilər Siyasət

Media kapitanları KİVDF-nin 9 illik fəaliyyətini yüksək qiymətləndirdilər

Məlum olduğu kimi, 2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdən ibarətdir. 2009-cu il aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Bu gün Fondun fəaliyyətə başlamasından 9 il keçir. Elə biz də ölkənin aparıcı qəzetlərinin baş redaktorları ilə söhbətdə Fondun 9 illik fəaliyyətinə işıq tutmağa çalışdıq.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qeyd edir ki, KİVDF Azərbaycan mətbuatının xilas kəməridir:
- KİVDF fəaliyyətə başladığı ilk gündən Azərbaycanın yazılı mediası üçün xilas kəməri rolunu oynayıb. Onun yaranması Azərbaycanda (dünya çapında da belədir) çətin günlər yaşayan "print-media"ya böyük dəstək oldu. KİVDF Azərbaycanda fəaliyyət göstərən ən şəffaf və nümunəvi qurumlardan biridir. Onun fəaliyyəti və Fondun vəsaitlərinin xərclənməsi həm media ictimaiyyətinin, həm də cəmiyyətin ikiqat monitorinqi altında həyata keçirilir.
KİVDF yazılı mətbuatla ölkə iqtidarı, ən əsası da, Prezident arasında uğurlu əməkdaşlıq platformalarından biridir. Dövlətin media siyasətində önəmli yerlərdən birini tutan KİVDF təkcə hüquqi şəxs olan KİV-lər üçün deyil, həm də Azərbaycan jurnalistləri üçün önəmli təsisatdır. Fond jurnalistlərin maddi rifahının, onların mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tətbiq olunan dövlət siyasətinin həyata keçirilməsində uğurla fəaliyyət göstərir. Jurnalistləri yaradıcılığa və araşdırmalara həvəsləndirən müsabiqələrin təşkili, dövlət qurumlarına və icra hakimiyyətinə rəhbərlik edən məmurlarla KİV təmsilçilərinin görüşlərində vasitəçi rolunu oynaması, hətta media ilə konfliktdə olan vəzifəli şəxslərin görüş və müzakirələrinin təşkili KİVDF-nin fəaliyyətinin yüksək standartlar əsasında təşkilinin sübutlarıdır.
"Yeni Müsavat" qəzetinin hazırda mövcudluğunu və çapını davam etdirməsində KİVDF-nin və Fond üzərindən həyata keçirilən mediaya dəstək siyasətinin böyük rolu var. Hər ay düzənli şəkildə, unikal media qrantı sayılan vəsaitlərin hesabımıza daxil olması baş verməsə, Azərbaycanın çap mediasının ən yaşlılarından sayılan "Yeni Müsavat" qəzetinin fəaliyyət göstərməsi sual altına düşər. Bu və qəzetimizin indiyə qədər 7 əməkdaşının evlə təmin olunması, prosesin hələ də davam etməsi nöqteyi-nəzərindən, KİVDF ümumi qaydada Azərbaycan mediasının, subyekt halında isə, "Yeni Müsavat" qəzetinin taleyində önəmli rol oynayır. KİVDF-nin yaranmasının 9-cu ildönümü münasibəti ilə, başda hörmətli Vüqar Səfərli olmaqla, Fondun bütün çalışanlarını, o cümlədən Azərbaycan jurnalistlərini təbrik edirəm.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirir:
- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması mətbuat tariximizin ən önəmli hadisələrindən biridir. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və Fondun yaradılması ilə Azərbaycan dövlətinin mətbuata diqqət və qayğısı konseptual və ardıcıl xarakter aldı, konkret strateji istiqamətlər üzərindən öz məqsədlərinə doğru irəliləməyə başladı. Bu 9 il ərzində Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qarşısına qoyulan vəzifələri yüksək peşəkarlıqla və məsuliyyətlə icra edib. Bu özünün bir çox istiqamətlərdə büruzə verib. Bu sırada çap mediasına verilən dəstək, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalsitlərin sosial problemlərinin həlli, dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında etimadlı münasibətlərin qurulmasını qeyd etmək olar. Fondun 9 il ərzində gördüyü işlərin siyahısı o qədər genişdir ki, bu haqda ətraflı danışmaq üçün xeyli vaxt lazımdır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəqliyyətini yüksək dəyərləndirirəm və hesab edirəm ki, bu, müstəqillik tariximizin ən uğurlu layihələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun dəstəyi olmasaydı ölkəmizdə işıq üzü görən bir çox gündəlik mətbuat orqanları kimi "Xalq Cəbhəsi" qəzetinin də ardıcıl işıq üzü görməsi sual altına düşə bilərdi. Bu bağlamda daha bir məqama diqqət çəkmək istəyirəm və bunu etiraf etməkdən çəkinmirəm. Məhz Fondun layihələrində iştirakımız və Fondun tələbkar münasibəti nəticəsində qəzetimizdə sənədləşmə işini, eləcə də idarəetmə ilə bağlı digər məsələləri demək olar ki, bir çox digər sahələrdə fəaliyyət göstərən qurumların qibtə edə biləcəyi bir səviyəyə çatdıra bilmişik. Bu, çox vacib amildir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılmasının 9-cu ildönümü münasibətilə Fondun icraçı direktoru Vüqar Səfərlini, Müşahidə Şurasının üzvlərini, Fondun əməkdaşlarını və təbii ki, özüm də daxil olmaq şərti ilə bütün media cameəsini təbrik edir, hər birinə möhkəm cansağlığı, işlərində uğurlar arzulayıram.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edir:
- KİVDF-nin yarandığı ərəfədə beynəlxalq dairələr, maliyyə mərkəzləri Azərbaycanda müxtəlif media orqanlarını, xüsusilə çap medianı, eləcə də jurnalistləri dolayı yolla ələ almağa, öz təsir dairələrinə salmağa, onların köməyi ilə ölkədə mənafelərinə xidmət edən informasiya kursu aparmağa cəhd edirdilər. Bunun artıq ilkin əlamətləri özünü göstərməyə başlamışdı. Dünyada müxtəlif dövlətlərin informasiyalarının idarə olunması ilə ölkələrin daxili işlərinə müdaxilə texnologiyaları da işə salınırdı. Belə bir şəraitdə çox vacib idi ki, Azərbaycanın mediasına dövlətin maliyyə dəstəyi mexanizmləri planlı şəkildə işə salınsın. Bununla da mediamız ziyanlı təsirlərə düşməkdən xilas olunsun. Bu nöqteyi-nəzərdən KİVDF çox vacib bir dövlətçilik missiyasını yerinə yetirdi və mediamıza dövlətin maliyyə dəstəyinin qanuni mexanizmlərini tətbiq etməklə əslində, medamızı və ayrı-ayrı jurnalistləri beynəlxalq şübhəli dairələrin təsiri altına düşməkdən xilas etdi.
Eyni vaxtda həm qəzetlərin, həm də jurnalistlərin vəziyyəti yaxşılaşmağa başladı. Bu mexanizmin təsiri altında bu gün bizim mediamız daha çox dövlətçilik mövqeyindədir. Bu gün də dövlətçilik mövqeyindən öz dəstəyini verməklə xarici qüvvələrin təsirinin qarşısının alınmasına dəstək verir. Bir sözlə, KİVDF yaranmasaydı, bu gün media orqanlarının böyük bir hissəsi fəaliyyətini dayandıra bilərdi, yerdə qalan hissəsi isə müxtəlif beynəlxalq mərkəzlərin təsirinə düşərək ziyanlı bir tendensiya altında fəaliyyət göstərmiş olardılar. Təkcə bu iki təhlükənin qarşısının alınması, KİVDF-ni dövlətçilik sistemində ideal bir tapıntı olan struktura çevirir. "Bakı-Xəbər" qəzeti KİVDF yarandığı gündən həm Fondun altı aylıq müsabiqələrində iştirak edir, həmçinin də, jurnalistlərimiz Fondun il ərzində həyata keçirdiyi yazı müsabiqəsində fəal iştirak edirlər. Fondun bu istiqamətdə media orqanları üçün açdığı imkanlardan jurnalistlər öz istedadları çərçivəsində yararlana bilirlər. Məncə, KİVDF-nin fəaliyyətinə Azərbaycanın dövlətçilik sistemində hələ uzun müddət ehtiyac oalcaq. Çünki, hələ də bizim informasiya orqanlarımızı xaricdən təsir dairəsinə salmaq istəyən qüvvələrin planları ortadan çıxmayıb, onlar uzun müddət fəaliyyət göstərəcəkdi".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirir:
-Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan dövlətinin mətbuata yardımını təmin edən qurumdur. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası məhz fond vasitəsilə icra olunur. Artıq 9 ildir ki, yazılı mətbuat fonddan davamlı yardım alır. Birmənalı şəkildə demək olar ki, əgər KİVDF olmasaydı, bu gün yazılı mətbuatın ayaqda durması çox çətin olardı. Fondun ayırdığı yardım təkcə yazılı mətbuatın ayaqda durmasını təmin etmir. Həm də ciddi nəzarət altında həyata keçirilən layihələr çərçivəsində mətbuat o qədər də populyar olmayan, kommersiya baxımdan gəlir vəd etməyən, amma ölkənin və xalqın gələcəyi üçün vacib olan mövzuları diqqət mərkəzində saxlayır.
KİV DF-nin ildə üç dəfə keçirdiyi fərdi jurnalist müsabiqələri isə sıravi jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasında, yaradıcı fəaliyyətlərinin stimullaşdırılmasında müstəsna əhəmiyyətə malikdir. Xüsusilə də yaxşı qələmi, istedadı olan jurnalistlər il ərzində 1-2 dəfə bu müsabiqələrin qalibi ola bilirlər.
KİV DF həm də müxtəlif dövlət qurumları, nazirliklər, komitələr, icra hakimiyyətləri ilə mətbuat arasında körpü rolunu oynayır. Mütəmadi olaraq fond və dövlət qurumları arasında müsabiqələr təşkil olunur, jurnalistlər mükafatlandırılır.
Fond xarici ölkələrin media sahəsindəki təcrübələrinin öyrənilməsi işinə də töhfə verməyə çalışır. İldə azı 1 dəfə media rəhbərlərinin xarici ölkələrə səfərləri təşkil olunur.
Bütün bunlar təbii ki, KİV DF-nin Azərbaycanın yazılı mətbuatının fəaliyyətində müstəsna rolunu göstərir. Ümid edirəm ki, bu rol zaman keçdikcə daha da artacaq və təkmilləşəcək.
"Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi isə bildirir:
- Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasirtələrinə Dövlət Dəstəyi Fondu dövlət başçısının təsdiqlədiyi konsepsiyaya uyğun olaraq yaradılıb. Belə bir Fondun yaradılması təklifini bir çox jurnalistlər və jurnalist təşkilatları çoxdan irəli sürürdü. Bu təklif nəzərə alındı. Konsepsiya qəbul edildi, Fond yaradıldı. Artıq neçə illərdir ki, mətbuat orqanları təqdim etdikləri layihələri Fondun maliyyə dəstəyi ilə həyata keçirirlər.
"Bizim Yol" qəzeti də bu mətbu orqanlar sırasındadır. Eyni zamanda Fondun keçirdiyi, yaxud müxtəlif dövlət qurumları ilə birlikdə təşki etdiyi yazı müsabiqələrində bizim də jurnalistlərimiz iştirak edir. Əlbəttə, medianın indiki çox ağır durumunda Fondun ayırdığı vəsaitin əhəmiyyəti böyükdür. Mən bundan sonra da KİVDF-yə uğurlar arzulayıram! Ümid edirəm ki, Fondun bundan sonrakı fəaliyyəti daha səmərəli olacaq.
Fonddan maliyyə dəstəyi almayan qəzetlər sırasında yer alan İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə aşağıdakıları bildirib:
- KİVDF-nin yaranması Azərbaycan mətbuat tarixində mühüm bir hadisədir. Fondun yaranması, müstəqil mətbuatın inkişafına böyük töhфələr verib. Artıq Fond yarandığı gündən bizi 9 illik bir zaman ayırır. Bu qədər zamanda qəzetlərə maliyyə dəstəyi, yazı müsabiqələrinin təşkili, birgə layihələrin keçirilməsi Fondun nə qədər əhəmiyyət kəsb etdiyini ortaya qoyur.
KİVDF bu gün cəmiyyətdə media sahəsində ən nüfuzlu təşkilatlardan biridir. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılmasının əsas məqsədi də azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin, məişət şəraitinin yaxşılaşdırılmasına xidmət göstərməkdir. Fondun yaranmasının 9 illiyi münasibətlə Fondun rəhbərliyini, əməkdaşlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram. Mənim baş redaktrou olduğum "İki sahil" qəzetinin təsisçisi dövlət qurumu olduğundan qəzetlərə maliyyə yardımı ilə bağlı 6 aylıq müsabiqələrdə iştirak etməsək də, qəzetimizin əməkdaşları fərdi jurnalist yazı müsabiqələrində fəal iştirak edirlər. Fondun yazı müsabiqələrinə ən çox yazı verən, qalib olan jurnalistlər arasında bizim əməkdaşlarımız da var.
"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova bunları qeyd edir:
- Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu artıq 9 ildir ki, media ailəsinin ən aparıcı və tənzimləyici üzvüdür. Fürsətdən istifadə edərək bir daha bu münasibətlə Fondun rəhbərliyini və kolleкtivini təbrik edirəm. Təbii ki, dövlətimiz hər zaman medianın inkişafı və dayanıqlı fəaliyyət göstərməsi istiqamətində mühüm qərarlar qəbul edir və zəruri addımlar atır. Bu işlər isə bilavasitə məhz Fond tərəfindən həyata keçirilir.
Sirr deyil ki, Azərbaycanda çap mediasının ayaqda durmasının və yaşamasının əsas amillərindən biri məhz Fondun son 9 ildə göstərdiyi yardımlar və dəstəkdir. Bu dəstək nəticəsində biz imkanlarımız daxilində Azərbaycanın haqq səsini dünyaya çatdırır, cəmiyyətimizi düşündürən məsələlərlə bağlı analitik materiallar hazırlayaraq Azərbaycan vətəndaşını maarifləndirmək missiyasımızı uğurla həyata keçiririk. Jurnalistlərin sosial və maddi durumlarının yaxşılaşdırılması işində KİV DF-nin rolu isə artıq hər kəsə məlumdur. İl ərzində bir neçə dəfə yaradıcılıq müsabiqələrinin təşkili, Prezidentin şəxsi təşəbbüsü ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binalarının tikilərək təmənnasız şəkildə media nümayəndələrinə paylanılması işinin şəffaf bir şəkildə həyata keçirilməsi Fondun peşəkar fəaliyyətinin nəticəsidir.
"Həftə içi" qəzeti Fond yarandığı gündən bu qurumla sıx əməkdaşlıq edən mətbuat orqanlarından biridir. Təbii ki, bu əməkdaşlıq ilk növbədə redaksiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın məvaciblərinin qaldırılması, bölgələrə çıxış imkanlarımızın genişlərindirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Artıq 9 ildir ki, Fondun dəstəyi ilə müxtəlif sahələrlə bağlı layihələr həyata keçirik. Bu layihələr nəticəsində həmin sahələrdən yazan peşəkar kollektiv də formalaşdıra bilmişik. Son bir neçə ildə çap xərclərinin artması ilə bağlı yaranmış çətinliklərinin aradan qaldırılması, bu proseslərin əməkdaşlarımızın maddi durumlarına təsirini minimuma endirmək baxımından da Fondun dəstəyini yüksək qiymətləndiririk. Qəzetimiz üçün Fondla əməkdaşlığın digər mühüm cəhəti isə bu qurumun il ərzində bir neçə dəfə mətбuat cameəsini bir yerə toplaması, jurnalistlərin müxtəlif ölkələrə və respublikamızın bölgələrinə səfərlərini təşkil etməsidir. Məhz bu tədbirlər nəticəsində digər həmkarlarımızla qurulan əlaqələr daha da genişlənir və media ilə bağlı üzləşdiyimiz problemlərin həlli istiqamətində həmkarlarımızın dəyərli fikirlərini, təkliflərini dinləmək imkanı da qazanırıq.
"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev bildirir:
- Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycanın mətbuat tarixində xüsusi bir hadisə oldu. Fondun yaradılması nəticəsində dövlətin Kütləvi İnformasiya Vasitələrinə göstərdiyi dəstək daha sistemli, ardıcıl, davamlı həyata keçirilməyə başladı. Dövlətin ayırdığı vəsaitin KİV-lər arasında bölgüsünü həyata keçirən KİVDF daimi olaraq obyektivliyini qoruya bildi. Məhz bu vəsaitlərin hesabına mətbuat orqanlarının maddi-texniki bazası möhkəmləndi, jurnalistlərin peşəkarlıq səviyyəsi daha da yüksəldi.
Fond qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədilə ildə 2 dəfə müsabiqə elan edir, 3 dəfə isə jurnalist yazıları müsabiqələri təşkil edir. Mən də ekspert kimi, ayrı-ayrı vaxtlarda bu müsabiqələrə təqdim olunan yazılarla tanış olmuşam. Müsabiqə yazılarının ildən-ilə daha peşəkar səviyyədə yazılması sübut edir ki, KİVDF-nin belə müsabiqələri jurnalistlər üçün müstəsna əhəmiyyətə malikdir. Paralel olaraq bu müsabiqələr jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına da müsbət təsir edir. Fondun ayrı-ayrı nazirliklər, komitələrlə, paytaxt rayonlarının иcra hakimiyyətləri ilə birgə yazı müsabiqələri, respublikanın rayonlarında təşkil etdiyi konfranslar idarəetmə strukturları ilə KİV-lər arasında şəffaf münasibətlərin yaranmasına səbəb oldu. Fond bu illərdə həm də ölkə jurnalistlərinin beynəlxalq təcrübə ilə yaxından tanışlığı üçün çoxsaylı tədbirlər, xarici səfərlər həyata keçirib. Bu səfərlər həmin ölkələrin aparıcı qəzetlərinin, televiziya və radiolarının fəaliyyəti ilə yaxından tanışlıq imkanı yaradıb ki, bu da təcrübə mübadiləsi üçün çox vacibdir.
KİVDF-nin yaradılması və həyata keçirdiyi layihələr, konkret olaraq, rəhbərlik etdiyim "Palitra" qəzetinin öz fəaliyyətini davam etdirməsi üçün həlledici rol oynayır. Jurnalistlərimizin yazı müsabiqələrində iştirakı və müxtəlif yerlər tutması, nəticədə mükafatlar almaları onların sosial vəziyyətlərini xeyli yaxşılaşdırıb. Bunun nəticəsidir ki, onlar hər dəfə daha həvəslə fərdi jurnalist yazı müsabiqələrində iştirak edirlər. Prezidentin təşəbbüsü ilə jurnalistlər üçün inşa edilən mənzillərdən 4-ü də bizim redaksiya əməkdaşlarının payına düşüb ki, bunun mənəvi dəyərini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Fond yarandığı dövrdən indiyədək qəzetlər üçün həyata keçirilən layihələrdən "Palitra" qəzeti də yararlanıb.Etiraf etmək lazımdır ki, məhz həmin layihələrə ayrılan vəsaitin hesabına fəaliyyət göstərə bilirik. Ümid edirik ki, hələ uzun illər KİVDF mövcud olacaq və bu qurumun dəstəyi sayəsində KİV-lər fəaliyyətlərini davam etdirəcəklər, Azərbaycan dövlətçiliyinə, milli maraqlarımızın qorunmasına xidmət göstərəcəklər.

Zülfiyyə QULUYEVA
Mövqe.az