“Sanksiyalar Rusiyanın iqtisadi artım tempinə təsir edəcək“ Siyasət

“Sanksiyalar Rusiyanın iqtisadi artım tempinə təsir edəcək“

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar konkret şəxslərə aid olmaqla siyasi format daşısa da, əslində Rusiyanın biznes dairələrinə, xüsusilə də Rusiya şirkətlərindəki tərəfdaşlara və investorlara tətbiq edilən məhdudiyyətlərdir. Bu, Rusiya biznesində fürsətləri və investisiyaları məhdudlaşdırır".
Bunu "Report"a açıqlamasında rusiyalı maliyyəçi Konstantin Korişonko sanksiyaların ölkə iqtisadiyyatına təsirini şərh edərkən deyib.
Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatının artım tempinə təsir edəcək: "Sanksiyalar Rusiya şirkətləri üçün mühafizə növüdür, çünki xarici şirkətlərin ölkədə fəaliyyəti məhdudlaşdırılır. Üstəlik, Deripaska, Vekselberq kimi sahibkarlar aktivlərini milliləşdirməyə məcbur olur, nəticədə sonradan özəlləşdirmə üçün mülkiyyətin şaxələndirilməsi imkanı yaranır. Ümumilikdə isə, sanksiyaların təsiri birmənalı deyil: bir tərəfdən Rusiya iqtisadiyyatının artımı zəifləyibsə, digər tərəfdən "məcburi" struktur islahatları həyata keçirilib, milli biznes dəstəklənib və nəticə olaraq Rusiyanın məcburi şəkildə Şərqə istiqamətlənməsi halında Qərb tərəfdaşları üçün Rusiyada böyük istehlakçı bazarı və xammal mənbəyini itirmək riski yaranıb".